Sağlam böyümənin qızıl qaydaları hansılardır?
“Sağlam böyümənin qızıl qaydaları çox sadədir. Bu, düzgün qidalanma, hərəkət, kifayət qədər yuxu və sevgi dolu mühitdir. Ailə bu vərdişlərin formalaşdığı ilk məktəbdir. Məktəb isə uşaqların sosial və fiziki inkişafını dəstəkləyən mühitdir. Hər iki tərəfin əməkdaşlığı sağlam nəslin yetişməsi üçün vacibdir”.
Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin Fizioterapiya şöbəsinin müdiri, həkim-fizioterapevt Təranə Mahmudova söyləyib.
Onun sözlərinə görə,məktəbdə keçirilən fiziki tərbiyə dərsləri, idmanla bağlı yarışlar, tədbirlər, müsabiqələr, sosial mühit, komanda şəklində işləmək uşaqlarda motivasiya yaratmaqla yanaşı, onların fiziki hazırlığının yüksəldilməsində, istedadlarının üzə çıxarılmasında, eyni zamanda tərbiyəsinə müsbət təsir göstərir, nizam intizamını və sosial inkişafını formalaşdırır:
“Onu da qeyd edim ki, bu məsuliyyət yalnız ailənin və ya məktəbin üzərində deyil. Cəmiyyət olaraq uşaqlar üçün daha çox idman və oyun sahələri yaratmalı, sağlam həyat tərzini təbliğ etməli və onların aktiv böyüməsi üçün imkanlar formalaşdırmalıyıq. Uşaqların vaxtlarını telefon və kompüter qarşısında deyil, açıq havada, idmanla və faydalı fəaliyyətlərlə keçirmələri üçün imkanlar yaratmaq da önəmlidir. Onların maraqlarını dəstəkləyən idman, incəsənət və sosial layihələr həm sağlam inkişaflarına, həm də özünəinamlı fərdlər kimi formalaşmalarına kömək edir”.




