Rəşid Behbudovun mahnıları uşaqların ifasında - Xatirə gecəsindən REPORTAJ

12 Dekabr, 2025 - 17:45
Rəşid Behbudovun mahnıları uşaqların ifasında
Rəşid Behbudovun mahnıları uşaqların ifasında
Rəşid Behbudovun mahnıları uşaqların ifasında
Rəşid Behbudovun mahnıları uşaqların ifasında
Rəşid Behbudovun mahnıları uşaqların ifasında
Rəşid Behbudovun mahnıları uşaqların ifasında
Rəşid Behbudovun mahnıları uşaqların ifasında
Rəşid Behbudovun mahnıları uşaqların ifasında
Rəşid Behbudovun mahnıları uşaqların ifasında
Rəşid Behbudovun mahnıları uşaqların ifasında

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin səhnəsi. Ekranda dünyaşöhrətli Rəşid Behbudovun həyatından müxtəlif anları əks etdirən fotolar, zalda Rəşidin səsi. Dahi sənətkarın ifasında "Azərbaycan" mahnısının sədaları zala yayılır.

Rəşidin xatirə gecəsində

Dekabrın 14-də doğulan Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illik yubileyi uşaqların iştirakı ilə qeyd edilib. “Qəlblərdə yaşayan Rəşid musiqisi” adlı xatirə gecəsinin təşkilatçısı Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi olub. 

Gecənin məşhur qonaqları da vardı. Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri, Əməkdar incəsənət xadimi, müğənni Natəvan Şeyxova, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirli, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Babayeva, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, görkəmli şair Rəsul Rzanın nəvəsi Nigar Hüseynova, bəstəkar Sevinc Tofiqqızı və s. ayrı-ayrı musiqi janrları üzrə dərnəklərin üzvlərinin ifalarından zövq alıblar.

Vətənpərvər ifaçı Rəşid Behbudovu öz mahnılarında yaşadıblar

Rəşid Behbudovun həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişindən sonra səhnə uşaqlara verilib. Mərkəzin gənc vokalçıları və musiqi dərnəklərinin üzvləri sənətkarın repertuarından mahnı və musiqilər səsləndiriblər.
“Azərbaycan” mahnısından sonra sıra “Bakı”ya gəlib. Rəşid Behbudovun repertuarından, sözləri Zeynal Cabbarzadəyə, musiqisi Tofiq Quliyevə məxsus olan "Bakı" mahnısı öncə Rəşid Behbudovun özünün ifasında, sonra müəllim Gülnarə Qurbanovanın rəhbərlik etdiyi "Vokal” dərnəyinin üzvlərinin ifalarında təqdim edilib.

Rəşidin aktyorluq bacarığı 

Uşaqlar Rəşid Behbudovun aktyorluq bacarığından da bəhs edib, film yaradıcılığına öz konsert proqramlarında yer ayırıblar. Rəşid Behbudovun aktyorluq məharətini üzə çıxardan “Arşın mal alan" filminin baş qəhrəmanı Əsgər, Rəşid Behbudovun həyat və yaradıcılığı əsasında qələmə alınan “Bəxtiyar” filmində Bəxtiyar obrazı xatırladılıb və qeyd edilib ki, sənətkarın peşəkarlıqla yaratdığı obrazlar kimi, filmlərdə oxuduğu mahnılar da məşhurlaşıb, ölümsüzləşib. 

"Arşın mal alan" filmindən "Əsgərin mahnısı"nı istedadlı gənc vokalçı Səid İsmayılov, “Bəxtiyar” filmində səslənən “Əziz dost” mahnısını Dadaş Mirzəzadə təqdim edib. Bu dəfə də əvvəlcə Rəşid özü oxuyub, sonra bu mahnıları gələcəyə daşıyacaq uşaqlar, yeniyetmə vokalçılar.

Müəllim çalıb-oxudu, qrupu ona qoşuldu

Daha bir vokalçı Aydan Əliyeva məşhur "Sənə də qalmaz" mahnısını ifa edib. Sonra növbə "Nazəndə sevgilim"ə gəlib. Sözləri İslam Səfərliyə, musiqisi Andrey Babayevə məxsus mahnını mərkəzin "Vokal" dərnəyinin rəhbəri, tədbirin musiqi proqramlarının tərtibatçısı Gülnarə Qurbanova pianoda ifa edərək oxumağa başlayıb. Bu mahnını, deyəsən, uşaqların hamısı sevir. Elə ilk parçadaca vokal qrupun üzvləri özlərini səhnəyə “atıb”, müəllimlərinə qoşularaq gecənin dəvətlilərini Rəşidin sevgi dünyasına səyahətə aparıblar. Müəllim dərnəyin istedadlı üzvləri ilə maraqlı səhnə fəaliyyəti nümayiş etdirərək gecənin iştirakçılarına maraqlı anlar yaşadıb.

Rəşid ənənələrini davam etdirdilər

Məktəblilərin iştirakı ilə keçirilən gecənin sonunda səhnə yenə “Azərbaycan”a verilib. Rəşid Behbudov dünyanın harasında olursa-olsun, konsertlərinə doğma yurdunu vəsf eləyən "Azərbaycan" mahnısıyla başlayar, bu mahnıyla da bitirərmiş. Uşaqlar da bunu yaxşı bildiyindən Rəşid ənənəsinə sadiq qalıblar. Sonda elə Rəşidin özü ilə birlikdə onun "Azərbaycan"ını yenidən ifa edib, gecəni yekunlaşdırıblar.

“Belə tədbirlərin əhəmiyyəti çox böyükdür”

Uşaqların konsert proqramından sonra qonaqlar öz təəssüratlarını bölüşüblər. Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin Tərbiyə məsələləri üzrə iş sektorunun müdiri Qeyrət Şirəliyevin fikrincə, xatirə gecəsi əsl musiqi bayramı olub: “Səhnə kiçik olsa da, fidanlarımız bizə böyük səhnə həyacanı yaşatdılar. Özümüzü böyük səhnə qarşısındaymışıq kimi hiss etdik. 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi təhsil sistemində fəaliyyət göstərən incəsənət yönümlü müəssisələr içərisində lokomotiv, flaqmandır. Onların fəaliyyətində milli-mənəvi dəyərləri hər zaman görürük. Bu istiqamətdə belə tədbirlərin əhəmiyyəti çox böyükdür”. 

Uzun illər Rəşid Behbudovun yaratdığı Mahnı Teatrında çalışan Xalq artisti Natəvan Şeyxova və onun həyat yoldaşı Əməkdar incəsənət xadimi, tanınmış məşhur saksafon ifaçısı Rafiq Seyidzadə uşaqlara heyranlıqlarını bildiriblər. Rafiq Seyidzadə konsertin quruluşunu bəyəndiyini deyib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim, Rəşid Behbudov haqqında ilk tədqiqat işinin müəllifi Məryəm Babayeva tədqiqat işindən danışıb. Tədbiri bəyəndiyini bildirən professor uşaqların bəzilərinin ifalarını xüsusi qiymətləndirib, istedadlı vokalçılardan biri Dadaş Mirzəzadəni müdiri olduğu Estrada sənəti kafedrasında təhsil almaq üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dəvət edib.

“Rəşid Behbudov kimi həm oxuyacaq, həm də yaxşı rollar yaradacağam”

“Azərbaycan müəllimi” xatirə gecəsinin qəhrəmanlarının da təəssüratlarını öyrənib.  
Tədbirdə fərqlənən istedadlı vokalçı Dadaş Mirzəzadə 200 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Artıq 1 ildir ki, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində “Vokal” qrupunda məşğul olur. Dadaş deyir ki, yaşı az olsa da, Rəşid Behbudovu tanıyıb. Onun ifasında sevdiyi bir neçə mahnını evdə həmişə zümzümə edib: ““Bu gün ayın 3-dür”, “Əziz dost” mahnılarını səhnədə də oxudum. “Nazəndə sevgilim” mahnısını çox sevirəm”.

Dadaş gələcəyini musiqidə görür: “İnformasiya texnologiyalarına maraq göstərirdim. Gələcəyimi bu istiqamətdə quracaqdım. Ona görə də musiqiylə məşğul olmamışdım. Amma artıq musiqi ilə maraqlanıram, çox böyük həvəsim olduğundan mərkəzdə dərnəyə qatıldım”.

Gələcəyi ilə bağlı qərarını da dərnəyə gələndən sonra dəyişib: “Rəşid Behbudov kimi həm oxuyacaq, həm də yaxşı rollar yaradacağam. Müəllimimin tövsiyəsi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr fakültəsində təhsil alacağam. Ona görə müəllimimin tövsiyəsi ilə razılaşıram ki, o mənim istedadımı daha yaxşı müəyyənləşdirir. Estrada, vokal və hətta muğam ifaçılığı bacarıqlarım da var. Müəllimim deyir ki, hər birində uğur qazana bilərəm”.

Aydan İsmayılzadə isə 220 nömrəli tam orta məktəb-liseyin VII sinif şagirdidir. Rəşid Behbudov yaradıcılığında sevdiyi çoxlu nümunələr var. Amma o, dahi sənətkarın yaradıcılığına həsr olunan gecədə cəmi bir neçə mahnı ifa edib: “Uşaqlıqda musiqini sevmirdim. Hələ balacaydım, evdə atam musiqi dinləyəndə xoşuma gəlmirdi, ondan musiqinin səsini azaltmağı istəyirdim. Musiqini məktəbdə musiqi dərslərində sevdim. Atam-anam peşəkar olmasa da, hobbi olaraq musiqi sevgimi inkişaf etdirmək istədilər. Araşdıraraq məni 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə yönləndirdilər. Burada misiqi ilə məşğul olmağa, onu daha çox sevməyə başladım. Artıq 4 ildir ki, mərkəzdə Gülnarə Qurbanovanın rəhbərliyi altında musiqi bacarığımı inkişaf etdirirəm”. 

"Milli mədəniyyətimizi, incəsənətimizi yaşatmaq, uşaqlarımızı milli ruhda yetişdirmək üçün belə tədbirlər çox olsun"

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin tədris işləri üzrə direktor müavini, tədbirin quruluşçu rejissoru Kəmalə Əncümənur “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, 1 aydan çoxdur hazırlaşdıqları tədbirin əsas məqsədləri xalq artisti Rəşid Behbudovun 110 illiyinin yüksək səviyyədə qeyd etmək istəyi ilə yanaşı, onun yaradıcılığını gənc nəslə tanıtmaq, musiqiyə məhəbbət hissini aşılamaq olub: “Mən özüm Rəşid Behbudov sənətinin heyranıyam. Onun yaradıcılığını həddindən çox sevirəm. Bu il Rəşid Behbudovun yubiley ili olduğundan tədbirlərimizdən birini ona həsr etmək istədik. Ümumiyyətlə, çalışırıq ki, mərkəzimizdə milli mədəniyyətimizi, incəsənətimizi yaşatmaq, uşaqlarımızı milli ruhda yetişdirmək üçün belə tədbirlər çox olsun. Bu tədbirə də mərkəzimizin musiqi dərnəkləri – vokalçılar, pianoçular, xalq çalğı alətləri, klassik alətlər ansamblının üzvləri çox ciddi hazırlaşdılar və mənə elə gəlir ki, yaxşı da alındı”.

Mərkəzin uşaqları artıq növbəti tədbirə hazırlaşırlar: ““Türk dünyası ailəsi dili” bayramına hazırlaşırıq. Türk dünyasından qonaqların qatılacağı tədbirin bədii hissəsini mərkəzimiz təşkil edir. Bakıda ilk dəfə keçiriləcək bu tədbirə qiraətçilər, teatr dərnəyinin üzvləri, milli rəqslərin ifaçıları ciddi hazırlaşırlar”.