“Sertifikasiya həm də cəmiyyəti savadlandırır” – Region müəllimlərinin baxışı
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesində iştirak edərək yüksək nəticələri ilə seçilən müəllimlərin uğur hekayələrini oxucularımızla bölüşürük.
"Azərbaycan müəllimi" ölkənin müxtəlif bölgələrindən olan peşəkar təhsilverənlərlə həmsöhbət olur. Növbəti müsahiblərimiz Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin müəllimləridir.
"Sertifikasiya dünənin müəllimini köhnəlikdən müasirliyə çəkib aparan, müasir müəllimə çevirən bir yanaşmadır".
Əməkdar müəllim, "Tərəqqi" medallı Çingiz Muradlı İsmayıllı şəhəri E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimidir.
2023-cü ildə sertifikasiya imtahanının test mərhələsində 57, müsahibədə isə 40 bal, yəni maksimal nəticəni toplayıb. 2008-2009, 2013-2014-cü tədris illərində "Ən yaxşı müəllim" müsabiqəsinin, 2014-2015-ci tədris ilində "V Elektron Təhsil" respublika müsabiqəsinin qalibi olub.
Çingiz müəllimin sözlərinə görə, müasir Azərbaycan təhsilində aparılan köklü islahatlar həm öyrədənlərin, həm də öyrənənlərin rolunun vacibliyini prioritet məsələyə çevirib. O bildirir ki, dünya təhsilinə inteqrasiya və inkişaf etmiş ölkələrin təhsili səviyyəsinə çatmaq təhsilimizin qarşısında duran vacib məsələlərdəndir:
"Bu aspektdən baxanda müəllimlərin də müasir standartlara cavab verməsi baxımından sertifikasiya prosesinə cəlb edilməsini təqdirəlayiq hesab edirəm.
Sertifikasiya dünənin müəllimini köhnəlikdən müasirliyə çəkib aparan, müasir müəllimə çevirən bir yanaşmadır. Son dərəcə əhəmiyyətli olan bu proses, demək olar ki, bugünün müəllimini yenidən yaradır".
*"Sertifikasiya imtahanının təşkilini təhsil sistemimizin keyfiyyətinin yüksəldilməsi üçün çox əhəmiyyətli addımlardan biri olduğunu hesab edirəm"*
Sədəf Bağıyeva İsmayıllı rayon Sumağallı kənd tam orta məktəbinin fransız dili müəllimidir. 15 illik pedaqoji təcrübəsi dövründə bir sıra uğurlar əldə edən Sədəf müəllim 2024-cü ildə sertifikasiya imtahanında 59 bal toplayıb. Eyni zamanda Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi təlimlərdə, ARTİ-nin "Müasir metodist" layihəsi çərçivəsində təşkil etdiyi təlimdə uğurla iştirak edib.
Sədəf Bağıyeva sertifikasiya prosesinin əhəmiyyəti haqqında fikirlərini bölüşür: "Müəllimlərin sertifikasiyası imtahanının təşkilini təhsil sistemimizin keyfiyyətinin yüksəldilməsi üçün çox əhəmiyyətli addımlardan biri olduğunu hesab edirəm. Sertifikatlaşdırma təhsilverənlərin həm fənn biliklərini, həm də pedaqoji hazırlığını yoxlayır və onların peşəkar inkişafına təkan verir. Bu, müəllimlərin daim öz üzərində işləməsinə, müasir tədris metodlarını öyrənməsinə və dərs prosesində daha effektiv yanaşmalar tətbiq etməsinə şərait yaradır".
"Sertifikasiya bir növ güzgüdür"
Vüsalə Məlikova Şamaxı Avropa liseyində ibtidai sinif müəllimi işləyir. 2023-cü ildə sertifikasiya imtahanının test mərhələsində 59, müsahibə mərhələsində isə 40 bal toplayıb.
Sertifikatlaşdırmanın təhsilverənlərin peşəkarlıq səviyyəsinin yoxlanılması üçün nəzərdə tutulduğunu vurğulayan Vüsalə müəllim deyir:
"İmtahana hazırlaşarkən biliklərimizi yeniləyirik. Yüksək nəticə toplayanda isə illərin zəhmətinin hədər getmədiyini görürük. Bu, insana həm böyük bir mənəvi rahatlıq, həm də peşəkar fəaliyyətində güclü bir özünəinam bəxş edir.
Uğurlu nəticə birbaşa maaş artımı deməkdir. Çəkilən əziyyətin qarşılığını görmək çox sevindiricidir. Sertifikasiya bir növ güzgüdür. Harada güclü olduğumuzu, harada isə inkişafa ehtiyac duyduğumuzu göstərir. Beləcə, özümüzü təkmilləşdiririk. Və biz özümüzü inkişaf etdirdikcə bizdən öyrənənlər də daha keyfiyyətli, daha müasir və maraqlı biliklər alırlar. Bu da bütövlükdə cəmiyyətin savadlanmasına xidmət edir".




