Son zəngin həyəcanı: arzular, təşəkkürlər və böyük hədəflər – REPORTAJ
Bir azdan ümumilikdə 1564 şagirdi olan Məhəmmədhüseyn Şəhriyar adına 193 nömrəli tam orta məktəbdə zəng çalınacaq. Amma bu zəng gündə dəfələrlə səsləndirilən zənglərdən fərqlənəcək. Çünki o, bu məktəbdə, sadəcə 120 şagird üçün sonuncu dəfə çalınacaq.
Hələliksə xoşbəxtlikdən gözləri parıldayan həmin qrup 11 illik dostlarından ayrılmağın ağırlığını hiss etmir, onlar üçün məktəbdə keçirilən “Son zəng” tədbirinin həyəcanını yaşayırlar. Zarafat deyil, 11 ildir doğmalaşan müəllimlərinin, onlar üçün hər şey etməyə hazır valideynlərinin, yeri gələndə çəkinib, yeni düşəndə güvəndikləri məktəb rəhbərliyinin, hətta ilk dəfə gördükləri qonaqların, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimlinin iştirakı ilə keçirilən tədbirin elə iştirakçıları var ki, ilk dəfə çoxlu qonaqların olduğu böyük auditoriya qarşısında çıxış edəcəklər...
Mətin Kərimli: “Sevindirici haldır ki, həmin məktəblərin sırasında doğma Qarabağımızda və Şərqi Zəngəzurda fəaliyyət göstərən 25 məktəb də var”
Məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli məzunları təbrik nitqində müəllimləri və valideynləri də unutmayıb: “Hamımız orta məktəbi bitirmişik. Mən özüm 31 il əvvəl məzun olmuşam. Burada məndən əvvəl və ya sonra məzun olanlar da var. Bəlkə də bizə öyrədilən bütün dərsləri xatırlamırıq. Ancaq əmin ola bilərsiniz ki, sizin münasibətinizi, davranışınızı və bizə aşıladığınız dəyərləri hər zaman xatırlayacağıq".
Mətin Kərimli əlavə edib ki, vicdanlı insanlar, məsuliyyətli vətəndaşlar yetişdirmisiniz. Yəqin ki, hər biriniz həyatınızda elə sözlər demisiniz ki, həmin sözlər bir gəncin taleyini dəyişib. Buna görə sizə dərin minnətdarlığımı bildirirəm".
Mətin Kərimli valideynlərə müraciət edərək özləri görünməsələr də, övladlarının arxasında dayanan ən böyük qüvvə olduqlarını vurğulayıb: “Yorulmadan övladlarınıza vaxt ayırmısınız, onları böyütmüsünüz, təhsil almalarına şərait yaratmısınız, tərbiyə vermisiniz. Buna görə hər birinizə təşəkkür edirəm".
Bu günün qəhrəmanlarına çağırış edən Aparat rəhbəri deyib: "Elə bir dövrdə yaşayırıq ki, yeni texnologiyalar, süni intellekt və innovasiyalar həyatımıza sürətlə daxil olur. Həyatımız daim dəyişir. Ola bilsin ki, siz əmək fəaliyyətinə başlayanda bu gün mövcud olan bəzi peşələr artıq olmayacaq. Amma dəyişməyən dəyərlər var. Dəyişməyən dürüstlükdür, məsuliyyətdir, öyrənməyə olan həvəsdir”.
Aparat rəhbəri bu gün ölkənin müxtəlif məktəblərindən 110 min gəncin məzun olduğunu vurğulayıb: “Sevindirici haldır ki, həmin məktəblərin sırasında doğma Qarabağımızda və Şərqi Zəngəzurda fəaliyyət göstərən 25 məktəb də var”.
Fəal məktəblilər təltif edildi
Tədbirin sonunda oxuduqları illər ərzində təhsildə və ictimai fəaliyyətlərdə fərqlənən onbirincilər Fəxri fərmanla təltif ediliblər. Təltif olunanlar arasında məktəbləri üzrə buraxılış imtahanlarında ən yüksək nəticə göstərənlə, müsabiqə və yarışlarda fəal iştirak edənlər var.
“Qəhrəman pilot qızı olmağın verdiyi məsuliyyət həyəcanımı qat-qat artırır”
Leyli Qocayeva fərqlənənlərdən biridir. Buraxılış imtahanlarında 193 nömrəli məktəbin yüksək nəticə göstərən məzunlarından biridir. Deyir ki, çox həyəcanlıdır: “Həyatımın yeni mərhələsi başlayır. Bu, böyük həyəcan yaradır. Amma qəhrəman pilot qızı olmağın verdiyi məsuliyyət həyəcanımı qat-qat artırır. Atama layiq olmağa çalışıram. Maliyyə ixtisasına yiyələnmək, iqtisadiyyat sahəsində peşəkar olmaq istəyirəm. Bu arzuma çatsam, ailəmizdə iqtisadiyyatla məşğul olan ilk mən olacağam. 500-dən çox balım olduğunu düşünürəm”.
“İnsan özünə inanmadan heç nəyə nail ola bilməz”
Nəzrin Məmmədqızı məktəbin buraxılış imtahanlarında ən yüksək nəticə göstərən məzunudur. Nəzrin deyir ki, həm məktəbdə müəllimlərinin verdiyi tapşırıqları yerinə yetirib, həm də məqsədyönlü şəkildə hazırlaşıb: “Həm çox oxumuşam, həm yaxşı istirahət etmişəm. Ən əsası özümə inanmışam. İnsan özünə inanmadan heç nəyə nail ola bilməz. İnanmalısan ki, dərsini oxuyasan”.
Fizika fənnini çox sevən Nəzrin deyir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edib və 500-dən çox bal topladığını düşünür: “Buraxılış imtahanlarında 278 bal toplamışam. Ehtimalıma görə ümumi nəticəm 500 balı keçəcək. Ancaq Avropada təhsil almaq istəyirəm. Ona görə də təhsildə 12-ci ili tamamlamaq üçün hər hansı universiteti seçəcəyəm. I kursu bitirib növbəti il İngiltərədə bakalavriat oxuyacağam. Edinburq, Mançestr, London ola bilər, amma magistraturanı Oksfordda oxuyacağam”.
Bu arzusunun səbəbinə gəlincə, səbəbi sadədir, ingilis dilini çox sevir, Avropada yaşamağın necə olduğunu yaşayıb görmək istəyir. 193 nömrəli məktəbin koreyalı şagirdi Banseok üçün isə 12 il məcburiyyəti yoxdur: “Təhsilimi Cənubi Koreyada davam etdirəcəyəm”.
Banseok deyir ki, onun vətənində tam orta təhsil 12 illikdir: “Mən XI sinfi bitirib Koreyaya gedəcəyəm. Dizayner olmaq istəyirəm. 11 illik təhsil almağım Koreya universitetlərinə qəbul olunmağıma mane olmur. Orada icazə verirlər”. Banseokun atası Eun-jun Hvang, pilot ata Mais Qocayev və məzun babası Zəfər Bayramov da gəncləri təbrik ediblər.
Tədbirin bədii hissəsində hər kəs fəal iştirak etdi
Əvvəlcə səhnəyə birincilər çıxıb, sonra onbirincilər. Deyəsən, günün qəhrəmanları səhnənin də qəhrəmanı olmaq fikrindədirlər. Vals, milli rəqs nömrələri ilə elə əylənir, elə əyləndirirdilər ki, sanki “Son zəng”i heç gözləmirlərmiş, elə bil o zəng heç çalmayacaq.
...Və zəng çalınır.
Daha çox rəqəmsallaşacaqlar
120 nəfər üçün son zəng çalına bilər, amma məktəbdə təhsilin təşkili növbəti tədris ilindən davam etdiriləcək. Direktor Nihal Hacıyeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, bu il başlayandan bəri məktəb olaraq çoxlu təhsil və idman nailiyyətləri qazanıblar. Məsələn, təhsildə "XXI Əsr Bacarıqları" üzrə V məktəblərarası olimpiadanın qalibi olublar, “International Code Olympiad – Arena Battles by CodeCombat” kateqoriyası üzrə 6-cı yer və qızıl medal qazanıblar. İdmanda sərbəst döyüş növü üzrə birincilik əldə edib, boleybol üzrə Respublika çempionu olublar. Taekvando, karate idman növlərində fərqlənib, Gimnastika üzrə beynəlxalq yarışın qalibi olublar: “ Rəqəmsal məktəb layihəsinin həyata keçirilməsi istiqamətində məktəbimizdə elektron jurnal və gündəliklərin tətbiqi, rəqəmsal qiymətləndirmə vasitələrindən istifadə, müəllimlərin İKT bacarıqlarının artırılması, şagirdlərin rəqəmsal savadlılığının inkişaf etdirilməsi və tədris prosesində innovativ texnologiyaların tətbiqi istiqamətində ardıcıl işlər aparmışıq.
Növbəti mərhələdə rəqəmsal resurslardan istifadəni genişləndirəcək, tədris prosesinin rəqəmsallaşdırılmasını gücləndirəcəyik. Növbəti tədris ili üçün əsas hədəflərimiz təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, STEAM və rəqəmsal bacarıqların inkişafı, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, məktəb-valideyn əməkdaşlığının möhkəmləndirilməsi və müasir təhsil mühitinin daha da təkmilləşdirilməsidir.




