SDU-da “Yaşıl dünya naminə həmrəylik - Dayanıqlı inkişafa doğru birgə addımlar” adlı seminar keçirilib

25 Oktyabr, 2024 - 12:45

Sumqayıt Dövlət Universitetində (SDU) "Karyera Həftəsi" çərçivəsində Məzun Assosiasiyası üzvlərinin təşəbbüsü və Dayanıqlı İnkişaf Komitəsinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik - Dayanıqlı inkişafa doğru birgə addımlar” adlı seminar keçirilib.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Təbiət elmləri fakültəsinin dekanı dosent Rəşad Səlimov Dayanıqlı İnkişaf Komitəsinin sədri olaraq, sessiyanın müəllimlərin peşəkar inkişafına və gənclərin məşğulluq bazarına dair biliklərini artırmağa yönəldiyini qeyd edib. O, seminarda müəllimlərin iştirakının, tədris prosesində yeni yanaşmaların tətbiqi və tələbələrin karyera inkişafına dəstək vermək baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Spikerlər - Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova, 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin direktor müavini Əjdər Quluzadə, Azərbaycan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Famil Niftiyev, BƏƏ-nin Abu Dabi əmirliyinin EDGE Group PJSC, Vergi məsələləri üzrə meneceri Həmid Ağahüseynov, onlayn formatda isə York Universitetinin doktorantı, assistant Anar Abtalıbov təqdimatlarla çıxış edərək iştirakçılara məşğulluq bazarı haqqında məlumat verərək, karyera imkanlarını artırmaq üçün praktik tövsiyələrini veriblər.

Daha sonra qonaqlar "Karyera Həftəsi" çərçivəsində təşkil olunan sərgi ilə tanış olublar.