Şirvan-Salyan və Mərkəzi Aran RTİ-lərin müdir vəzifələri onlara həvalə olunub

30 Oktyabr, 2024 - 17:58

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Şirvan-Salyan Regional Təhsil İdarəsinin keçmiş müdiri Sənan Mənsimli Qarabağ, Mərkəzi Aran Regional Təhsil İdarəsinin keçmiş müdiri Elçin Kərimov isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil idarəsinin müdiri vəzifəsinin icrası İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Dadaşov Vüqar İsrəfil oğluna həvalə olunub. O, 2022-2023-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil Sektorunun müdiri olub, 2023-cü ildən İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışır.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsi isə idarənin müdir müavini Cavadov Cavad Alı oğluna həvalə olunub. Cavad Cavadov 2022-2023-cü illərdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri olub, 2023-cü ildən indiyə qədər İdarənin müdir müavini vəzifəsində çalışır.