Sinifdən uzaqda: evdə təhsil alanlar – REPORTAJ 

27 Yanvar, 2026 - 11:15
Sinifdən uzaqda: evdə təhsil alanlar – REPORTAJ 

Bəzən təhsil sinif otağından deyil, bir evin sakit guşəsindən başlayır. Lövhə, zəng səsi, sinif yoldaşları olmadan keçilən dərslər də var ki, həmin dərslərdə müəllimin səsi daha aydın, şagirdin diqqəti daha mərkəzli, valideynin rolu isə daha məsuliyyətlidir. 

“Azərbaycan müəllimi” Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin evdə təhsil alan şagirdləri ilə həmsöhbət olub. 

Evdə təhsil şəraitində formalaşan uşaq dünyası: Ayanın öyrənmə və inkişaf portreti

Ayanın bir günü reabilitasiya mərkəzindən başlayır. İdman məşğələləri, loqoped seansları, daha sonra evdə dərslər… Hava yaxşı olanda parkda gəzmək, axşamlar dostları ilə oynamaq onun üçün günün ən xoş anlarıdır.

Evdə təhsil alması onun sinif yoldaşları ilə dostluq etməsinə imkan verməsə də, Ayan bunu kədər kimi yox, həyatının bir hissəsi kimi qəbul edir: “Ən yaxın dostlarım qohumlarımdır”, - deyə sadə və səmimi şəkildə bildirir.

Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Ayan Dərgahovanın evdə təhsil alması onun dərslərə olan sevgisini, öyrənmək həvəsini azaltmayıb.

Ayan müəllimlərindən danışanda səsində xüsusi bir sevinc hiss olunur: “Müəllimlərimi çox sevirəm. Onlar da məni sevirlər. Evdə olmağımıza baxmayaraq dərslərimiz tam ciddi keçilir”.

Onun ən çox sevdiyi fənlərdən biri təbiətdir. Bu dərs Ayan üçün maraqlı və düşündürücüdür. Dərslərə hazırlaşarkən isə ən böyük dəstəyi anasından alır: “Dərslərimi daha çox anamla hazırlayırıq”, - deyir Ayan.

Azərbaycan dili dərsləri Ayan üçün xüsusi əhəmiyyət daşıyır. O, Sevinc müəllimin ana dilini necə sevdirərək öyrətdiyini məmnunluqla deyir: “Azərbaycan dili dərsində Sevinc müəllimə bizə ana dilimizi başa salır, əsərlər, hekayələr öyrədir”.

Dil öyrənmək də Ayan üçün maraqlı bir macəradır. Rus dilini bu ildən keçməyə başlayıb, amma artıq rus dilində çoxlu cizgi filmlərinə baxdığını deyir. İngilis dilini isə birinci sinifdən öyrənir: “Ən sevdiyim söz “Apple”dir. Çünki sevdiyim telefon modelidir”, - gülərək əlavə edir.

Riyaziyyat dərsləri Ayan üçün həm düşüncə, həm də əyləncə mənbəyidir. O, riyaziyyat müəllimini xüsusilə sevdiyini deyir: “Dərslərimizi maraqlı oyunlar üzərində qururuq. Riyaziyyat həm düşündürür, həm də əyləncəlidir”. Tarix dərsləri ona keçmişi tanıdır, ədəbiyyat isə yaddaşında dərin izlər buraxır. Son zamanlar oxuduğu özbək nağılı “Üç qardaş” Ayanı xüsusilə təsirləndirib.
Ayan təkcə dərslərlə kifayətlənmir: “Mən musiqi oxumağı, pianino çalmağı çox sevirəm. Hətta balaca pianinom da var, çala bilməsəm də. Mikrafonum da var”. 

Onun ebru sənətinə marağı var, boyaları və fırçaları onun ən yaxın dostlarıdır. Sevdiyi rənglər isə çəhrayı, mavi və qırmızıdır.
Ayan heyvanları çox sevir, xüsusilə də balaca ağ pişikləri. Amma bu arzusunu hələlik yalnız xəyalında yaşadır: “Anam icazə vermir, deyir allergiyan var”.

Vətəni sevərək, təbiəti anlayaraq böyüyən ev məktəblisi - Əsnanın öyrənmə və inkişaf portreti

12 yaşlı Əsna Bayramova Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi kimi evdə təhsil alır. Lakin ev mühiti onun üçün nə tək qalmaq, nə də dünyadan uzaqlaşmaq deməkdir. Əksinə, bu mühit Əsnaya öyrənməyə, düşünməyə və hiss etdiklərini ifadə etməyə daha geniş imkan yaradır. 

Əsna deyir ki, dərs oxumağı sevir və öyrənmək onun üçün bir məcburiyyət deyil, daxili ehtiyacdır: “Dərslər mənə maraqlıdır. Müəllimlər mövzuları aydın izah edirlər, valideynlərim də hər zaman kömək edirlər”.

Onun ən səbirsizliklə gözlədiyi fənlər təbiət və riyaziyyatdır. Təbiət dərsində insan orqanizminin necə işlədiyini öyrənmək, coğrafiyada isə dünya xəritəsində ölkələrin yerini tanımaq Əsnanın xüsusi maraq dairəsindədir. “Dünyada olan obyektləri, ölkələri öyrənmək xoşuma gəlir. Xəritədə onların yerini bilmək maraqlıdır”, – deyə o bildirir.

Əsna üçün Vətən anlayışı sadəcə söz deyil, dəyərdir. Onun bu düşüncələrinin formalaşmasında ailə mühiti xüsusi rol oynayır. Qardaşı 44 günlük Vətən müharibəsinin qazisidir. Bu fakt Əsnanın vətənpərvərlik hisslərini daha da möhkəmləndirib: “Vətən mənim üçün hər şeydir. Hər bir insan öz doğulduğu, böyüdüyü yeri sevməlidir”.

Fənlər arasında Azərbaycan dili Əsna üçün xüsusi yer tutur: “Azərbaycan dili bizim ana dilimizdir. Onu sevməmək mümkün deyil. Bu dərsdə yeni qaydalar öyrənirəm”.

Tarix dərsində həm Azərbaycanın qədim tarixi, həm də dünya tarixi ilə tanış olur, oxuduqlarını müəlliminə danışmağı sevir. 
Əsna yaradıcılığa meyilli şagirddir. Rəsm çəkmək və mahnı oxumaq onun əsas hobbiləridir. Rəsmlərində əsasən təbiət mənzərələrinə üstünlük verir. Sevdiyi rənglər isə sarı, narıncı və açıq yaşıldır: “Bu rəngləri sevirəm, çünki isti rənglərdi”.
Təbiətə sevgisi heyvanlara və bitkilərə münasibətində də açıq görünür. O, bütün heyvanları sevdiyini, xüsusilə pişiklərə və itlərə xüsusi rəğbət bəslədiyini deyir. Bitkilər arasında isə tülpanlar və qızılgüllər onun ən sevdikləridir.

“Valideynin diqqəti və dəstəyi şagirdin özünə inamını artırır”

Evdə təhsil sinif otağından kənarda qurulsa da, bu prosesdə müəllimin məsuliyyəti, diqqəti və peşəkarlığı ikiqat artır. Çünki burada bir lövhəyə yox, bir uşağın taleyinə yazılır dərs. 

24 illik pedaqoji təcrübəyə malik təbiət fənni müəllimi Gültəkin Həsənova hazırda evdə təhsil alan 5 şagirdlə çalışır. Onun sözlərinə görə, evdə təhsil alan şagirdlərlə dərs prosesi ənənəvi yanaşmadan tamamilə fərqlidir: “Hər şagirdin dərsi onun imkanlarına uyğun qurulmalıdır. Şagirdin sağlamlıq vəziyyəti, diqqət müddəti və mövzunu qavrama səviyyəsi mütləq nəzərə alınır. Dərslər qısa və aydın planlaşdırılmalı, mövzular şagirdin mənimsəmə imkanlarına uyğun izah edilməlidir”.

Təbiət fənninin özünəməxsusluğunu vurğulayan müəllim mövzuların real həyatla əlaqələndirilməsinin əhəmiyyətini önə çəkir: “Dərslikdəki şəkil və illüstrasiyalardan istifadə edirəm. Təbiət fənni ətraf mühitlə bağlı olduğu üçün mövzuları gündəlik həyatda baş verən hadisələrlə əlaqələndirirəm. Bu üsul şagirdlərin mövzunu daha yaxşı anlamasına kömək edir”.

Valideyn amilinin əhəmiyyətinə toxunan Gültəkin Həsənova bildirir: “Valideynlə əməkdaşlıq dərsin daha səmərəli keçməsinə kömək edir. Valideyn dərs üçün sakit mühit yaratmalı, şagirdi vaxtında hazırlamalı və tapşırıqlara nəzarət etməlidir. Valideynin diqqəti və dəstəyi şagirdin özünə inamını artırır”.

“Ev təhsilində olan şagirdlər üçün proqramı fərdi şəkildə hazırlayıram”

44 illik pedaqoji təcrübəyə malik riyaziyyat müəllimi Südabə Məmmədova 6 ildir ki, evdə təhsil alan şagirdlərlə çalışır. Onun fikrincə, evdə təhsil müəllimdən yalnız bilik yox, yüksək pedaqoji intuisiya tələb edir: “Ev təhsilində olan şagirdlər üçün proqramı fərdi şəkildə hazırlayıram. Elə şagirdlər olur ki, riyazi bacarıqları çox güclüdür. Bəzən danışığında çətinlik olan şagirddən belə yüksək cavablar alıram”.

Vizual vasitələrin rolunu xüsusi vurğulayan müəllim qeyd edir ki, bu şagirdlərdə göz yaddaşı daha güclü olur: “Əyani vasitələrdən istifadə şagirdlərin mövzunu daha yaxşı qavramasına kömək edir”.

Riyaziyyata münasibəti isə onun pedaqoji fəlsəfəsini açıq şəkildə ifadə edir: “Əbəs yerə riyaziyyata elmlərin şahı demirlər. Mən təkcə toplama, çıxma, vurma, bölmə öyrətmirəm. Riyazi düşüncə formalaşdırıram. Bu bacarıqlar onların gələcək həyatını asanlaşdırır”.

Valideynlərlə komanda şəklində işlədiklərini deyən Südabə Məmmədova əlavə edir:“Valideyn dəstəyi olmadan heç bir uğur əldə etmək mümkün deyil. Valideyn uşağın ən kiçik uğurunu belə alqışlayırsa, bu, şagirdin motivasiyasını artırır”.
Hazırda evdə təhsil alan 3 şagirdi ilə çalışan müəllim bildirir ki, valideynlərlə qarşılıqlı anlayış onun işini daha da asanlaşdırır.