Şagirdlə psixoloq arasında etimad necə qurulmalıdır?

29 Oktyabr, 2026 - 15:23
Şagirdlə psixoloq arasında etimad necə qurulmalıdır?

Bəzi şagirdlər məktəb psixoloquna müraciət etməkdən çəkinir, yaşadıqları çətinlikləri bölüşməkdə tərəddüd edirlər. Bəs bunun səbəbləri nələrdir və şagirdlə psixoloq arasında etimada əsaslanan münasibət necə qurulmalıdır? Bu prosesdə müəllimlər və valideynlər nələrə diqqət yetirməlidirlər?

“Azərbaycan müəllimi”nə açıqlamasında Bakı şəhəri 112 nömrəli tam orta məktəbin psixoloqu Afaq Hacılı Əliyeva bildirib ki, şagirdlərin məktəb psixoloquna müraciət etməkdə tərəddüd etmələrinin müxtəlif psixoloji və sosial səbəbləri var:

“Bəzi uşaqlar yaşadıqları çətinliklərin başqaları tərəfindən zəiflik kimi qiymətləndiriləcəyindən qorxurlar. Digərləri sinif yoldaşlarının onları ələ salacağından, müəllimlərin və ya valideynlərinin münasibətinin dəyişəcəyindən narahat olurlar. Ailə daxilində problemlər, yaşıdlarla münasibətlərdə yaranan münaqişələr, bullinq, uğursuzluq qorxusu, özünəinamın aşağı olması və əvvəlki mənfi təcrübələr də onların kömək istəməsinə maneə ola bilər”.

Psixoloqun sözlərinə görə, şagirdlərin müraciət etməkdən çəkinməsinin səbəblərindən biri də məxfiliklə bağlı narahatlıqlardır:

“Şagird psixoloqa danışdıqlarının müəllimlərə, sinif yoldaşlarına və ya valideynlərinə çatdırılacağını düşündükdə özünü rahat hiss etmir. Bu səbəbdən psixoloqun ilk vəzifələrindən biri şagirdə müraciətin məqsədini, məxfiliyin əhəmiyyətini və hansı hallarda məlumatın təhlükəsizlik məqsədilə müvafiq şəxslərlə paylaşılmasının zəruri ola biləcəyini aydın şəkildə izah etməkdir”.

A.Hacılı Əliyeva bildirib ki, şagirdlə etibarlı münasibətin qurulmasında səmimi ünsiyyət, empatiya və fərdi yanaşma mühüm rol oynayır:

“Məktəb psixoloqu kimi şagirdlərlə münasibət qurarkən empatiyaya, səmimi ünsiyyətə və fərdi yanaşmaya xüsusi əhəmiyyət verirəm. İlk tanışlıqdan etibarən şagirdlə aramızda etibar körpüsü yaratmağa, onun fikirlərini sərbəst ifadə edə biləcəyi münasibət formalaşdırmağa çalışıram. Şagirdlərə bildirirəm ki, hər bir insan həyatının müəyyən mərhələsində çətinliklərlə qarşılaşa bilər və belə vəziyyətlərdə kömək istəmək zəiflik deyil, özünə qayğının və problemin həllinə doğru atılan addımın göstəricisidir”.

Onun sözlərinə görə, şagirdin yaşadığı çətinliklərə diqqətlə yanaşmaq, hisslərini anlamağa çalışmaq və onu danışmağa məcbur etməmək vacibdir. Böyüklər üçün kiçik görünən problem uşaqda ciddi emosional gərginlik yarada bilər.

Psixoloq məktəbdə fəaliyyət göstərən “Etibar poçtu”nun da şagirdlərin öz narahatlıqlarını ifadə etməsinə kömək etdiyini qeyd edib:

“Şagirdlərin hamısı narahatlıqlarını üzbəüz danışmaqla ifadə edə bilmir. Bəzi uşaqlar hisslərini yazılı şəkildə daha rahat bölüşürlər. Bu ehtiyacı nəzərə alaraq məktəbimizdə fəaliyyət göstərən “Etibar poçtu” haqqında şagirdlərə məlumat verir, onları narahat edən məsələləri üzbəüz ifadə etməkdə çətinlik çəkdikləri halda yazılı şəkildə çatdıra biləcəklərini bildirirəm. Bəzən bir neçə cümlə ilə yazılmış məktub uşağın uzun müddət daxilində saxladığı narahatlığın üzə çıxmasına və vaxtında dəstək almasına şərait yaradır”.

A.Hacılı Əliyeva vurğulayıb ki, “Etibar poçtu”na daxil olan müraciətlər vaxtında nəzərdən keçirilməli, uşağın təhlükəsizliyi ilə bağlı təcili hallar gecikdirilmədən qiymətləndirilməlidir. Şagirdlərə bu vasitənin məqsədi və məxfiliklə bağlı məhdudiyyətlər də əvvəlcədən izah olunmalıdır.

Məktəb psixoloqu şagirdlərin psixoloji dəstəyə daha rahat müraciət etməsində müəllimlərin və valideynlərin roluna da diqqət çəkib:

“Müəllimlər şagirdlərin davranışlarında və emosional vəziyyətlərində baş verən dəyişikliklərə diqqət yetirməli, onları digər şagirdlərin yanında mühakimə etməməli və ehtiyac olduqda psixoloqa müraciət etmələrinə şərait yaratmalıdırlar. Eyni zamanda, psixoloqa müraciət etməyin utancverici hal kimi təqdim olunmaması üçün müəllimlərin öz münasibətləri ilə nümunə göstərməsi vacibdir”.

A.Hacılı Əliyeva onu da əlavə edib ki, valideynlər də övladlarının hisslərini dinləməli, onları qınamadan anlamağa çalışmalı və psixoloji dəstəyə müsbət yanaşmalıdırlar:

“Bəzən uşaqlar ailələrinin reaksiyasından qorxduqları üçün problemlərini gizlədirlər. Buna görə valideynlər övladlarına çətinlik yaşamağın normal olduğunu, kömək istəməyin isə zəiflik deyil, düzgün addım olduğunu anlatmalıdırlar.

Eyni zamanda, məktəb psixoloqu, müəllim və valideyn arasında əməkdaşlıq şagirdlərin özlərini təhlükəsiz hiss etməsinə və ehtiyac yarandıqda vaxtında dəstək almasına kömək edir. Məqsəd şagirdlərin öz problemlərini çəkinmədən bölüşə bildikləri məktəb mühitinin formalaşdırılmasıdır".