Sakit Məmmədov: Uşaq həvəslə şəkil çəkir, dartıb aparırlar ki, dərs oxusun

10 İyun, 2025 - 13:30
Sakit Məmmədov: Uşaq həvəslə şəkil çəkir, dartıb aparırlar ki, dərs oxusun
Sakit Məmmədov: Uşaq həvəslə şəkil çəkir, dartıb aparırlar ki, dərs oxusun

"Övladlarımız uşaqlıqlarını yaşamırlar. Onlara 2 yaşında uzun-uzadı şeir əzbərlətdirir, xarici dil öyrədirik. Valideynlər erkən yaşlarından uşaqlarını təhsillə çox yükləyirlər. Mənim fikrimcə, iki yaşındakı balaca oyuncaqları ilə oynamalıdır".

Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Xalq rəssamı Sakit Məmmədov deyib.

O bildirib ki, Almaniyada belə deyil. Orada uşağın beynini yükləmirlər, ona sərbəstlik verilir. Biz isə vaxtından əvvəl yükləyirik.

"Bu isə uşağın oxumağa marağını öldürür. Onu dərs oxumağa deyil, sanki məcburiyyətə sürükləyirik. Mən görürəm ki, uşaq həvəslə şəkil çəkir, onu dartıb aparırlar ki, dərs oxusun. Uşaq ağlaya-ağlaya kitabı əlinə alır. Və biz ondan gözləyirik ki, özümüzün ola bilmədiyimiz sahədə gələcəkdə uğurlu insan kimi tanınsın. Bu, mümkün deyil. Siz ac adama deyirsiniz ki, get işlə, sonra yemək verəcəyik. O həmin anda sadəcə şəkil çəkmək istəyir. Əgər etməsə, rahat ola bilməz. Biz isə uşaqların bu ehtiyacını anlamırıq. Onlar şəkil çəkəndə “get, dərs oxu” deyirik, dərs oxuyanda isə “get şəkil çək”. Bu düzgün yanaşma deyil. Biz övladlarımıza nəyisə məcbur etməli deyilik. Onun marağını tapmalıyıq, yönləndirməyi bacarmalıyıq", - deyə o qeyd edib.