Rusiyada 10 illik təhsil modelinə keçid müzakirə edilir
Rusiyada məktəblərdə 10 illik təhsil modelinə keçid müzakirə olunur.
"Azərbaycan müəllimi" xəbər verir ki, belə bir təkliflə Rusiya Elmlər Akademiyasının prezidenti Qennadiy Krasnikov çıxış edib.
O, şagirdlərin həyata hazırlanması üçün 10 illik təhsilin kifayət edəcəyini, lakin təhsil müddətinin şagirdlərin gələcək təhsil məqsədləri ilə uyğunlaşdırılmalı olduğunu deyib. Rusiyanın təhsil naziri Sergey Kravtsov isə bu cür dəyişikliklərin tələskənliklə deyil, geniş müzakirələr əsasında həyata keçirilməli olduğunu açıqlayıb.
Qeyd edib ki, hazırkı təhsil sistemi şagirdlərin ehtiyaclarını qarşılayır və proqramın effektiv mənimsənilməsinə imkan yaradır. Onun sözlərinə görə, təhsil müddətinin azaldılması kimi təşəbbüslər yalnız potensial risklər qiymətləndirildikdən sonra gündəmə gətirilməlidir.
Nazirliyin açıqlamasında isə bildirilib ki, təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, ev tapşırıqları ilə bağlı standartlar təsdiqlənib, imtahanların sayı azaldılıb və vahid dərs planlaşdırılması tətbiq olunub. Yeni proqramların məktəblərdə keyfiyyətli təhsili və şagirdlərin hərtərəfli inkişafını təmin etdiyi qeyd edilir.
Qeyd edək ki, Rusiyada bəzi rəsmilər daha əvvəl də 10 illik təhsil modelinə qayıdışla bağlı təkliflər səsləndiriblər.



