Sİ dövründə saxta xəbərlərin qurbanı olmaq çox asan olacaq – Andreas Şleyxer

13 Fevral, 2026 - 12:23
Sİ dövründə saxta xəbərlərin qurbanı olmaq çox asan olacaq

Süni intellekt dövründə hansı inkişaf etmiş savadlılıq bacarıqları tələb olunur?

“Azərbaycan müəllimi” xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və səriştələr departamentinin direktoru Andreas Şleyxer Koreya mətbuatına verdiyi müsahibədə  bu suala belə cavab verib: 

“Keçmişdə yalnız ekspertlər tərəfindən qəzetlər və yayımlarla təqdim olunan məlumatlar paylanırdı. O zaman verilmiş məlumatı oxumaq və anlamaq kifayət edirdi. Lakin indi “posthəqiqət” dövrüdür, burada doğru olmayan, lakin inandırıcı görünən iddialar, sosial media və süni intellektin təsiri ilə fakt kimi qəbul edilir. Heç kim bizə həqiqətin nə olduğunu demir. Süni intellekt dövründə savadlılığın əsas elementi, parçalanmış məlumatı müstəqil şəkildə yenidən qurmaq və yoxlamaq bacarığıdır”. 

“Savadlılıq çatışmadıqda hansı problemlər yaranır?” sualını cavablandıran A.Şleyxer hesab edir ki, “Saxta xəbərlərin qurbanı olmaq çox asanlaşacaq. Məlumat həqiqət olmasa belə, yalnız istifadəçilərin istədiyi cavabları verən süni intellekt alqoritmləri təsdiqləmə meylini (confirmation bias) dərinləşdirəcək. Bu isə sosial parçalanmaya və demokratiyaya mənfi təsir göstərəcək”.

A.Şleyxer müsahibəsində savadlılığın necə inkişaf etdirilməsi məsələsinə də toxunub: “Savadlılıq oxu vərdişləri ilə sıx bağlıdır. Hökumətlər erkən yaşlardan uşaqlarda maraq, diqqət və oxumağı təşviq edən siyasətlər həyata keçirməlidir. Lakin bu, “məcburi oxuma”ya çevrilməməlidir. Məsələn, Fransa 3 yaşdan oxuma təlimini tətbiq etdi, amma paradoksal olaraq 15 yaşa çatanda digər ölkələrlə müqayisədə fransalı uşaqların oxumaya maraq və bacarıq səviyyələri daha aşağı oldu. Oxuma təlimi, oxumağa yönəlik marağı və oxuma alışqanlığını oyandırmağa yönəlməlidir”.