Rövşən Nəcəf: İndi insan kapitalının bilik və müdrikliyinin hasil edilməsi zamanıdır
"Uzun illər ərzində biz neft şirkətləri və əlaqəli sahələr vasitəsilə təbii resursları hasil etmiş, ölkəmizin və xalqımızın inkişafına töhfə vermişik. Lakin indi başqa bir resursun — insan kapitalının bilik və müdrikliyinin hasil edilməsi zamanıdır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycanda "IE Liderlik və İnnovasiya" Mərkəzinin yaranmasına dair Anlaşma Memorandumunun imzalanması mərasimində söyləyib.
O bildirib ki, məhz bu bizi yeni inkişaf mərhələsinə çıxaracaq və qarşımıza qoyduğumuz məqsədlərə çatmağımıza kömək edəcək: "Bu barədə ilk dəfə eşitdiyimiz zaman dərhal gördük ki, bu təşəbbüs SOCAR-ın insan kapitalının inkişafına töhfə vermək və yeni liderlər nəslini yetişdirmək strategiyası ilə tam uyğunluq təşkil edir.
Liderlərdən danışarkən, biz bu sözün ən dərin mənasında lider olan insanları nəzərdə tuturuq, yalnız gündəlik əməliyyatları idarə edən menecerləri deyil, vizyonerləri, yəni təkcə trendləri izləməyən, onları müəyyən edən, fəaliyyət göstərdikləri sahələri yenidən formalaşdıran və çalışdıqları şirkətlərə yeni dəyər gətirən insanları nəzərdə tuturuq".
Rövşən Nəcəf bildirib ki, bu təşəbbüsə digər bütün mühüm, genişmiqyaslı və əhəmiyyətli layihələrə yanaşdığımız kimi yanaşmaq lazımdır: "Bu bizim üçün sadəcə illik hesabatda bir sətir və ya ana səhifədə bir loqo deyil. Bu bizim sadiqliyimizi, öhdəliyimizi və dəstəyimizi ifadə edir.
Biz bu təşəbbüsə rüblük və ya illik prizma ilə deyil, onillikləri əhatə edən perspektivdən yanaşacağıq. Çünki onun real nəticələri və təsiri hələ uzun onilliklər ərzində özünü göstərəcək.
Bu gün elə gənc tələbələr və gələcəyin peşəkarları var ki, hələ bilmirlər ki, bir gün bu mərkəzdə təhsil alacaqlar. Onlar hazırda sinif otaqlarında əyləşən, bu mərkəzin onların təhsil yolunun bir hissəsinə çevrilə biləcəyindən xəbərsiz olan azərbaycanlı oğlan və qızlardır.
Bizim birlikdə etməli olduğumuz isə budur ki, onlar gəldikləri zaman qapılar açıq olsun, keyfiyyət təmin edilsin və onlara vəd olunan gələcək gerçəkliyə çevrilsin".



