Şərəfli alim ömrü

10 May, 2025 - 12:40
Şərəfli alim ömrü

Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı,
O şagirdəm ki, öyrəndim sükut ilə əlifbanı.
Nə hər dizdən olar məktəb, nə hər şagird əzbərxan.
Nə hər qətrə olar nisan, nə hər dərya sədəf kanı.

Xaqani Şirvani

Bu fikir artıq ədəbiyyatda çoxdan kök salıbdır... Hər bir sənətkarın, şairin poeziyada yerini müəyyənləşdirən onun sənətkarlıq meyarıdır. Sözün həqiqi mənasında, şeirləri ilə ürəklərə yol tapanlar, hətta bir misrası ilə belə yaddaşlara həkk olanlar poeziyada iz qoyanlardır. Səmimi poeziya özünü oxucusuna sevdirir, səmimi şairlər xalqın yaddaşında qalır.  Bu fikirlərin mahiyyətini ədəbiyyat və poeziya müstəvisindən asanlıqla digər müstəviyə - müəllim-tələbə müstəvisinə keçirmək olar. Universitet divarları arasında bütün ömrünü öyrətməyə həsr etmiş müəllimlər də sözün həqiqi mənasında yaradıcı insanlardır.

Uzun illərdir yaradıcılıqla bağlı müxtəlif araşdırmalar aparan Nyu York Universitetinin professoru Skot Barri Koufmanın fikirinə görə yaradıcı şəxslərin hamısının tipik xarakteri olmasa da, bu cür insanlarda müəyyən qədər bənzər davranış və xarakterik xüsusiyyətlər müşahidə edilir. Yaradıcı insanlar  xəyalpərəstdirlər,   hər şeyi müşahidə edirlər,   daha çox özlərinə uyğun vaxtlarda iş görürlər, həyatdakı maneələri fürsətə çevirməyi bacarırlar, davamlı olaraq yeni təcrübələrə can atırlar, uduzmaqdan qorxmurlar, hər şey haqqında mühakimə yürüdürlər, riskə getməyi sevirlər, həyatı özlərini ifadə etmək üçün bir fürsət kimi görürlər, öz arzularının arxasınca gedirlər,   bəzən zaman-məkan məfhumunu unudurlar, əhatələrinə gözəl şeylər yığırlar, nöqtələri birləşdirməyi bacarırlar, davamlı olaraq bəzi şeyləri dağıdıb, yenidən qurmağı sevirlər, fərqində olmaq – meditasiya üçün vaxt ayırırlar, şəraitə tez uyğunlaşmağı bacarırlar, qeyri-müəyyənliklərə qarşı tolerantdırlar, araşdırmağı sevirlər, dünyanı digərlərindən daha fərqli qavrayırlar, ehtimalları görə bilirlər, hadisələrə bir neçə mövqedən baxmağı bacarırlar, yumor hissi yüksək olur, qəlibləşmiş fikirlərdən uzaqdırlar, açıq fikirlidirlər, azaddırlar və daxili bir intizam qaydaları vardır.

Haqqında söhbət açmaq istədiyim nüfuzlu şəxsiyyət, daxili və xarici aləminin bütün çalarları ilə yaradıcı insanlar haqqında yuxarıda saydığım keyfiyyətlərə malik olan qocaman müəllim professor Nailə Verdizadədir.

 Nailə Verdizadənin Azərbaycan kimya elminin tarixində yaşayacaq insanlar arasında adı ön sıradadır. Onun hər bir yazdığı əsərlər sənətkarlıq, fikir dərinliyi, rəvanlıq cəhətdən ana dilimizin zənginliyini, gözəlliyini, incəliyini bir daha sübut edən qiymətli bir nümunədir. Əməllərində vətənpərvərlik, bəşəri məhəbbət, məslək eşqi, dərin etiqad, vüqar və sadəlik, xalq ruhuna yaxınlıq, dərin sənətkarlıq, müdriklik, həyata və insana məhəbbətin tərənnümü hər tərəfli təcəssüm etmişdir. 

2025-ci il mayın 10-da elmi, pedaqoji və ictimai fəaliyyəti ilə seçilən, analitik tədqiqatlar sahəsində tanınmış kimyaçı alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Analitik və üzvi kimya kafedrasının professoru, kimya elmləri doktoru, əməkdar müəllim Nailə Allahverdi qızı Verdizadənin 80 yaşı tamam olur.  

Nailə Allahverdi qızı Verdizadə Bakı şəhərində XX əsrin görkəmli Azərbaycan ziyalılarından biri, respublika elminin və təhsilinin inkişafında böyük rolu və parlaq dəst-xətti olan, bu gün də yüksək ehtiram və hörmətlə xatırlanan professor Allahverdi Verdizadənin ailəsində dünyaya göz açmışdır. Nailə xanımın atası professor Allahverdi Verdizadənin  Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (APİ) Təbiət-Kimya fakültəsinin formalaşmasında, kimya müəllimlərinin hazırlanmasında, respublika səviyyəli mərkəzə çevrilməsində böyük əhəmiyyəti olub. Onun abituriyentlər üçün yazdığı “Kimyadan vəsait” adlı kitab ali məktəbə qəbul olmaq istəyənlər üçün uzun illər ən vacib öyrənmək mənbəyi olubdur. 

Nailə Verdizadə1952-1962-ci illərdə Bakı şəhərində 36 nömrəli  orta məktəbdə, 1962-1967-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnsititutunun (indiki ADPU) Kimya və biologiya fakültəsində təhsil alıb. Tələbə ikən TEC xətti ilə elmi-tədqiqat işi aparıb, elmi konfranslarda çıxışlar edib.  Pedaqoji fəaliyyətə Pedaqoji İnstitutda  assistent kimi başlayıb. ADPU-nun Analitik və fiziki kimya kafedrasının assistenti (1967-1970), baş müəllimi  (1970-1972), dosenti (1978), kafedra müdiri (1976-2017) və 2017-ci ildən Analitik və üzvi kimya kafedrasının professoru olmuşdur. Analitik və fiziki kimya kafedrası professor Nailə Verdizadənin rəhbərliyi ilə Moskva şəhərində yerləşən Mitşinski Əlvan Metallar zavodu ilə təsərrüffat hesablı müqavilə əsasında elmi-tədqiqat işləri aparılmış və həmin təcrübələrin yerinə yetirilməsinə kimya ixtisasında oxuyan istedadlı tələbələr də cəlb olunmuşdur.
Nailə Verdizadə Analitik kimya kafedrasının nəzdində olan Koordinasion birləşmələr elmi tətqiqat laboratoriyasına rəhbərlik etmişdir (1989-2012). O, az müddətdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutunda Analitik kimya kafedrasının baş müəllimi vəzifəsində də (1972-1973) çalışmışdır.


Nailə Verdizadə 1970-ci ildə “Qələvi torpaq metalların periodatları talliumun təyinində bir reagent kimi” analitik kimya ixtisası üzrə kimya elmləri namizədi, 1991-ci ildə elmi işlərini ümumiləşdirərək “Fotometrik analizdə d-keçid metalların amin-rodanid kompleksləri” mövzusunda analitik kimya ixtisası üzrə dissertasiya müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini və  1986-cı ildə isə professor elmi adı almışdır. Elmi sahəsi “Koordinasion birləşmələr kimyası”, istiqaməti “analitik kimya“, dar ixtisası isə fotometrik və ekstraksiyalı-fotometrik analizdir. 

Nailə Verdizadənin ABŞ, Rusiya, Avstriya, Niderland, Avstraliya, Macarıstan, Bolqarıstan və digər ölkələrdə keçirilmiş beynəlxalq elmi konqres, simpozium və konfranslarda fəal iştirak etməsi gələcək illərdə onun dünyanın qabaqcıl elm mərkəzləri və alimləri ilə elmi əlaqələr qurması üçün zəmin yaratmışdır. O, hər zaman beynəlxalq əlaqələrin genişləndirilməsinə, xarici ölkələrin alim və mütəxəssisləri ilə faydalı elmi əməkdaşlığa, təcrübə mübadiləsinə xüsusi əhəmiyyət vermiş və bu istiqamətdə əməli addımlar atmışdır. Apardığı elmi-tədqiqat işlərinin nəticələri  ilə bağlı SSRİ-də keçirilmiş Ümumittifaq və respublika konfrans və simpoziumlarda, ümumi və tətbiqi kimya üzrə XII Mendeleyev qurultayında (1981), ekologiya üzrə Rusiya-Amerika Beynəlxalq konqresdə (1996), Polşada keçirilən qurultayda, Avstriyanın Vyana şəhərində (1990), Evroanaliz VII konqresində, Voronejdə (2003, 2005, 2010) beynəlxalq forumlarda məruzələrlə çıxış edib. N.A.Verdizadə Voronejdə keçirilən forumların beynəlxalq koordinasiya komitəsinin  üzvü olub. Görkəmli alim elmi fəaliyyətinin müxtəlif dövrlərində dünyanın elm sahəsində ağırlıq mərkəzlərini təşkil edən elmi məktəblərdə yaradıcılıq ezamiyyətində olmuş və analitik kimya sahəsində böyük tədqiqatlar aparmışdır.  Belə ki, 1978-ci ildə Çexoslovakiya alimi professor Sommerin dəvətilə bir ay müddətində Brno Universitetinə, 1981-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində akademik İ.P.Alimarinin kafedrasında üç ay müddətində elmi ezamiyyətdə  olmuşdur. 

1978, 2009 və 2014-cü illərdə ADPU-da “Üzvi reagentlərin analitik kimyada tətbiqi” mövzusunda Respublika Elmi Konfransının  keçirilməsi və həmin konfransda dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirak etməsi təşkilatın beynəlxalq əlaqələrini daha da genişləndirdi. Bu konfransın əsas təşkilatçılarından biri kimi Nailə Verdizadənin rolunu xüsusi olaraq qeyd etmək lazımdır.
Yüz illərlə Azərbaycan alimlərinin ədəbi-pedaqoji yaradıcılığı, didaktik fikirləri, ümumtürk mədəniyyətinin, tərbiyə və təhsilinin zənginləşməsinə öz töhfələrini vermişdir. Azərbaycan alimləri heç vaxt milli çərçivədə qalmamış, müsəlman-Şərq aləminin mühüm mədəni mərkəzlərini gəzib-dolaşmış, bir tərəfdən elmləri öyrənmiş, digər tərəfdən isə öz biliklərini həvəslə başqalarma öyrətmiş, müxtəlif tədris müəssisələrində müəllimlik etmiş, əsərləri ilə insanlarm mənəvi inkişafma, əxlaq tərbiyəsinə qüvvətli təsir göstərmiş, əqli həyatın, mütərəqqi yaşayışın inkişafma kömək göstərmiş, dünya mədəniyyətini zənginləşdirmişlər.

Nailə xanım uzun illərdir ki, ixtisaslaşmış müdafiə şuralarının, müxtəlif komissiyaların üzvü (1978-1988) və Azərbaycan qadınları və müəllimləri qurultaylarının nümayəndəsi olmuşdur.  Özünəməxsusluq, bənzərsizlik onun elmi-pedaqoji fəaliyyətinin qayəsindədir. O, Azərbaycan kimya elmində yeni irs, yeni cığır açmış alim-pedaqoqdur. 

 Professor N. Verdizadə 400-dən artıq elmi işin, o cümlədən 40-dan çox kitabın müəllifidir. Onun elmi məqalələri bir sıra nüfuzlu beynəlxalq elmi jurnallarda və məcmuələrdə dərc olunmuş və bu elmi məqalələrinə dünya alimləri tərəfindən 100-dən artıq istinad verilmişdir. Onun rəhbərliyi altında 2 elmlər doktoru və 9 kimya üzrə fəlsəfə doktoru dissertasiya işlərini müdafiə etmiş və 15 tətbiq aktı alınmışdır. Berlin Universitetində çap olunmuş kimya üzrə monoqrafiyada professor Nailə Verdizadənin rəhbərliyi altında yaranan elmi məktəbin apardıqları elmi-tədqiqat işlərinin nəticələri haqqında geniş məlumat verilmişdir.  

Öz peşəsini dərindən sevən Nailə xanım həm də işgüzardır, əməksevərdir. Onun güclü potensialı var, dərin düşüncəyə malikdir, yaradıcı şəxsiyyətdir. Hər bir fikrə öz meyarları çərçivəsində yanaşmağı bacarır, hər bir nəzəri fikirləri dərin, tutarlı faktlara, dəlillərə söykənir. O, həm analitik kimya, həm də pedaqoji sahədə mühüm tədqiqat əsərlərinin müəllifidir; məhsuldar alimdir, çoxlu sayda elmi məqalə, publisistik yazı, elmi-kütləvi kitabların müəllifidir. Uzun müddət respublikada keçirilən kimya üzrə fənn olimpiadalarının münsiflər heyətinin tərkibində fəaliyyət göstərən Nailə xanımın müəllifi olduğu ali məktəb dərslikləri neçə on illərdir tələbələrin ən vacib saydıqları kitablardandır. 

Professor Nailə Verdizadənin elmi-pedaqoji və içtimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. Belə ki, o D.İ.Mendeleyev adına Ümumittifaq kimya cəmiyyətinin Azərbaycan bölməsinin diplomu (1980), SSRİ Ali və Orta Təhsil Nazirliyi tərəfindən  “За отличные успехи в работе” döş nişanı (1981), “Əməkdar müəllim” (2005), rektorluq tərəfindən “İlin Alimi“ adına layiq görülmüş (2007),  “Qızıl qələm” mükafatı laureatı (2008), Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Yüksək ixtisaslı kadrlarının hazırlanması sahəsində uzun müddət səmərəli fəaliyyətinə görə “Fəxri fərman“ ilə təltif olunmuşdur (2015). Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir (2021).

N.Verdizadənin adı Şimali Karolina ştatında Amerika bioqrafiya institutu tərəfindən 2001-ci ildə professional qadın kimi “Kim-kimdir” beynəlxalq nəşrin 8-ci buraxılışına daxil edilib.

Professor Nailə Verdizadə qayğıkeş ailə başçısı olmaqla bərabər, həm də vətəndaş, vətənpərvər insan kimi yüksək keyfiyyətlərə malikdir. O, öz xalqının tarixinə, mədəniyyətinə, adət və ənənələrinə böyük hörmət və ehtiramla yanaşan bir insandır. Bu, onun yüksək əxlaqi potensialından və mənəvi zənginliyindən xəbər verir.

Həyatda yolunu sapmadan enişli-yoxuşlu yolları şərəflə və müvəffəqiyyətlə keçən, ləyaqəti hər şeydən üstün tutan, geniş həyat təcrübəsinə malik olan Nailə xanım çox optimist bir insan olmaqla Azərbaycanın və elmimizin parlaq gələcəyinə böyük əminliklə inanır. O, respublikamızın və elmimizin sabahının etibarlı təminatını Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin düzgün siyasəti və çevik diplomatiyası sayəsində ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş qüdrətli dövlətimizdə, respublikamızda hökm sürən siyasi sabitlikdə, güclü iq-tisadiyyatımızda, gündən-günə peşəkarlaşan kadr potensialımızın olmasında görür.

Professor Nailə Verdizadə alnıaçıq, şərəflə yaşayaraq ömrünün 80 ilini arxada qoyur. Bu gün həyatının müdriklik çağını yaşayan Nailə xanımı 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, elmi, pedaqoji və ictimai fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayıram.


Əli Zalov,
Kimya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri