STEAM bilikdən bacarığa gedən yoldur

27 Noyabr, 2025 - 16:09
STEAM bilikdən bacarığa gedən yoldur

SAF Beynəlxalq STEAM Azərbaycan Festivalı (II YAZI)

Müasir dövrdə təhsilin inkişafı sinif otaqlarının içində və eləcə də laboratoriyalarda, innovasiya mərkəzlərində, rəqəmsal platformalarda və real həyatla inteqrasiya olunmuş praktiki mühitlərdə baş verir. İnnovasiya, texnologiya, yaradıcılıq və tədqiqat artıq məktəb divarlarını aşaraq daha geniş platformalara çıxır. Azərbaycan son illərdə təhsil islahatlarında STEM və STEAM istiqamətlərini prioritet seçməklə ölkənin gənc nəslinin düşüncə modelini dəyişdirən böyük addımlar atıb. Bu prosesin ən parlaq nümunələrindən biri isə SAF – Beynəlxalq STEAM Azərbaycan Festivalıdır. Bu festival təkcə yarış və müsabiqə deyil, Azərbaycan təhsilinin gələcəyini formalaşdıran genişmiqyaslı bir hərəkatdır.

SAF, əslində, müasir dünyanın tələb etdiyi texnoloji, analitik və yaradıcılıq bacarıqlarını bir araya gətirən böyük bir platformadır. Burada şagirdlər öz biliklərini praktik bacarıqlara çevirir, komandalar yaradır, mühəndislik düşüncəsini real modellərdə sınayır, kreativliklərini nümayiş etdirir və ən əsası – öz potensiallarını kəşf edirlər.

SAF-ın yaranma tarixi və ideyası
SAF – Beynəlxalq STEAM Azərbaycan Festivalı ilk dəfə 2021-ci ildə keçirildi. Bu təşəbbüs Azərbaycanın Elm və Təhsil Nazirliyi və “STEAM Azərbaycan” layihəsinin birgə səyləri nəticəsində formalaşdı. Məqsəd ölkədə innovativ düşüncə mədəniyyətini gücləndirmək, şagirdlərdə tədqiqat və mühəndislik bacarıqlarını inkişaf etdirmək, məktəbliləri qlobal texnoloji yarışa hazırlamaq idi.

Festivalın yaranmasının əsasında üç böyük ideya dayanır:
1.Təhsildə innovasiya mədəniyyətini formalaşdırmaq: XXI əsrdə təhsil yalnız məlumat ötürmək deyil, həm də yeni düşüncə tərzi yaratmaqdır. SAF bu missiyanı yerinə yetirir.
2. Şagirdlər üçün real təcrübə mühiti yaratmaq: Şagirdlərin ideyalarını real mexanizmlər, robotlar, dronlar, modellər üzərində sınamasına şərait yaradılır.
3. Azərbaycanda STEAM təhsilinin inkişafına təkan vermək: SAF yalnız yarış deyil, ölkədə STEAM ekosisteminin möhkəmlənməsi üçün strateji addımdır.
Bu festival qısa müddətdə böyük maraq doğurdu və ildən-ilə həm iştirakçı sayını, həm də miqyasını genişləndirdi. 2021–2025-ci illər ərzində on minlərlə şagird, yüzlərlə məktəb və müxtəlif yaş qrupları festivalın aktiv iştirakçılarına çevrildi.

SAF-ın strukturu və miqyası
SAF müxtəlif kateqoriyalar üzrə böyük təhsil və texnologiya festivalıdır. Bu genişlik festivalı həm şagirdlər, həm də müəllimlər üçün cəlbedici və stimulverici edir.

Festivalın əsas kateqoriyaları:
1. Robototexnika: Lego Sumo, Line Follower, Humanoid Robot - bu yarışlar şagirdlərdə mexanika, elektronika, proqramlaşdırma və komanda düşüncəsi yaradır.
2. Mexatronika: Mühəndislik və elektronikanın kombinasiyasına əsaslanan layihələr: mexaniki sistemlərin idarə edilməsi, sensorlarla iş və avtomatlaşdırılmış modellər hazırlanır.
3. Süni intellekt yarışları: Şagirdlər verilən tapşırıqları maşın öyrənməsi alqoritmləri ilə həll edir, AI modelləri qurur və təqdim edirlər.
4. Dron texnologiyaları: Dron uçuşları, idarəetmə texnikası, sensor inteqrasiyası, aerodinamika və təhlükəsizlik məsələlərini əhatə edir.
5. 3D Modelləşdirmə və dizayn: Şagirdlər üçölçülü modellər hazırlayır, real obyektlərin dizaynını qurur və printerlərdə çap edir.
6. Startap və innovasiya layihələri: Bu kateqoriyada şagirdlər real problemlərə innovativ həllər təklif edir.
7. “STEAM’ool Olympiad” – Fənlərarası olimpiada: Bu olimpiada STEAM üzrə kompleks çoxseçimli tapşırıqlardan ibarət olub şagirdlərin geniş spektrli elmi və analitik bacarıqlarını ölçür. Bu, klassik fənn olimpiadaları ilə müqayisədə şagirdin bütöv düşünmə qabiliyyətini yoxlayır.

2021-2025-ci illər ərzində festivalın miqyası olduqca genişlənmişdir. Hər il minlərlə yeni şagird Festivala qoşulur. Festival Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və digər regionlardakı məktəblərin şagirdlərindən ibarət onlarla yerli və eləcə də xarici komandların iştirakını özündə ehtiva edir. SAF Azərbaycanın texnoloji təhsil tarixində ən genişmiqyaslı tədbirlərdən birinə çevrilib.

SAF-ın pedaqoji və sosial missiyası

SAF əslində, pedaqoji baxımdan çox güclü bir təhsil mexanizmidir. O, aşağıdakı məqsədlərə xidmət edir:
1. “Öyrənmək üçün motivasiya” yaratmaq: Şagird sinifdə oxuduğunu festivalda tətbiq edərək öyrənməyə daha həvəslə yanaşır. Təcrübə göstərir ki, belə şagirdlər dərs motivasiyasını daha rahat qoruyur.

2.  Yaradıcı düşüncə və tədqiqat mədəniyyəti: SAF uşaqları araşdırmağa, müşahidə aparmağa, nəticə çıxarmağa və yeni həll yolları tapmağa təşviq edir. Bu, gələcək startap mədəniyyətinin bazasını formalaşdırır.

3. Texnologiyaya bərabər çıxış imkanı: Regionda yaşayan şagirdlər də Bakı məktəbliləri ilə eyni səviyyədə yarışır. Bu, sosial bərabərliyə xidmət edir.

4. STEAM bacarıqlarının inkişafı: Festival şagirdlərə real mühəndislik, elektronika, proqramlaşdırma, AI və dizayn bacarıqları qazandırır.

Şagird baxımından SAF-ın rolu

SAF şagird üçün təkcə yarış deyil, özünüifadə, özgüvən və inkişaf meydanıdır.
1. Praktiki fəaliyyət və real bacarıqlar: Şagird yalnız nəzəri biliklə kifayətlənmir; öz robotunu yığır, dronu idarə edir, AI modeli qurur, 3D model çəkir, kod yazır. Bu, təhsildə “learning by doing” “edərək öyrənmə” fəlsəfəsidir.

2. Özünü kəşf etmə: Hər bir şagirdin içində bir potensial var. Bu festival həmin potensialı üzə çıxarır: kimisi robototexnikada, kimisi dizaynda, kimisi proqramlaşdırmada, kimisi qrup liderliyində öz gücünü kəşf edir.

3. Komanda birliyi və əməkdaşlıq: Komanda yaradan şagird məsuliyyəti bölüşməyi, ünsiyyət qurmağı, liderlik etməyi öyrənir.

4. Beynəlxalq səhnəyə çıxış: SAF şagirdə dünya ilə müqayisə imkanı verir. Bu isə onun motivasiya və dünya görüşünü genişləndirir.

Valideyn baxımından SAF-ın əhəmiyyəti
Valideyn üçün SAF öz övladının istedadını, marağını, texniki qabiliyyətini, analitik düşüncəsini kəşf etmək üçün ən gözəl fürsətdir:
1. İstedadın aşkar edilməsi: Valideyn uşağının hansı sahəyə meyilli olduğunu müşahidə edir.
2. Sağlam rəqabət: SAF uşaqlarda sağlam rəqabət, nəticə uğrunda çalışma və intizam hissi yaradır.
3. Erkən peşə yönləndirilməsi: Valideyn övladının gələcək ixtisas seçimini daha düzgün edə bilir.

Cəmiyyət baxımından SAF-ın strateji təsiri
SAF Azərbaycan üçün sadəcə festival deyil, bir strateji inkişaf alətidir. Bu platforma təhsil, texnologiya və innovasiyanın kəsişməsində formalaşaraq ölkənin uzunmüddətli inkişaf prioritetlərinə birbaşa töhfə verir və gələcək nəsillərin düşüncə tərzini dəyişən transformasiyaedici strateji rol oynayır:

1.  İnnovativ düşüncə mədəniyyəti formalaşdırır: SAF ölkədə innovasiya mədəniyyətinin genişlənməsinə şərait yaradır. Bu, yaradıcı və düşünən cəmiyyətin əsasını qoyur.
2. Texnoloji kadr potensialını üzə çıxarır: Robototexnika, AI, mühəndislik, dizayn, proqramlaşdırma üzrə yetişən uşaqlar gələcəkdə Azərbaycanın texnologiya sektorunun liderləri olacaq.
3. İqtisadi və sosial inkişafa təkan verir: Texnologiyanı sevən və tətbiq edən nəsil iqtisadiyyatın bütün sahələrini yeniləşdirəcək.

Nəticə: gələcəyin təhsil ekosistemini formalaşdıran Milli İnnovasiya Platforması

SAF Azərbaycanın gələcək insan kapitalı siyasətinin ayrılmaz hissəsidir. Burada yetişən gənclər sabah ölkənin texnoloji və innovativ inkişafının əsas aparıcı qüvvəsi olacaq. Təhsil sisteminin yenilənməsi, məktəblərin modernləşməsi və şagirdlərin kreativ, elmi və texnoloji bacarıqlarla gücləndirilməsi məhz SAF kimi platformalarla daha da sürətlənir.

Rəsul AĞAYEV
Təhsil mütəxəssisi