Robotlar Nuhun gəmisi ilə bağlı araşdırma aparacaq
Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşən və uzun illərdir Nuhun gəmisinin qalıqları ilə əlaqələndirilən Durupınar quruluşunda yeni elmi-tədqiqatlara başlanılır.
"Azərbaycan müəllimi" xəbər verir ki, beynəlxalq tədqiqat qrupu ərazidə araşdırmalar aparmaq üçün Türkiyə hökumətindən rəsmi icazə alıb.
Tədqiqat çərçivəsində yeraltını görüntüləyə bilən xüsusi robotlar, uzaqdan zondlama sistemləri, geofiziki radarlar və dağıdıcı olmayan qazma üsullarından istifadə olunacaq. "Gopher" adlı xüsusi robotun yer səthinə zərər vermədən yeraltı quruluşu xəritələşdirəcəyi və mümkün boşluqları müəyyən edəcəyi bildirilir.
Araşdırmanın əsas məqsədi Durupınar quruluşunun altında təbii geoloji formasiya, yoxsa insan tərəfindən yaradılmış quruluşun yerləşdiyini müəyyən etməkdir. Bunun üçün məhdud həcmdə süxur nümunələri də götürüləcək.
Gəmi formasını xatırladan görünüşü və ölçülərinin müqəddəs mətnlərdəki təsvirlərlə oxşarlığı səbəbindən bu ərazi uzun illərdir Nuh tufanı ilə bağlı müzakirələrin mərkəzindədir. Tədqiqatçılar hesab edirlər ki, müasir texnologiyalar vasitəsilə əldə olunacaq məlumatlar bu mübahisələrə daha aydınlıq gətirə bilər.
Bununla belə, bir çox alim Durupınar quruluşunun təbii geoloji proseslər nəticəsində formalaşdığını düşünür. Əvvəlki araşdırmalar bu iddiaları təsdiqləyən qəti sübut ortaya qoymasa da, yeni robot dəstəkli tədqiqatların daha dəqiq nəticələr verəcəyi gözlənilir.




