Şərəfli alim ömrü – Fərrux Rüstəmovun 65 illik yubileyi

12 Yanvar, 2026 - 11:19
Şərəfli alim ömrü – Fərrux Rüstəmovun 65 illik yubileyi

Ömrünün 65 ilini arxada qoyan Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovu pedaqoji ictimaiyyətimizə tanıtmağa xüsusi ehtiyac olmasa da, onun qısa bioqrafiyasını - ömrünün yaddaqalan anlarını, xüsusən elmi bioqrafiyasını xatırlamaq yaxşı olar. 

Göyçənin Cil kəndindən başlayan ömür yolu

Fərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kəndində anadan olub. 1968-1978-ci illərdə Cil kənd orta məktəbində, 1978-1982-ci illərdə V.İ.Lenin adına ADPİ-nin (indiki ADPU) Pedaqoji fakültəsində təhsil alıb. Orta məktəbi “Tərifnamə”, ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində fakültə Əlaçılar şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olub, “Əla təhsilə görə”, “Əla təhsilə və ictimai işə görə” SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin I-II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri Fərmanları ilə təltif olunub. 

Müəllim, direktor, aspirant, professor

1982-1985-ci illərdə Quba rayonunun Rəngidar kənd səkkizillik məktəbində müəllim və məktəb direktoru işləyib. 1985-ci ildə V.İ.Lenin adına ADPİ-nin pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə əyani aspiranturasına daxil olub. 1985-1987-ci illərdə Qazaxıstanın Leninski şəhərində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra aspirantura təhsilini davam etdirib. “Azərbaycanda sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər)” mövzusunda namizədlik (1989), “Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)” mövzusunda doktorluq (2003) dissertasiyalarını müdafiə edib.
1988-ci ildə SSRİ Elmlər Akademiyasının Sovet Sosioloqlar Assosiasiyasının üzvü seçilib. Pedaqoji Universitetin Şagirdlərin peşəyönümü elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi (1990-1991), Ümumi pedaqogika kafedrasında müəllim (1992-1995), dosent (1996-2004), professor (2004-2006) vəzifələrində çalışıb.

Dekan və kafedra müdiri

Şagirdlərin peşəyönümü elmi-tədqiqat laboratoriyasına (1996-2000) və Dədə Qorqud ETL-in pedaqogika, psixologiya, fəlsəfə bölməsinə (2000-2004), Bakı Qızlar Seminariyasının (Bakı Qızlar Universitetinin) Pedaqogika kafedrasına (1998-2006), ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasına (2007-2011) və Pedaqoji təhsilin problemləri elmi-tədqiqat laboratoriyasına (2008-2011) rəhbərlik edib. 2006-cı ildən İbtidai təhsilin pedaqogikası kafedrasının professoru kimi fəaliyyət göstərir. 2007-2022-ci illərdə ADPU-nun Pedaqoji fakültəsinin (indiki İbtidai təhsil fakültəsinin) dekanı, fakültə Elmi Şurasının sədri, Universitet Elmi Şurasının üzvü olub.

2022-ci ildən ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, Universitet Elmi Şurasının üzvüdür. Təşəbbüsü ilə İbtidai təhsil fakültəsinin bakalavriat səviyyəsində “İbtidai sinif müəllimliyi” ixtisasının ingilis bölməsi, magistratura səviyyəsində Təhsildə monitorinq və qiymətləndirmə və Sosial pedaqogika ixtisasları yaradılıb, “Təhsilin əsasları” auditoriyası açılıb. Fakültənin ilk dekanı dosent İ.Vəlixanlının, professor M.Muradxanovun 100 illik və fakültənin  50 illik yubileyləri keçirilib.

Elmi yaradıcılığı

50-dən çox monoqrafiya, kitab və kitabçası, 40 tədris proqramı, 200-dən çox elmi məqaləsi, 40 tezisi, 250-dən artıq elmi-pedaqoji və publisistik qəzet yazısı işıq üzü görüb. Kitablarından biri (“Şərqdə təlim-tərbiyə”) Tehranda, biri (“Azərbaycanda təhsilin inkişaf istiqamətləri”) Moskvada nəşr olunub. 20 kitabın tərtibçisi, 100-dən çox kitabın elmi redaktoru və rəyçisi olub. Əsərləri Bakı, Moskva, Səmərqənd, Çeboksarı, Tehran, Təbriz, İstanbul, Astana, Sankt-Peterburq və Tbilisi şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində Azərbaycan, rus, türk, özbək dillərində çap olunub. Yunanıstan, Albaniya, Rusiya, Finlandiya, İsveç, Norveç, Danimarka, Estoniya, İspaniya və Portuqaliyada yaşlıların təhsili ilə bağlı keçirilən beynəlxalq konfranslarda iştirak edib. Son illərdə onun yaradıcılığında yeni bir elmi istiqamət - Qərbi Azərbaycanda təhsil və pedaqoji fikir tarixinin tədqiqi və təbliği formalaşmışdır. Bununla bağlı “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” (2022), “İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” (2024) monoqrafiyaları və silsilə məqalələri nəşr olunub. 

Elmi kadr hazırlığı

Onun elmi məsləhətçiliyi ilə 4 nəfər pedaqogika üzrə elmlər doktoru, elmi rəhbərliyi ilə 35 nəfər pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 4 nəfərin elmlər doktoru, 36 nəfərin pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin rəsmi opponenti olub.1997-ci ildən 2009-cu ilə kimi Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Təhsil Problemləri İnstitutunda və ADPU-da fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsil tarixi ixtisası üzrə Dissertasiya Şurasının üzvü olub. 2009-2016-cı illərdə ADPU-da fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi üzrə Dissertasiya Şurasının sədr müavini olub. Sədrliyi ilə 22 nəfər elmlər doktoru, 155 nəfər pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. Hazırda ADPU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, Dissertasiya Şurasının nəzdindəki seminarın sədridir. Naxçıvan Müəllimlər İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasının nəzdindəki elmi seminarın üzvüdür. 1993-2016-cı illərdə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurasının üzvü olub. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının Pedaqogika, psixologiya və fənlərin tədrisi metodikası bölməsinin üzvüdür.

Elmi jurnalarda təmsilçiliyi

“ADPU-nun Xəbərləri”, “Kurikulum”, “Azərbaycan məktəbi”, “Məktəbəqədər və ibtidai təhsil”, “Təhsildə İKT”, “Dədə Qorqud araşdırmaları”, “Media və təhsil innovasiyaları”, “Bakı Qızlar Seminariyasının Elmi Xəbərləri”, “Naxçıvan Universitetinin Elmi Xəbərləri”nin redaksiya heyətinin üzvü, “Pedaqoji tədqiqatlar” elmi məqalələr məcmuəsinin və “İbtidai təhsilin problemləri” elmi məqalələr toplusunun  baş redaktorudur.

Azərbaycanda müəllim kadrları hazırlığının strategiya və konsepsiyasını hazırlayan işçi qrupunun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu hazırlayan işçi qrupunun, Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, “Həyat bilgisi” fənn kurikulumunu hazırlayan işçi komissiyasının sədri olub. 

Elmi uğurları, mükafatları, Prezident təltifləri 

Fərrux Rüstəmov Azərbaycan Jurnalistlər Birliyinin üzvü, akademik Mehdi Mehdizadə, “Gənc alimlər”, “Firidun bəy Köçərli” və “Qızıl qələm” mükafatları laureatıdır. “Avropa Nəşr Mətbu evi” komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı (2009), Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” (2010) döş nişanı ilə təltif olunub. “Vektor” Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsr Azərbaycan ziyalıları” ADPU-da “İlin müəllimi” (2007), “İlin alimi” (2011, 2013, 2015) müsabiqələrinin qalibi olub. Təhsil Nazirliyinin, müxtəlif ali təhsil müəssisələrinin, beynəlxalq və respublika səviyyəli təhsil qurumlarının, KİV-in fəxri fərman və diplomları ilə təltif edilib. 
1998-ci ildə Moskva şəhərində yerləşən Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, 2010-cu ildə isə Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Tərəqqi” medalına (2006), “Əməkdar elm xadimi” (2011) fəxri adına və 3-cü dərəcəli “Əmək” ordeninə, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına və “Azərbaycan Dövlət Pedaqoji Universiteti-100” yubiley medalına layiq görülüb.

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, Çəmbərək rayon icmasının İdarə heyətinin üzvü, Cil kənd icmasının sədri, Qərbi Azərbaycan İcmasının nəzdindəki Elm komissiyasının üzvüdür.

Yaradıcılığına  akademik baxış

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yazırdı ki, professor Fərrux Rüstəmovun pedaqoji yaradıcılığı, elmi məktəbi, təşkilatçılıq fəaliyyəti və milli təhsil quruculuğu və pedaqoji kadr hazırlığındakı xidmətləri onu Azərbaycan pedaqoji elminin qürur duyulan şəxsiyyətlərindən birinə çevirmişdir. Akademik Hüseyn Əhmədov öz yetirməsi haqqında yazırdı: “Fərrux Rüstəmovun əsərləri Azərbaycan pedaqoji elmini zənginləşdirən elmi yaradıcılıq nümunələridir”. Professor Əjdər Ağayevin təbirincə desək, Fərrux Rüstəmovun ”Azərbaycan pedaqogikaşünaslığı” pedaqoji elmimizin bir əsrlik salnaməsidir, Azərbaycan pedaqoji elmində hadisəyə çevrilmiş bir əsərdir. Pedaqogikaşünaslığın meydana gətirilməsi məhz Fərrux Rüstəmova məxsus elmi fədakarlıq, yaradıcı xidmətdir. Fərrux Rüstəmov elmşünaslığın tərkib hissəsi kimi pedaqogikaşünaslığı yaratmış və formalaşdırmışdır. O, Azərbaycan pedaqogikaşünaslığının pioneri olaraq öndədir. Fərrux Rüstəmov mükəmməl pedaqogika tarixçisidir. O, Əhməd Seyidov, Mehdi Mehdizadə, Mərdan Muradxanov, Hüseyn Əhmədov məktəbinin ənənələrini yaşadaraq və müasirlik düşüncəsi ilə onları inkişaf etdirərək, məzmununu, elmi əhatə dairəsini genişləndirərək sanballı bir elmi mövqeyə malik olmuşdur.

Azərbaycanda elmi-pedaqoji fikrin inkişafında və bir elm sahəsi kimi pedaqogikaşünaslığın formalaşdırılmasında professor Fərrux Rüstəmovun müstəsna xidmətləri vardır. Onun özünəməxsus yaradıcılıq üslubu və fərqli düşüncə tərzi vardır. Lakonik düşüncə tərzi, faktlara obyektiv münasibət, analitik təhlil, fakt və hadisələrə həmin dövrün sosial-siyasi və tarixilik müstəvisində yanaşmaq, müqayisə, ümumiləşdirmə və nəticənin əsaslandırılması kimi tədqiqatçılıq bacarığı onun yaradıcılığına xas olan keyfiyyətlərdir.
Professor Fərrux Rüstəmovun pedaqogika elmi sahəsində xidmətləri çoxdur. Onun yazdığı bir çox dərslik və dərs vəsaitləri müəllim və tələbələrin ən çox müraciət etdikləri mənbələr sırasında mühüm yer tutur.

Bir faktı xüsusi qeyd etmək lazımdır. 2021-ci ildə müəllim hazırlığının flaqmanı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 yaşı tamam olurdu. Hazırlıq ərəfəsində heç bir mübaliğə olmadan deyirəm ki, gecəli-gündüzlü işləyənlərdən, arxivlərdə çalışan, ötən yüz ili “canlandıranlardan” məhz Fərrux müəllim oldu. İkicildlik “Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi”, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları”, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabları həqiqətən də nadir və çox böyük əziyyət, zəhmət tələb edən əsl tarixi tədqiqatlar oldu.

Professor F.Rüstəmovun şəxsiyyəti təkcə bunlarla məhdudlaşmır. Əsl pedaqoqlara məxsus humanistlik, ehtiyacı olsun-olmasın hamıya, xüsusən gənc tədqiqatçılara kömək etmək, elmi rəhbərimiz olan mərhum akademik Hüseyn Əhmədov kimi onların əlindən tutub irəliləmələrinə yardımçı və dəstək olmaq Fərrux müəllimi ən gözəl keyfiyyətlərindən biri kimi tanıtdırır və sevdirir. Dostcanlı, həmkarlarına qarşı səmimi, tələbə və yetirmələrinə mehriban münasibət, hamıya kömək etməyi özünə borc hesab edən Fərrux müəllim tələbələri tərəfindən də çox sevilən müəllimlərdəndir. Onun istər yüksək elmi məclislərdə, istərsə də tələbə auditoriyalarında mühazirələri və çıxışları həmişə maraqla qarşılanır və dinlənilir. Çünki burada həmişə yeni söz, yeni fikir və yeni faktlar olur ki, bunlar da dinləyicini istər-istəməz özünə cəlb edir. 

Azərbaycan pedaqoji mühitində özünə möhkəm mövqe qazanan, fikirləri ilə hesablaşılan alimlərdən biri olan Fərrux Rüstəmov pedaqoji sahədə yeni bir ənənənin əsasını qoyub. Elmi redaktorluğu ilə doktorantlarının əsərlərinin monoqrafiya şəklində nəşrinə nail olub. Həmin əsərlərə geniş “Ön söz” yazaraq tədqiqatçıların ilk qələm təcrübələrinə yüksək qiymət verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə hazırlanan “Azərbaycan Milli Ensiklopediyası”nın “Azərbaycan cildi”ndə pedaqogika elmi haqqında xüsusi oçerkin yazılması, professor Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” çoxcildliyinin elmi redaktorluğunun ona həvalə olunması Fərrux Rüstəmovun elmi-pedaqoji ictimaiyyət arasında yüksək nüfuzuna, intellektual səviyyəsinə və kreativ düşüncə sahibi olmasına dəlalət edir.  Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov ömrünün ən məhsuldar dövrünü yaşayır. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin yubeliyi” (yubileydən-yubileyə), “Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Ümumittifaq Türkoloji Qurultay” kitabları üzərində işləyir. Ona bu yubiley ilində uzun ömür, möhkəm cansağlığı və daha böyük yaradıcılıq  uğurları  arzu edirik. 

Müseyib İLYASOV,
ADPU-nun Təhsil menecmenti kafedrasının professoru, pedaqogika elmləri doktoru, Əməkdar müəllim