Şagirdlərin 82 faizi genişzolaqlı internetlə əhatə olunub

24 Fevral, 2026 - 11:09
Şagirdlərin 82 faizi genişzolaqlı internetlə əhatə olunub

“Azərbaycanda təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində görülən işlər nəticəsində internet infrastrukturu əhəmiyyətli dərəcədə gücləndirilib. Son illər ərzində ümumi təhsil müəssisələrinin genişzolaqlı internetə qoşulmasında ciddi artım qeydə alınıb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, 2017-ci ildə cəmi 171 məktəb genişzolaqlı internetlə təmin olunmuşdusa, bu göstərici 2021-ci ildə 1 159-a, 2023-cü ildə 1 737-yə yüksəlib. 2024-cü ildə kəskin artım qeydə alınaraq 2 906 məktəb genişzolaqlı şəbəkəyə qoşulub. 2026-cı ildə isə bu rəqəm 2 957-yə çatıb.

Eyni dövrdə ADSL texnologiyasından istifadə edən məktəblərin sayı azalıb. 2017-ci ildə 1 672 məktəb ADSL bağlantısından istifadə edirdisə, 2023-cü ildə bu göstərici 999-a düşüb. 2025-ci ildə 49, 2026-cı ildə isə cəmi 35 məktəbdə ADSL bağlantısı qalıb ki, bu da köhnə texnologiyaların mərhələli şəkildə ləğv edildiyini göstərir:

“Simsiz internet bağlantısı üzrə də dinamika müşahidə olunub. 2017-ci ildə 439 məktəb simsiz şəbəkə ilə təmin edilmişdisə, 2021–2022-ci illərdə bu göstərici 1 964 və 2 069-a qədər yüksəlib. Son illərdə isə genişzolaqlı bağlantının üstünlük qazanması fonunda simsiz qoşulmaların sayı nisbətən azalıb və 2026-cı ildə 1 222 təşkil edib”.

Vüsal Xanlarov bildirib ki, hazırda qoşulma növləri üzrə şagirdlərin 82 faizi genişzolaqlı internet, 18 faizi isə digər qoşulma vasitələri ilə əhatə olunur. Bununla yanaşı, illər üzrə orta internet trafiki də artım tendensiyası göstərir. 2018–2019-cu illərdə 10 Gb/s olan orta trafik həcmi 2021-ci ildə 15 Gb/s-ə, 2022-ci ildə 26 Gb/s-ə yüksəlib. Artım davam edərək 2025-ci ildə 41 Gb/s, 2026-cı ildə isə 47 Gb/s səviyyəsinə çatıb.