Şəxsi uğurunuz ölkəmiz üçün çox ciddi dəyərdir - Nazir müavini
“Siz dünyanın nüfuzlu universitetlərində təhsil almısınız, fərqli akademik mühitləri görmüsünüz və fərqli yanaşmalar qazanmısınız. Bu şəxsi uğurunuz bizim üçün, ölkəmiz üçün çox ciddi dəyərdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev ADA Universitetində keçirilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” məzunları üçün “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisinin açılışında bildirib. Onun sözlərinə görə, xarici təcrübə yalnız bilik toplamaqla tamamlanmır, onun həqiqi çəkisini real təşəbbüslərə çevrildiyi yerdə hiss etməliyik.
Nazir müavini qeyd edib ki, “Qlobal təhsildən milli inkişafa” keçid öz-özünə baş vermir. Bunun üçün həm sizin peşəkar hazırlığınız, həm də dövlətin yaratdığı imkanlar eyni istiqamətdə işləməlidir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq biz gənclərin məşğulluğuna məhz bu prizmadan yanaşırıq. Gənclərin əmək bazarına çıxışı və bu çıxış nə qədər düzgün qurularsa, ölkənin gələcək dayanıqlılığı da bir o qədər güclü olacaq”.
R.Mustafayev qeyd edib ki, bu yanaşma konkret nəticələrlə də görünür: “Təkcə ötən il Dövlət Məşğulluq Agentliyi vasitəsilə 578 mindən çox şəxs məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 72 mindən çoxu gənclərdir və işlə təmin olunublar. 234 mindən çox gəncə karyera və peşəyönümlü məsləhətlər verilib. Bu rəqəmlər gənclərlə işin yalnız vakansiya təqdim etməklə məhudlaşmadığını göstərir.
Burada karyera istiqamətləndirilməsi, bacarıqların inkişafı, peşə seçimi, əmək bazarına uyğunlaşma və ilk addımın daha sağlam atılması üçün bütöv dəstək mexanizmi qurulub. Bu işin bölgələrdə və paytaxtda da necə genişləndiyini görə bilərik. 11 regionu əhatə edən “Peşəfest”ə 95 minə yaxın iştirakçının qoşulması təsadüfi deyil. Gənclərin düzgün seçim etmək, əmək bazarını daha yaxından tanımaq, özlərini daha inamla təqdim etmək üçün bu platformalara ehtiyac duyulur.
Mərkəzi karyera portalı, peşələrin atlası, yeniləşmiş karyera alətləri, məzunların məşğulluq göstəricilərini izləməyə imkan verən platformalarda təhsil ilə iş dünyası arasında əlaqə daha aydın, şəffaf və daha məqsədli qurulur. Amma bunun məkəzində insan dayanır, qərar və yanaşmalarınız dayanır”.
Gənclərə üz tutan nazir müavini qeyd edib ki, karyeranın ilkin mərhələsində hər kəs böyük və ideal başlanğıc axtarır. O, gənclərə peşəkar həyatda lazım olan keyfiyyətləri sadalayıb: öyrənməyə açıq olmaq, intizamlı olmaq, etibarlı olmaq, ünsiyyət bacarığı, komandada işləmək, məsuliyyəti öz üzərinə götürmək bacarığı.
”İş seçərkən təkcə harada çalışdığınızı düşünməməli, özünüzə “mən harada fayda verə” və “dəyəri harada yarada bilərəm” sualını verməlisiniz. Bunun üçün isə insanın yanaşması dəyişməlidir. Bu gün işəgötürənlər yalnız bilikli kadr axtarmır. Onlar düşünən, məsuliyyəti daşıyan, komanda ilə işləməyi bacaran, problemlərin həllini təklif edən fərdlərlə işləmək istəyirlər. Yəni üstünlüyünüz yalnız təhsildə qazandıqlarınızla ölçülmür, qazandığınız bilikləri necə tətbiq etməyiniz, hansı mühitdə necə davranmağınız, etimadı qazanmağınızdır. Təvazökarlıq, zəhmət, peşəkarlıq, etibar uzun yolun əsas dayaq nöqtələridir”.



