"Səhvlərim üzərində çalışma uğurumun əsas səbəbidir" - Ölkə birincisi
Bakı Ali Neft Məktəbinin (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisasının V kurs tələbəsi Elvina Əliyeva esse nəticələrinə əsasən, 100 baldan 96 bal toplayaraq Azərbaycan birincisi olub. Elvina bundan əvvəlki imtahanın essesiz mərhələsində də 91 balla ölkə birincisi adı qazanıb.
Qeyd edək ki, Elvina 5 il öncə ali məktəblərə qəbul imtahanlarında 689,6 bal toplayaraq BANM-ə qəbul olub və Prezident təqaüdçüsüdür.
“Azərbaycan müəllimi” oxucularını uğurlu gənclə daha yaxından tanış edir.
"Hər gün sistemli və planlı şəkildə, təkrar edərək, səhvlərim üzərində çalışaraq hazırlaşırdım"
Elvina Əliyeva 18 yanvar 2004-cü il təvəllüdlüdür. Şirvan şəhər 16 nömrəli tam orta məktəbi bitirib. Bakı Ali Neft Məktəbində təhsil alan gənc artıq 3 ildir ki, öz sahəsi üzrə “Prosol” şirkətində SOC analitiki vəzifəsində çalışır. V kurs tələbəsi bildirir ki, qəbul imtahanında yüksək bal toplamaqla yanaşı ali məktəbdə də çox yaxşı oxuyub: “Ali məktəbdə daim əlaçı olmuşam, 98 balla universiteti bitirəcəyimə ümid edirəm. Ali məktəbə qəbul olarkən Prezident təqaüdünə layiq görülmüşəm və bu təqaüdü 5 il ərzində saxlamışam”.
Elvina magistratura imtahanına çox ciddi hazırlaşıb: “Hər gün sistemli və planlı şəkildə, təkrar edərək, səhvlərim üzərində çalışaraq hazırlaşırdım. Düşünürəm ki, bu uğurumun ən böyük faktorlarındandır. Cavablar açıqlananda çox sevindim. Çünki öz əziyyətlərimin və zəhmətimin qarşılığını almışdım. Təbii ki, imtahana hazırlıq prosesi asan olmadı, çox çətinliklər oldu. Düşünürəm, əzmli şəkildə və çox çalışaraq bu çətinliklərin öhdəsindən gəldim”.
Elvina Əliyevanın gələcək hədəfi karyerası üzrə daha da irəliləməkdir.
Tələbələrə tövsiyəsi odur ki, planlı və sistemli şəkildə hazırlaşsınlar, çox təkrar etsinlər və əsla ruhdan düşməsinlər.



