Sinifdən çıxsa da, təhsildən uzaqlaşmadı, “Maarifçi” oldu

7 Avqust, 2026 - 12:14
Sinifdən çıxsa da, təhsildən uzaqlaşmadı, “Maarifçi” oldu

“Məktəbdə müəllim kimi gördüyüm məsələlərin arxasında hansı məlumatların dayandığını, nələrə əsaslandığını indi başqa prizmadan görürəm. Əvvəllər məktəbi bir müəllimin gözü ilə tanıyırdım, indi isə təhsil sisteminə məlumatların dili ilə, rəqəmlərdən baxmağı öyrənirəm. Mənə ən çox zövq verən də budur - rəqəmlərin arxasında insanların, məktəblərin və şagirdlərin hekayəsini görə bilmək”.

İyulun 15-dən Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin Monitorinq və qiymətləndirmə sektorunda data analitikası istiqaməti üzrə təcrübəyə başlayan gənc “Maarifçi” Məhsəti Tağızadə belə deyir. O, təhsilə tamamilə fərqli baxış bucağından baxmağa başlayıb və deyəsən, təhsili bu mövqedən görmək çox

xoşuna gəlib: “Düşünürəm ki, “Maarifçi” yoluma çıxan maraqlı bir keçid oldu - kənd məktəbində riyaziyyat müəllimliyindən dövlət sektorunda analitik fəaliyyətə. Başqa, tam fərqli bir yol kimi görünsə də, əslində, dəyişməyən bir şey var: yenə də təhsilin izindəyəm. Sadəcə əvvəllər bir sinfin inkişafına töhfə verməyə çalışdımsa, indi fəaliyyətim daha geniş sahəni əhatə edir və burada cəmi bir neçə ay da olsa, təhsil sisteminin inkişafı üçün çalışıram. Mənim üçün bu təcrübənin ən dəyərli tərəfi budur”.

İlk təcrübə müəllimlik oldu

Məhsəti Tağızadə Şirvan rayonundandır. Şirvan şəhərində yerləşən Sadıq Hüseynov adına 1 nömrəli tam orta məktəb-liseydə təhsil alıb. Məktəb illəri çox maraqlı keçib və onun fikrincə, peşə seçiminə səbəb olan maraqları məhz məktəb mühitində formalaşıb və o müəllim olmağa qərar verib: “Bakı Dövlət Universitetində “Riyaziyyat müəllimliyi” ixtisasını bitirdikdən sonra müəllimlərin işə qəbulu imtahanında iştirak etdim və Sabirabad rayonunun Qaragüney kənd tam orta məktəbində ilk dəfə sinfə müəllim kimi daxil oldum. O günü heç unutmuram və elə hiss edirəm ki, heç vaxt unutmayacağam. Həm həyəcan var idi, həm məsuliyyət. Sadəcə o gün deyil, müəllim kimi fəaliyyət göstərdiyim bir il boyunca həyəcanım azalmadı. Məktəb mənim üçün, sadəcə ilk iş yeri deyildi, məllimliyin məsuliyyətini, tədris prosesinin incəliklərini, sinif idarəetməsini və şagirdlərə fərdi yanaşmağın əhəmiyyətini praktik olaraq mənimsədiyim dəyərli bir mərhələ idi. İnsanlarla ünsiyyəti, səbirli olmağı, fərqli şəraitdə işləməyi və ən əsası, təhsilin həyatlara necə toxunduğunu öyrətdi”.

Məktəbi kompüterə, sinfi rəqəmlərə dəyişdi

Məktəbin canlı mühiti, müəllimlərinin onda qibtə oyadan qayğısı məhz müəllimliyi seçməsinə səbəb olsa da, içində yatan arzu onu rahat buraxmayıb: “Düzünü desəm, müəllimlik ilk peşəm olsa da, uşaqlıq arzum kompüter elmləri idi. Kiçik yaşlarımdan kompüterlərlə maraqlanır, texnologiya haqqında öyrənməyi sevirdim. Zaman keçdikcə bu maraq məqsədə çevrildi. Müəllim kimi çalışarkən də bu arzudan vaz keçmədim. İşləyə-işləyə magistratura imtahanına hazırlaşdım və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kompüter elmləri” ixtisasına qəbul oldum”.

Kompüter elmlərinə maraq göstərsə də, müəllim kimi sinfə girməyi, ya da “Kompüter elmləri” ixtisası üzrə təhsil almağa hazırlaşdığı bir dövrdə “Maarifçi” tələbə-məzun proqramında iştirak şansı qazanmağını başqa necə izah etmək olar: “Proqrama qatılmaq üçün ilk müraciətimdə seçildim və bunu öyrənəndə çox sevindim. “Maarifçi”yə qatılmaq mənim üçün, sadəcə bir müsabiqədə qələbə qazanmaq istəyi deyildi, mən bunu özümə doğru yolda olduğumu göstərən ismarıc kimi qəbul etdim”.

Sevincinin başqa səbəbi də olub: “Seçim prosesində müşahidə etdim ki, namizədlər tamamilə bilik və potensialına əsasən qiymətləndirilirlər. Nəticədə güclü rəqabət mühiti formalaşdı və düşünürdüm ki, belə bir mühitdə seçilənlərdən olmaq kifayət qədər çətin olacaq. Çətin oldu, amma seçildim. Belə bir mühitdə təcrübə keçmək o deməkdir ki, burada öyrənəcəyim çox şey var”.

İndi Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin Monitorinq və qiymətləndirmə sektorunda data analitikası istiqaməti üzrə işi öyrənməyə başlayıb. 22 yaşlı gənc “Maarifçi” proqramından sonra harada olacağını bilmir. Amma harada olmağından asılı olmayaraq, verilən tapşırıqlara riyaziyyatçı dəqiqliyi, müəllim məsuliyyəti, “Maarifçi” intizamı ilə yanaşacaq, işlərin öhdəsindən layiqincə gəlməyə çalışacaq.

Sinifdən çıxsa da, təhsildən uzaqlaşmadı, “Maarifçi” oldu