Suallar çox sadə və rahat idi - Yüksək nəticə göstərən müəllim 

18 İyun, 2026 - 19:17
Suallar çox sadə və rahat idi - Yüksək nəticə göstərən müəllim 

İyunun 18-də Sumqayıt şəhərində keçirilən sertifikasiya imtahanında müəllimlər yüksək nəticələri ilə seçiliblər. 

"Azərbaycan müəllimi" Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin yüksək nəticə əldə edən müəllimləri ilə həmsöhbət olub.

"Biz müəllimləri öz üzərimizdə işləməyə sövq etdiyi üçün sertifikasiyanı yüksək qiymətləndirirəm" 

Sertifikadiyada 58 bal toplayan Zəkiyyə Nuriyeva M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada  təsviri incəsənət müəllimi işləyir. Bildirir ki, 2017-ci ildə MİQ imtahanında iştirak edib və 2018-ci ildən müəllim olaraq çalışır:

"Mən imtahana yüksək səviyyədə hazırlaşmışdım. Suallar mənə görə çox sadə və rahat idi. Müəllimlər mütəmadi öz üzərlərində çalışsalar, yeniliklərlə maraqlansalar yaxşı nəticə əldə edəcəklər. Biz müəllimləri öz üzərimizdə işləməyə sövq etdiyi üçün sertifikasiyanı yüksək qiymətləndirirəm".

"Hər dərs dediyimiz gün öz üzərimizdə hazırlaşmalıyıq" 

Çinarə Eminalıyeva da 58 bal toplayıb və Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə təsviri incəsənət fənnini tədris edir. Bildirir ki, imtahanda ixtisas üzrə 40 sual onun üçün asan, 10 sual isə bir az çətin və düşündürücü olub: 

"6 ildir müəllim işləyirəm. İmtahana özüm hazırlaşmışam. Öz aramızda qrup yaratmışdıq və köməkli hazırlaşırdıq. Sertifikasiyanı həm əməkhaqqı artımına, həm də üzərimizdə işləməyi tələb etdiyinə görə yüksək qiymətləndirirəm. Biz müəllimlər hər dərs dediyimiz gün öz üzərimizdə hazırlaşmalıyıq". 

"Sertifikasiya müəllimlərin inkişafı üçün çox yaxşıdır" 

57 bal nəticə göstərmiş Simarə Heydərzadə 6 ildir ki, Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə təsviri incəsənət müəllimidir. Vurğulayır ki, imtahan sualları onun üçün rahat olub, az sayda çətin suallarla qarşılaşıb: 

"Mən orta məktəbdə keçdiyimiz dərsliklərlə hazırlaşmışam. Müəllimlərə tövsiyə edirəm ki, imtahanda həyəcanlanmasınlar, diqqətli olsunlar. Sertifikasiya müəllimlərin öz üzərlərində çalışması, inkişafı üçün çox yaxşıdır".

"Biliklərimizi yeniləmək baxımından sertifikasiya çox yaxşı prosesdir" 

55 bal toplayan Şəbnəm Zakirli Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbin musiqi müəllimidir. 5 ildir ki, fəaliyyət göstərir və orta məktəbdə tədris etdiyi dərsliklərlə hazırlaşdığını bildirir: 

"Məncə, ən əsası intizamlı hazırlaşmaqdır. Metodikaya aid suallar elə idi ki, şagirdlərlə necə rəftar ediriksə, ona uyğun qoyulmuşdu. Musiqi əsərlərinə, notlara aid suallarda bir az çətinlik çəksəm də düzgün cavablandıra bildim. Biliklərimizi yeniləmək baxımından sertifikasiya çox yaxşı prosesdir. Yeni metodlardan istifadəni öyrənmiş oluruq".