Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib

13 Oktyabr, 2026 - 10:54
 Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib

Yusif Axundov Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Yusif Axundov 2001-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavriat, 2003-cü ildə isə magistratura pilləsi üzrə təhsilini başa vurub.

Əmək fəaliyyətinə 2002-ci ildə “Azərenerji” ASC-də mühəndis kimi başlayan Y.Axundov, 2005–2008-ci illərdə “McDermott Caspian Contractors Inc” şirkətində tərcüməçi və inzibatçı, 2008–2013-cü illərdə isə Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Kommersiya şöbəsində iqtisadi məsələlər üzrə müşavir vəzifələrində çalışıb.

O, həmçinin 2013–2017-ci illərdə “Gilan-Qəbələ Konserv Zavodu” MMC-də ixrac üzrə mütəxəssis və şöbə müdiri, 2018–2020-ci illərdə “Mars FK LTD” MMC-nin direktoru vəzifələrini icra edib. Yusif Axundov yeni təyinata qədər – 2024-cü ildən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışırdı.