SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər

18 Sentyabr, 2026 - 22:41
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər

17 sentyabr 2026-cı il tarixində keçirilən Baku ID 2026 innovasiya tədbirində SABAH tələbələri və SABAH məzunu bir sıra texnoloji və startap layihələri ilə təmsil olunublar.

“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH qruplarının tələbələri Murad Qaramollayev, Həsən Dadaşzadə, Amal Mirzəyev və Azər Vəliyev tədbirdə ASTRYX layihəsini təqdim ediblər. ASTRYX kommersiya balıqçılığı üçün hazırlanmış dəniz intellekti platformasıdır və süni intellekt əsaslı balıq zonası proqnozlaşdırmasını sualtı avtonom drondan əldə olunan real məlumatlarla birləşdirir.

ADNSU SABAH tələbələri Cavidan Aşurlu və Nərgiz Heydərli isə PhantomX süni intellekt əsaslı kibertəhlükəsizlik platforması ilə çıxış ediblər. Layihə daha əvvəl Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində birinci yerə layiq görülüb.

Azərbaycan Texniki Universitetinin SABAH tələbəsi Kənan Rzayev tədbirdə ChatX startapını təqdim edib. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap Şəhadətnaməsi” alıb.

AzTU SABAH məzunu Şahin Xəlilov isə AZIRRIGATION ağıllı suvarma layihəsini təqdim edib. Süni intellekt, IoT və sensor texnologiyalarına əsaslanan sistem torpağın nəmlik səviyyəsini, hava şəraitini və digər göstəriciləri analiz edərək suvarma prosesinin avtomatlaşdırılmasına, su resurslarından daha səmərəli istifadəyə və məhsuldarlığın artırılmasına xidmət edir. Layihə müxtəlif yerli və beynəlxalq innovasiya platformalarında da təqdim olunub.

Baku ID 2026-da iştirak tələbəlik dövründə formalaşan innovativ ideyaların real texnoloji məhsullara və startap təşəbbüslərinə çevrilə bildiyini nümayiş etdirib. Təqdim olunan layihələr süni intellekt, kibertəhlükəsizlik, aqrotexnologiya, dəniz texnologiyaları və rəqəmsal həllər kimi aktual istiqamətləri əhatə etməklə SABAH ekosistemində formalaşan innovasiya və sahibkarlıq potensialını bir daha ortaya qoyub.

SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər