Robotları sülh üçün istifadə etmək istəyirəm - Dünya birincisi - Dünya birincisi
Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli Texniki-riyaziyyat təmayüllü liseyin 11-ci sinif şagirdi Musa Camalovun qazandığı uğuru təkcə öz ailəsinin və məktəbinin deyil, bütün Azərbaycanın uğuru hesab etmək olar. O, bu il oktyabrın 4-də keçirilən beynəlxalq səviyyəli SAT imtahanında maksimum nəticə — 1600 bal toplayaraq dünya birincisi adını qazanıb.
“Azərbaycan müəllimi” Musa Camalovla həmsöhbət olaraq onun indiyə qədərki nailiyyətlərini, imtahana necə hazırlaşmasını, eləcə də arzularını və gələcək planlarını sizə təqdim edir.
24 avqust 2009-cu ildə Lənkəranda doğulan Musa hələ 8-ci sinifdə oxuyarkən xaricdə təhsil almaq arzusu ilə bu istiqamətdə ilk addımlarını atıb:
“Yaxın çevrəmdə SAT vasitəsilə xaricdə oxumaq arzusunu reallaşdıran dostlarımın hekayələri mənə böyük təsir göstərdi. Onların intizamı və əldə etdikləri nəticələr məni ruhlandırdı. SAT-ın məhz obyektiv göstərici kimi öz potensialımı nümayiş etdirə biləcəyim və beynəlxalq təhsil imkanlarına qapı açmağa kömək edəcək bir imtahan olduğunu dərk etdikdə dərhal bu yöndə çalışmağa başladım.
Düzünü desəm, hazırlıq asan keçmədi. 8-ci sinifdə ingilis dilim yetərli deyildi, ona görə əvvəlcə özüm söz ehtiyatı, oxu sürəti və qrammatika üzrə baza qurmağa başladım. Sonra müəllim dəstəyi və sistemli məşqlərlə prosesi sürətləndirdim.
9-cu sinifdə hər gün orta hesabla 6–7 saat SAT yönümlü çalışırdım. 10-cu sinifdə, xüsusilə yayda, səhər saat 6-da başlayıb axşam 10–11-ə qədər planlı rejimlə (mütləq fasilələrlə) işləyirdim”.
Görünür ki, bu əzmkarlığın arxasında sistemli düşüncə dayanır. Musa hər bir çətinliyi fürsətə çevirib:
“SAT-da riyaziyyat bölməsi bizim yerli tədris səviyyəsinə görə o qədər də çətin sayılmır, çünki mövzular çox tanışdır. Amma oxu və yazı bölməsi həm dil, həm analiz, həm də diqqət tələb edir. Bu mənim üçün ən çətin hissə idi.
İmtahanın lüğət sualları üçün bütün lazımlı sözləri özündə cəmləşdirən bir mənbə yoxdur və bu məni çox narahat edirdi. Mən isə bilmədiyim hər sözü şəxsi elektron lüğətimə mənası, sinonimi və nümunə cümləsi ilə birlikdə qeyd edirdim. Bu, mənim lüğət biliyimi çox gücləndirdi. Bir çox sözləri də gündəlik “aralıqlı təkrar” (“spaced repetition”) üsulu ilə öyrəndim.
Oxu üçün isə ingilis şairlərinin seçmə şeirlərini və bədii mətnləri annotasiya, bənd-bənd xülasələrlə işləyirdim. Nəticədə həm söz ehtiyatım, həm də mətnləri, xüsusən şeirləri tez və dəqiq anlama bacarığım artdı”.
“Nə istedad təkbaşına yetər, nə də zəhmət təkbaşına möcüzə yaradar”
Musa inanır ki, istedad və zəhmət bir-birini tamamlamasa, nəticə də qeyri-mümkündür:
“Belə nəticələr üçün nə istedad təkbaşına yetər, nə də zəhmət təkbaşına möcüzə yaradar. İstedad sizə sürətli başlanğıc və dərin anlayış verir, zəhmət isə o potensialı sistemli şəkildə gerçək nəticəyə çevirir.
Mən özüm də bu balansı qorumağa çalışmışam, güclü tərəflərimi istedadımla mükəmməlləşdirib, boşluqlarımı məqsədli məşqlə doldurmuşam”.
Musanın maraq dairəsi texnologiya ilə sıx bağlıdır. O, robot texnikası üzrə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə uğurlar qazanıb:
“Uşaqlıqdan robot texnikasına böyük marağım olub. Hətta ölkəmizi ABŞ-nin Hyuston şəhərində keçirilən “FIRST LEGO League” Dünya Çempionatında təmsil etmişəm.
Bu təcrübələr texnologiyaya, xüsusilə kompüter elmləri və süni intellekt sahələrinə marağımı daha da gücləndirib. SAT nəticəm isə mənim üçün bir çox beynəlxalq universitetlərin qapısını açdı. Hazırda əsas hədəfim ABŞ, eləcə də Cənubi Koreya və Çində bu sahə üzrə təhsil almaqdır”.
Musanın növbəti məqsədi süni intellekt və kvant texnologiyaları sahəsində dərin ixtisaslaşmaqdır:
“Gələcəkdə kvant kompüterləri üzrə aparılan araşdırmalarda iştirak etmək, doktorantura səviyyəsinə qədər yüksələrək texnologiyanın cəmiyyətə faydalı tətbiqləri üzərində tədqiqat aparmaq istəyirəm. Mənim üçün təhsil diplom deyil, bilik vasitəsilə dünyanı bir az daha ağıllı və sülh yönümlü etmək yoludur”.
Uğur yolunda Musanın arxasında bir “komanda” dayanır:
“Valideynlərim mənim ən böyük dayağımdır. Bütün müəllimlərimə təşəkkür edirəm: verdikləri bilik və səmimi qayğı sayəsində bu yolda daha da inamla addımlayıram.
Xüsusilə yeniliklərə açıq mövqeyi və inkişaf üçün çalışan şagirdləri hər zaman dəstəklədiyinə görə direktorumuz Akif müəllim mənim üçün böyük motivasiya mənbəyi olub”.
"Atam hər zaman mənə “müəllimin öyrətdiyi ilə kifayətlənmə, özün də araşdır, fərqlən”,- deyib".
Atası - regionun tanınmış lor həkimi, II Qarabağ müharibəsi veteranı Zaur Camalov oğlunun ilham mənbəyidir:
“Atam mənim dünyagörüşümün formalaşmasında ən böyük rol oynayan insandır. O, hər zaman mənə “müəllimin öyrətdiyi ilə kifayətlənmə, özün də araşdır, fərqlən”, - deyib. Mən bu prinsipə sadiq qaldım və onun nəticəsini də uğurlarımda tapmaq mümkündür.
Atamın müharibə xatirələri və mənim Bərdə ilə Gəncəyə edilən raket hücumu ilə bağlı gördüklərim qarşıma bir məqssəd qoydu: texnologiyanı sülh naminə yönəltmək istəyirəm.
Buna görə də mən məktəbimizi yarışlarda təmsil etmək üçün qurduğum robot komandasının adını URP (Use Robots for Peace) qoydum və yarışlarda minlərlə gənc mühəndislə, heç bir duyğusu olmayan robot texnologiyasının müharibələrdə istifadəsi barədə söhbət apararaq onları texnologiyanı insanlığa və sülhün sabitliyinə xidmət üçün istifadə etməyə təşviq etdim”.
Gənc istedad yaşıdlarına da dəyərli tövsiyələr verir:
“Birincisi, tez başlayın: nə qədər erkən, bir o qədər rahat. İkincisi, imtahanın formatını yaxşı anlayın və çox yox, məqsədli praktika edin: hər sınaqdan sonra səhvlərinizi yazın, niyə səhv etdiyinizi tapın və eyni tip suallardan təkrar edin. Ən əsası isə düzgün məqsədi seçin. Çünki biz kosmosa baxsaq, orada saysız-hesabsız ulduz görəcəyik və bunu dünyada olan əlaçı şagirdlərlə müqayisə etmək olar. Halbuki siz əlaçı olduqdan sonra hədəfiniz Qütb ulduzu kimi sabit və yön göstərən olmaqdır”.



