Şirvan-Salyan bölgəsinin liderləri – Uğurun sirrini özləri açıqlayırlar

23 Aprel, 2026 - 18:36
Şirvan-Salyan bölgəsinin liderləri

Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 4 şagird 290 baldan yuxarı nəticə göstərib.

"Azərbaycan müəllimi" həmin şagirdlərlə həmsöhbət olub və onların uğur hekayələrini təqdim edir.

Regional təhsil idarəsi üzrə ən yüksək nəticəni Salyan rayonunun Arbatan kəndi E.Ağayev adına tam orta məktəbin şagirdi Gülarə Qasımova göstərib. O, 293 bal toplayaraq lider olub:

“9-cu sinif buraxılış imtahanında 295,1, 11-ci sinifdə isə 293 bal toplamışam. İntellektual yarışlarda iştirak etmiş, beynəlxalq və ölkə səviyyəli sertifikatlar qazanmışam. IV ixtisas qrupu üzrə hazırlaşıram. Məqsədim peşəkar həkim-cərrah olmaqdır. Təhsilimi əvvəlcə Azərbaycanda, daha sonra xaricdə davam etdirmək istəyirəm. Digər şagirdlərə tövsiyəm odur ki, daim intizamlı çalışsınlar, yüksək hədəflər qoysunlar və məqsədlərindən vaz keçməsinlər”.

Şirvan şəhər E. İmanov adına 10 nömrəli tam orta məktəbin şagirdi Səkinə Vəliyeva 291,3 bal toplayıb:

“9-cu sinif buraxılış imtahanında 278,4, 11-ci sinifdə isə 291,3 bal toplamışam. 2025-ci ildə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi ‘Əlaçı’ verilişində 2 dəfə iştirak etmişəm. Respublika fənn müsabiqələri və olimpiadalarının fizika üzrə finalçısı olmuşam. IV ixtisas qrupu üzrə hazırlaşıram və gələcəkdə tibb sahəsində çalışmaq istəyirəm. Hər bir şagird ilk növbədə özünü tanımalı, zəif tərəflərini müəyyənləşdirib üzərində çalışmalıdır”.

Yüksək nəticə göstərənlərdən biri də Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin şagirdi Ramil Rəsulovdur. O, 290,4 bal toplayıb:

“9-cu sinifdə 280,4 bal toplamışdım. Daha çox çalışaraq nəticəmi artırıb 11-ci sinifdə 290,4 bala çatdırdım. Biologiya üzrə 3 il ardıcıl final mərhələsinə vəsiqə qazanmışam. SAF-da VEX-IQ üzrə müxtəlif nominasiyalarda mükafatlar əldə etmişəm. IV ixtisas qrupu üzrə hazırlaşıram və gələcəkdə cərrah olmaq istəyirəm. Şagirdlərə tövsiyəm odur ki, yuxu rejiminə diqqət etsinlər, hobbilərinə və istirahətə də vaxt ayırsınlar. Təhsilə isə həyatlarında xüsusi yer versinlər”.

Neftçala rayonunun Qaçaqkənd kənd tam orta məktəbinin şagirdi Ərzuman Əhədov isə 290 bal toplayıb:

“Təhsil aldığım müddətdə müxtəlif müsabiqələrdə iştirak etmişəm, bir neçə dəfə Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinə yüksəlmişəm. 1-ci ixtisas qrupu üzrə sənəd verməyi planlaşdırıram. Hələ tam qərar verməsəm də, informasiya təhlükəsizliyi sahəsinə marağım var. Şagirdlərə tövsiyəm dərs və istirahət vaxtını düzgün balanslaşdırmaq, təkrarı unutmamaq və çətin anlarda məqsədlərini xatırlamaqdır. Unutmaq olmaz ki, uğur heç vaxt asan qazanılmır”.

Qeyd edək ki, Biləsuvar rayonunda buraxılış imtahanı fərqli tarixdə olduğu üçün nəticələr hələlik açıqlanmayıb.