Şəhərsalma həm də cəmiyyətin inklüzivliyini formalaşdırır - BMT rəsmisi

5 Noyabr, 2025 - 20:06
Şəhərsalma həm də cəmiyyətin inklüzivliyini formalaşdırır

“Şəhərsalma, memarlıq və infrastruktur dizaynı insanların həyat keyfiyyətini müəyyənləşdirir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) əməkdaşı Anna Soave ADA Universitetində təşkil edilən “Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalında deyib.

O bildirib ki, şəhərsalma, memarlıq və infrastruktur dizaynı sadəcə texniki proses deyil, insanların həyat tərzini, ictimai məkanı, hərəkət imkanlarını və ümumi yaşayış mühitini formalaşdıran əsas amillərdəndir.

“Bu sahələr insanların ictimai xidmətlərə, iş yerlərinə və şəhərin verdiyi imkanlara çıxışını müəyyən edir. Şəhərsalma həm də cəmiyyətin inklüzivliyini və gələcək nəsillərin yaşadıqları yerlərə qürur hissi ilə bağlılığını formalaşdırır”, – deyə Anna Soave əlavə edib.

Onun fikrincə, bu mövzular xüsusilə tədbirdə iştirak edən gənc tələbələr üçün vacibdir: “Azərbaycan yaxın zamanda Ümumdünya Şəhərsalma Forumunun (WUF 13) 13-cü sessiyasına ev sahibliyi etməyə hazırlaşır. Bu, ölkəni qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevirəcək”.