“Şagirdlərə təhlükəsizlik qaydalarını əzbərlədirik, tətbiqini öyrətmirik” – Mütəxəssis
Məktəblərdə təhlükəsizlik və ilkin yardım biliklərinin aşılanması təkcə fövqəladə hallara hazırlıq deyil, həm də şagirdlərdə məsuliyyət və düzgün qərarvermə vərdişlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Gündəlik həyatda baş verə biləcək qəza, xəsarət, yanğın və ya digər fövqəladə vəziyyətlər zamanı atılan ilk addımlar bəzən insan həyatını xilas edə bilir. Mütəxəssislər hesab edirlər ki, bu bacarıqların məktəb yaşlarından öyrədilməsi uşaqların həm özlərini, həm də ətrafdakıları qorumaq imkanlarını artırır. Bəs təhlükəsizlik və ilkin yardım dərslərinin tədrisi nə dərəcədə vacibdir və bu istiqamətdə məktəblərdə hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan təhlükəsizlik üzrə mütəxəssis Orxan Musayev bildirib ki, məktəblilərin ilk yardım və təhlükəsizlik bilikləri ilə təmin olunması təhsilin ən vacib komponentlərindən biri hesab olunur:
“Etiraf etməliyik ki, hazırkı vəziyyətdə bu mövzular tədris proqramlarında çox da yer tutmur, ya da yalnız nəzəri xarakter daşıyır. Əsas problemimiz odur ki, biz şagirdlərə təhlükə zamanı nə etməli olduqlarını sadəcə əzbərlədirik. Lakin onları praktiki olaraq tətbiq etməyə imkan yaratmırıq. Yaponiya təcrübəsi bizim üçün ən mükəmməl örnək ola bilər. Belə ki, Yaponiyada məktəblilər hələ ibtidai siniflərdən etibarən zəlzələ və digər təbii fəlakətlər zamanı necə davranmalı olduqlarını sadəcə nəzəri oxumur, həm də daimi təlimlərlə vərdişə çevirirlər. Onlar üçün fövqəladə hallara hazırlıq sadəcə bir dərs deyil, həyat tərzidir”.
Ekspert qeyd edib ki, bizdə də təhlükəsizliklə bağlı məlumatlar sadəcə həyat bilgisi və gənclərin çağırışıqədərki hazırlığı çərçivəsində öyrədilməməlidir:
“Bunu sistemli bir məktəb mədəniyyətinə çevirmək lazımdır. Bunun üçün tədris prosesində ayrılan vaxt mütləq artırılmalıdır. Şagirdlərə mütləq aşılanmalıdır ki, biliklərin başında ilkin yardım və təhlükəsizlik qaydaları gəlir. Belə ki, məktəbli 112 qaynar xəttinə düzgün zəng etməyi, zərərçəkmişin vəziyyətini qiymətləndirməyi, boğulma, qanaxma, huşunu itirmə vəziyyətində olan şəxslər qarşısında ilkin müdaxilə bacarıqlarını bilməlidir. Süni tənəffüs, heymlix manevrini əyani şəkildə bacarmalıdırlar”.
O.Musayev qeyd edib ki, rəqəmsal dövrdə yaşadığımızı nəzərə alsaq, kibertəhlükəsizlik və internetdəki təhdidlərdən müdafiə yolları da tədrisin əsas hissəsi olmalıdır:
“Həmçinin fövqəladə hallara hazırlıq çərçivəsində təxliyə qaydaları ildə bir neçə dəfə real təlimlərlə təkrar olunmalıdır və bu proses daimi xarakter daşımalıdır. Hər hansısa fövqəladə hal zamanı artıq şagirdlər necə davranmalı olduqlarını bilməlidirlər. Böhran vəziyyətində panikaya düşməmək, kollektiv şəkildə hərəkət etmək, liderlik keyfiyyətləri aşılanmalıdır.
Mütəxəssis sonda qeyd edib ki, təhsil sistemində təhlükəsizlik laboratoriyaları və ya simulyasiya otaqları yaradılmalıdır:
“Şagirdlər xüsusi simulyator üzərində ilkin yardım bacarıqlarını tətbiq etməlidirlər. Hətta virtual reallıq texnologiyaları vasitəsilə təhlükəli vəziyyətlərlə üz-üzə qalaraq çıxış yolları tapmalıdırlar. Unutmamalıyıq ki, bu biliklər bir şagirdin həyatını xilas edə biləcək qədər qiymətlidir. Təkcə şagirdin yox, bütün cəmiyyətin təhlükəsizlik mədəniyyətinin formalaşmasında mühüm rol oynayan məsələdir. Çünki məktəb yaşlarından insanlar təhlükəsizlik və ilkin yardım bacarıqlarına alışmalıdırlar. Yanğın baş verdikdə yanğınsöndürən balonlar vasitəsilə düzgün müdaxilə edilməsi barədə praktiki bacarığa malik olmalıdırlar. Buna görə də təhlükəsizlik və ilkin yardım bacarıqları məktəbin dörd divarı arasında qalan mövzu deyil. Cəmiyyətin sağlamlığı və dayanıqlılığında əhəmiyyət kəsb edən bir mövzudur”.




