Suallar meyarlara əsasən hazırlanmışdı - Maksimum nəticə göstərən müəllim
2019-cu ildən Şəmkir rayonu Səməd Vurğun adına Düzqışlaq kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən Təhminə Verdiyeva sertifikasiya imtahanında yüksək nəticə əldə edən müəllimlər sırasında yer alıb.
“Azərbaycan müəllimi" maksimum – 60 balı toplayan Təhminə müəllimlə həmsöhbət olub. O, bu uğurun arxasında məqsədyönlü hazırlığın, məsuliyyətli yanaşmanın və ailə dəstəyinin dayandığını bildirir: “Sentyabr ayından etibarən sistemli şəkildə hazırlaşmağa başlamışdım. Qarşıma konkret məqsəd qoymuşdum və plana uyğun şəkildə çalışırdım”.
Onun sözlərinə görə, imtahan zamanı mövzularla bağlı ciddi çətinlik yaşamayıb: “İmtahanda heç bir mövzuda çətinlik çəkmədim. Əsas diqqətimi sualları düzgün oxumağa və düzgün anlamağa yönəltmişdim”.
Müəllim imtahan zamanı həyəcan keçirdiyini etiraf etsə də, prosesin yüksək səviyyədə təşkil olunduğunu vurğulayır: “Təşkilatçılıq yüksək səviyyədə qurulmuşdu. Nəzarətçilərin iştirakçılarla rəftarı da çox yaxşı idi”.
Hazırlıq prosesində vaxt bölgüsünün düzgün qurulmasının ona kömək etdiyini bildirən müəllim deyir: “Dərs ilinin əvvəlində özüm üçün dəqiq vaxt planı hazırlamışdım. Xüsusilə qeyri-iş günlərində daha çox çalışaraq hazırlığımı gücləndirirdim”.
İmtahan suallarının məzmunu barədə belə deyir: “Suallar meyarlara əsasən hazırlanmışdı və gözlədiyim səviyyədə idi. Buna görə də məni təəccübləndirən hər hansı məqam olmadı”.
Təhminə müəllim sertifikasiya imtahanının gələcək peşə fəaliyyətinə təsiri barədə danışır: “Bu barədə hələ ki, dəqiq fikir söyləyə bilmirəm. Ancaq bundan sonra da əvvəlki kimi işimə məsuliyyətlə yanaşmağa davam edəcəyəm”.




