Sağlam görünən xəstəlik daşıyıcıları: bir aşpazın dəyişdirdiyi tarix

7 İyun, 2026 - 10:52
Sağlam görünən xəstəlik daşıyıcıları: bir aşpazın dəyişdirdiyi tarix

Entoni Burdenin “Tifli Meri: Bir şəhər tarixçəsi” (“Typhoid Mary: An Urban Historical”) kitabını oxumamısınızsa, tövsiyə edərdim ki, onunla tanış olasınız. 

Kitab sadəcə mikroorqanizm və onun törətdiyi xəstəlikdən bəhs etmir, burada Burden Meri Mallonu tarixi bir simadan daha çox bir insan kimi təqdim edir. O insan ki, daha yaxşı həyat və imkanlar axtarışı üçün Atlantik okeanını keçən iradəli, gənc irland mühacirdir. Burden bu haqda yazan və araşdırma edən digər yazıçılardan və tədqiqatçılardan fərqli olaraq Merini yalnız ictimai səhiyyə üçün təhlükə kimi təsvir etmir, əksinə, XX əsrin əvvəllərində Nyu-Yorkun sosial, mədəni və elmi reallıqlarını göstərərək, ictimai səhiyyə tarixində məşhur bir ada çevrilmiş insanın çətin həyat hekayəsini oxucuya təqdim edir.

Meri Mallon "Tifli Meri" kimi tanınmazdan əvvəl Amerikada sadə və adi həyat yaşayırdı. İrlandiyada anadan olan Meri zəhməti və bacarığı sayəsində Nyu-Yorkun varlı ailələri üçün işləyən nüfuzlu aşpaza çevrilmişdi. Entoni Burdenin təsvir etdiyi kimi, Meri müəyyən mənada öz Amerika arzusunu reallaşdırmaq üçün çalışırdı.

Lakin tarix onu tamamilə başqa səbəbə görə xatırlayır.

Meri Mallon qarın yatalağı xəstəliyinin törədicisi olan “Salmonella Typhi” bakteriyasının “simptomsuz daşıyıcısı” idi. O özünü sağlam hiss etsə də, hazırladığı yeməklər vasitəsilə bakteriyanı bilmədən digər insanlara ötürürdü. O, bu xəstəliyi Meri hazırladığı məşhur şaftalılı dondurma vasitəsilə yoluxdururdu. Məlumdur ki, həmin desert hazırlandıqdan sonra istilik (termiki) emalına məruz qalmadığından bakteriyanın istehlakçılara yoluxması üçün əlverişli şərait yaranırdı.

XX əsrin əvvəllərində “simptomsuz daşıyıcı” anlayışı demək olar ki, məlum deyildi. Bu sahədə çalışan mütəxəssislər bir sirri çözməyə çalışırdılar: necə ola bilər ki, tam sağlam görünən bir insan ciddi xəstəlik ocaqlarının mənbəyi sayılır?

Tədqiqatçılar Meri Mallonun “Salmonella Typhi” bakteriyasının simptomsuz daşıyıcısı olduğunu müəyyən etdikdən sonra o, ictimaiyyətin diqqət mərkəzinə çevrildi. Xəstəliyi izləyən Corc Soper onu “yaşayan, canlı bakteriya yuvası”, qəzetlər isə daha da irəli gedərək onu “insan formasında sınaq şüşəsi”, “yeriyən və mütəmadi tifoid istehsal edən fabrik” kimi təqdim edirdilər. Bu ifadələr həmin dövrdə simptomsuz daşıyıcılar haqqında qorxu və məlumatsızlığı əks etdirsə də, sadə bir insan hekayəsini ictimai sağlamlıq üçün təhlükə ehtiva edən bir simvola çevirmişdi.

Şəkil 1. Meri Mallon dövrün yerli qəzetində “Tifoid Mary” başlığı ilə

Səhiyyə rəsmiləri Meri Mallonun ən azı 51 qarın yatalağı xəstəliyi halının yaranmasına səbəb olduğunu müəyyən etmişdilər və bu hallardan 3-ü ölümlə nəticələnmişdi. Bəzi tarixçilər isə həqiqi rəqəmlərin daha yüksək ola biləcəyini düşünürlər. Beləliklə, Meri ABŞ-də “Salmonella Typhi” bakteriyasının simptomsuz daşıyıcısı kimi müəyyən edilən ilk insanlardan biri olmuşdu.

1907-ci ildə Meri Nyu-Yorkun Şərq çayında yerləşən “North Brother” adasında məcburi karantində saxlanılır. 1910-cu ildə o, bir daha aşpaz işləməyəcəyinə söz verir və azadlığına qovuşur. Lakin başqa işlərdə qazandığı gəlir aşpazlıqdan əldə etdiyi gəlirdən müqayisə olunmaz dərəcədə az idi. Nəticədə o, fərqli adlardan istifadə edərək yenidən aşpaz kimi çalışmağa başlayır.

Şəkil 2. Mery Mallon “Riverside” xəstəxanasında

1915-ci ildə baş verən növbəti qarın yatalağı epidemiyası yenidən Meridən şübhələnməyə əsas verir və o, ikinci dəfə “North Brother” adasına göndərilir. Bundan sonra o, həyatının qalan hissəsini orada keçirir və 1938-ci ildə həmin adada da vəfat edir. Ümumilikdə, Meri Mallon təxminən 26 ilini karantin şəraitində keçirib ki, bu da onu tarixdə ən uzun müddət karantində saxlanılan simptomsuz daşıyıcılardan birinə çevirir.

Merinin hekayəsini oxuyarkən 2026-cı il Ümumdünya Qida Təhlükəsizliyi Gününün mövzusu haqqında düşündüm: "Yükdən həllərə doğru – hər yerdə təhlükəsiz qida"

Təxminən bir əsr bundan əvvəl qida mənşəli xəstəliklər cəmiyyət üçün böyük bir yük idi, doğrudur, elm bu problemləri yeni-yeni anlamağa başlayırdı. Xəstəlik ocaqlarının mənbəyini müəyyənləşdirmək çətin olur, profilaktik tədbirlər məhdud qalır, qeyri-müəyyənlik isə ictimai etimada təsir göstərirdi.

Rəsmi mənbələrin də açıqladığı kimi, bu gün qida mənşəli xəstəliklər ağır yük kimi qalmaqda davam edir, minimum 200 fərqli xəstəliyə səbəb olmaqla qlobal anlamda sağlamlığımıza, digər canlılara, təhsilə və iqtisadiyyata təsir göstərir. Bu gün isə biz bu yüklərdən həllərə doğru irəliləyirik. Günümüzdə mikrobioloji tədqiqatlar, epidemioloji araşdırmalar, ətraf mühit monitorinqi, sanitariya proqramları və elmə əsaslanan qida təhlükəsizliyi sistemləri sayəsində riskləri müəyyən edə, xəstəliklərin qarşısını ala və ictimai sağlamlığı Merinin yaşadığı dövrlə müqayisədə təsəvvür belə edilməyəcək səviyyədə qoruya bilirik.

Hesab edirəm ki, bu tarixi hadisə hələ də öz aktuallığını qoruyur. Müasir dövrdə də insanlar evlərində təşkil etdikləri tədbirlər üçün şəxsi aşpazlar dəvət edir, restoranlar və digər ictimai iaşə müəssisələri isə hər gün minlərlə insana xidmət göstərirlər. Buna görə də qida ilə təmasda olan işçilərin sağlamlıq vəziyyətinin izlənilməsi, xəstəlik əlamətləri daşıyan əməkdaşların qida hazırlanması prosesindən uzaqlaşdırılması, gigiyena qaydalarına riayət olunması və qida təhlükəsizliyi təlimlərinin keçirilməsi böyük əhəmiyyət daşıyır. Bu hadisə eyni zamanda bizə bir daha xatırladır ki, qida təhlükəsizliyi yalnız məhsulun deyil, onu hazırlayan insanların da məsuliyyəti və sağlamlığı ilə sıx bağlıdır. Təhlükəsiz qida istehlakçıya çatana qədər olan bir proses deyil; o, qidanı hazırlayan insanlardan başlayır. 

Mənim üçün isə Meri Mallonun hekayəsi sadəcə bir patogenin hekayəsi deyil, bu, bir mühacirin, bir zəhmətkeş qadının, ictimai səhiyyə sirrinin və elmin inkişafının hekayəsidir.

Bir əsrdən çox vaxt keçsə də, qarşımızdakı məqsəd dəyişməyib, qida mənşəli xəstəliklərin yaratdığı yükü elmə əsaslanaraq həll etməli və hər kəs üçün hər yerdə təhlükəsiz qidanı təmin etməliyik. 

Qida mikrobiologiyası üzrə tədqiqatçı olaraq, bu hekayə mənə bir daha xatırladır ki, keçmişdən öyrəndiyimiz hər bir dərs daha təhlükəsiz gələcəyin qurulmasına xidmət edir. Təhlükəsiz qida təsadüf nəticəsində əldə edilmir, o, yalnız elm, profilaktika və kollektiv məsuliyyətin nəticəsində ortaya çıxır.

İstinadlar:

1. Fotini Marineli, George Tsoucalas, Mariya Karamanu və Georgios Androutsos. "Meri Mallon (1869–1938) və qarın yatalağının tarixi" (Mary Mallon (1869-1938) and the history of typhoid fever), Qastroenterologiya Salnamələri: Yunan Qastroenterologiya Cəmiyyətinin rüblük nəşri

(Annals of Gastroenterology: Quarterly Publication of the Hellenic Society of Gastroenterology) 2013, cild 26 (2), s. 132. 26(2), 132.) 

2. Entoni Burden. Tifli Meri: Şəhər Tarixçəsi (Typhoid Mary: An Urban Historical). 2001.

Aytan Pirverdiyeva, ABŞ-nin Corciya Universitetinin Qida Elmi və Texnologiyası Departamentinin doktorantı