Sertifikasiyanın ikinci günü - Şərqi Zəngəzur müəllimləri yüksək nəticə göstəriblər
Sertifikasiyanın ikinci günündə Şərqi Zəngəzur regionu üzrə 167 nəfər müəllim imtahanda iştirak edib.
"Azərbaycan müəllimi" bu dəfə də yüksək nəticə göstərən bir neçə müəllimin fikirlərini öyrənib.
Mirvari Əlibəyova qayıdışın ilk cığırı, ilk səsi olan Cocuq Mərcanlı kəndində Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta ümumtəhsil məktəbində təsviri incəsənət müəllimi kimi fəaliyyət göstərir. İmtahanda 57 bal toplayan Mirvari müəllim imtahanın rahat keçdiyini deyir.
"İmtahana ciddi hazırlaşmışdım. Qazandığım bu nəticə yuxusuz gecələrimin, uzunmüddətli yorğunluğumun əvəzi idi. Nə imtahandan əvvəl, nə də imtahan zamanı həyəcanım var idi. Şükür istədiyimi əldə etdim. Düşünürəm, əziyyət heç vaxt itmir. Sertifikasiya müəllimin davamlı inkişafı, maddi rifahı və müəllimə cəmiyyətin etimadı baxımından vacib və əhəmiyyətli prosesdir".
Növbəti yüksək nəticə göstərən Zəngilan rayon 22 nömrəli məktəbin təsviri incəsənət müəllimi Aysu İsmayılovadır. O da 58 bal toplayıb.
"İmtahana girməmişdən əvvəl bilirdim və özümdən əmin idim ki, mən 50-dən çox bal toplayacağam. Nəyə görə? Çünki mən bunun üçün çox çalışdım, çox ciddi hazırlaşdım, məsuliyyətlə yanaşdım bu sertifikasiyaya və əmin idim ki, öz fənnimdən bütün suallara cavab verəcəyəmm. İki səhvim oldu, o da ki, kurikulumdandır. Mənə elə gəlir ki, sertifikasiyaya ciddi, məsuliyyətlə yanaşan hər bir müəllim uğur əldə edə bilər".
İkinci gündə Aysel Qasımlı da 58 bal toplayan müəllimlər sırasındadır. Naxçıvanlı müəllim hazırda Laçın rayon Sədi Fərmanlı adına Kamallı kənd məktəbində fəaliyyət göstərir. “Bu il sertifikasiya imtahanına cəlb olunmuşam və burada yüksək nəticə əldə etmişəm. İmtahanda iştirak edən müəllimlərə tövsiyə kimi məsləhət etmək istəyirəm. Vərəqə nə yazmısınızsa diqqətlə kompüterə də köçürün. Yəni mən bu səhvləri etməsəydim tam balı toplayacaqdım. Bu da həyəcandan olub. Digər müəllim yoldaşlarıma demək istəyirəm ki, həyəcandan azad olsunlar, uğura gedən rahat şəkildə addımlasınlar ki, tam nəticəni əldə edə bilsinlər".
Goranboyda yerləşən Kəlbəcər rayon 100 nömrəli orta məktəbin təsviri incəsənət müəllimi Xəlilova Gülçin də yüksək nəticəsinə görə sevinir. 58 bal toplayan Gülçin müəllim sevincini belə bölüşür:
"Sertifikasiya müəllimi hansısa yoxlama mexanizmi deyil, məsuliyyətin, davamlı inkişafın, özünə tələbkarlığın bir göstəricisidir. Təhsil fəaliyyətimdə bakalavrlıqdan doktoranturaya qədər məsuliyyət, tələbkarlıq və ən əsası da özünəinam mənim üçün vacib olub. Nəticəm mənə onu göstərdi ki, təkmilləşmə heç vaxt bitmir. Həmkarlarıma davamlı öyrənmə, özlərinə inam, pedaqoji fəaliyətlərində uğurlar arzulayıram".
Laçın rayon 11 nömrəli tam orta ümumtəhsil məktəbində təsviri incəsənət müəllimi Mehrivari Günel 58 bal topladığı üçün sevincli, həm də həyəcanlıdır.
"Sertifikasiya imtahanı bir müəllimə maaş artımından əlavə, öz biliyini ölçmə, öz üzərində işləmək imkanı verir. Ötən il MİQ imtahanında 89, bu gün isə sertifikasiya imtahanında 58 bal topladım. İmtahan rahat və uğurlu keçdi".




