Şərur və Culfada Regional Ailə mərkəzlərinin yaradılmasına başlanılıb

19 Noyabr, 2025 - 12:57
Şərur və Culfada Regional Ailə mərkəzlərinin yaradılmasına başlanılıb

“Müvafiq Dövlət Proqramının icrası ilə bağlı Şərur və Culfa rayonlarında Regional Ailə mərkəzlərinin yaradılması istiqamətində işlərə başlanılıb, mərkəzlərin inzibati binalarının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması davam etdirilir”.

Bu barədə “Azərbaycan müəllimi”nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib. 

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Muxtar Respublikada uşaqların təhsili, sağlamlığı, asudə vaxtlarının səmərəli keçirilməsi, onlara sosial və psixoloji dəstək göstərilməsi ilə bağlı bir çox tədbirlərin icrası nəzərdə tutulub. Onlardan biri də regional ailə mərkəzlərinin yaradılmasıdır: “Həmin mərkəzlərdə ailə planlaşdırılması, ailələrə psixoloji dəstək, məişət zorakılığına məruz qalmış şəxslərin, həssas qrupdan olan ailələrin uşaqlarının, o cümlədən, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının həyata keçirilməsi nəzərdə tutulur”.