Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirilib
Noyabrın 19-da riyaziyyat fənn kurikulumunun və dərsliklərinin təkmilləşdirilməsi ilə bağlı ictimai müzakirə keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə dövlət və özəl ümumi təhsil, ali təhsil müəssisələrinin nümayəndələri, dərslik müəllifləri və mütəxəssislər iştirak ediblər.
Görüşün məqsədi riyaziyyat fənn kurikulumunun və dərsliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat vermək, təhsil ictimaiyyətinin rəy və təkliflərini öyrənmək olub.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev dərsliklərin hazırlanması, sınaqdan keçirilməsi və ekspertizası prosesləri barədə məlumat verib. O, hər bir dərsliyin kütləvi istifadəyə verilməzdən əvvəl mütəxəssislər tərəfindən qiymətləndirildiyini, pilot tətbiqin nəticələrinin və ictimai rəylərin təkmilləşdirmə prosesində nəzərdən keçirildiyini bildirib.
Daha sonra ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov riyaziyyat fənn kurikulumunun təkmilləşdirilməsi ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda beynəlxalq təcrübənin öyrənilməsi, standartlardakı təkrarların aradan qaldırılması, mövzuların siniflər üzrə ardıcıllığının yenilənməsi və məzmunun optimallaşdırılması barədə məlumat verilib. Təkmilləşdirilmiş kurikulumda qiymətləndirmə və sinifdaxili fəaliyyətlərlə bağlı tövsiyələrin yer aldığı diqqətə çatdırılıb.
ARTİ-nin Tədris Resursları Mərkəzinin direktoru, dərslik müəllifi Zaur İsayev riyaziyyat dərsliklərinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində görülən işləri təqdim edib. Dərsliklərdə siniflərarası məzmun ardıcıllığının təmin olunması, şagirdlərin fərdi imkanlarına uyğun tapşırıqların hazırlanması, pilot məktəblərdə aparılan müşahidələrin və müəllim rəylərinin təhlili məsələlərindən bəhs olunub.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayevin moderatorluğu ilə riyaziyyat fənn kurikulumu və dərsliklərin məzmunu ətrafında fikir mübadiləsi aparılıb. Təhsil ictimaiyyətinin nümayəndələri müşahidə və təkliflərini bölüşüb, səsləndirilən məsələlərə mütəxəssislər və dərslik müəllifləri tərəfindən aydınlıq gətirilib.
Müzakirə iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.




