Sahib Alıyev: Bəzi kəndlərdə birləşmiş məktəblərə keçid ola bilər
“Büdcənin həcmi qədər onun məqsədəyönlülüyü və proqramlar üzrə düzgün tərtib olunması böyük əhəmiyyət daşıyır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sahib Alıyev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Sahib Alıyev əlavə edib ki, yeni cəmiyyət quruculuğu dördüncü sənaye inqilabının tələbləri nəzərə alınmaqla aparılmalıdır. Bu proses təkcə iqtisadiyyat və sənayedə deyil, elm, təhsil və mədəniyyət sahələrində də institusional və funksional dəyişiklikləri zəruri edir.
Deputat xüsusilə kənd yerlərində təhsil infrastrukturunun problemlərinə diqqət çəkib: “Rayonlarda məktəblərin tam komplektləşdirilməsi məsələsini tez-tez gündəmə gətiririk. Amma etiraf etməliyik ki, demoqrafik vəziyyəti və həmin ərazilərin hazırkı potensialını nəzərə alsaq, bəzi kəndlərdə birləşmiş məktəblərə keçid üzərində düşünmək olar”.
O qeyd edib ki, bu yanaşma həm resurslardan səmərəli istifadə edilməsinə, həm də tədris keyfiyyətinin yüksəlməsinə imkan verə bilər.
Sahib Alıyev deyib ki, regionlarda yol infrastrukturu kifayət qədər yaxşılaşdırılıb və bu, şagirdlərin mərkəzləşdirilmiş məktəblərə rahat daşınmasına imkan verir.
O bildirib ki, təhsil, mədəniyyət və sosial sahələr üzrə nəzərdə tutulan islahatlar Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.




