Süni intellekt dövründə iş tapmaq çətinləşir: Gəncləri nə gözləyir?

4 Avqust, 2026 - 10:29
Süni intellekt dövründə iş tapmaq çətinləşir:

Dünya İqtisadi Forumu və beynəlxalq audit-konsaltinq şirkəti "PricewaterhouseCoopers" (PwC) tərəfindən birgə "Süni intellekt kontekstində erkən karyera imkanları: qorunma, yenidən formalaşdırılma çərçivəsi" adlı hesabat hazırlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, ARTİ-nin Beynəlxalq Təhsil İcmalı bülleteninin iyul ayı üçün hazırlanmış sayında hesabatdan çıxarışlara yer verilib. 

Hesabatda süni intellektin (Sİ) erkən karyera mərhələsində məşğulluğa təsiri təhlil edilir. Təhlil PwC-nin "Al Jobs Barometer" məlumatları, 48 ölkədən erkən karyera mərhələsində olan 9 mindən çox işçinin iştirak etdiyi "Global Workforce Hopes & Fears Survey 2025" sorğusunun nəticələri, eləcə də 200-dən çox beynəlxalq ekspertin rəyləri əsasında aparılıb.

Hesabatda birinci istiqamətdə erkən karyera imkanlarının dəstəklənməsi məsələləri nəzərdən keçirilir. Böyük Britaniya, ABŞ və İsveçdə aparılmış tədqiqatların nəticələri göstərir ki, Sİ-nin təsirinə daha çox məruz qalan sahələr üzrə ilk dəfə işə qəbul göstəricilərində azalma müşahidə olunur. Stanford Universitetinin tədqiqatına əsasən, ABŞ-də 2022-ci ilin sonundan etibarən həmin sahələrdə ilk iş yerləri üzrə vakansiyaların sayı təxminən 16% azalıb. Bu tendensiya yalnız Sİ-nin təsiri ilə deyil, həm də iqtisadi qeyri-müəyyənlik, xərclərin optimallaşdırılması və işə qəbul prosesində daha seçici yanaşma ilə əlaqələndirilir.

Hesabatda qeyd olunur ki, Si əmək bazarında mövcud bərabərsizlikləri daha da dərinləşdirə bilər. Yaşlı işçilər, peşəsini dəyişən şəxslər və sosial-iqtisadi baxımdan həssas qrupların Si alətlərindən istifadə imkanlarının məhdud olması onların əmək bazarına inteqrasiyasını çətinləşdirə bilər. Hesabatda ilk iş yerində çalışanların təxminən beşdə birinin orta yaş qrupuna aid olduğu qeyd edilir. "Baby Boomer" nəslinin 84%-i son bir il ərzində Sİ alətlərindən istifadə etmədiyini bildirdiyi halda, bu göstərici Z nəslində 57% təşkil etmişdir. Hesabatda İƏİT tədqiqatlarına istinadən yaşlı əhalinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanır. Bu istiqamətdə Kanadanın Digital Skills for Youth (DS4Y) proqramı nümunə kimi təqdim olunur. Proqram gənclərin rəqəmsal bacarıqlarının inkişafını, İşəgötürənlərin işə qəbul üzrə xərclərinin subsidiyalaşdırılmasını və gənclərin ilk iş təcrübəsi qazanmasını dəstəkləyir.

Hesabatda ikinci istiqamətdə iş yerlərinin yenidən formalaşdırılması (Job Design) məsələləri təhlil edilir. "Global Workforce Hopes & Fears Survey 2025" sorğusunun nəticələrinə əsasən, ilk iş yerində çalışanların 68%-i Sİ-dən istifadənin məhsuldarlığı artırdığını, 45%-i isə iş vaxtını uzatdığını bildirib. Bununla yanaşı, Sİ-dən həddindən artıq asılılığın tənqidi düşünmə, qərarvermə və problem həll etmə bacarıqlarını zəiflədə biləcəyi vurğulanır. Bu səbəbdən insan-Sİ əməkdaşlığına əsaslanan iş modellərinin formalaşdırılması tövsiyə olunur. Sİ-dən yüksək maliyyə nəticələri əldə edən müəssisələr iş proseslərininin yenidən qrulması digər qruplarla müqayisədə iki dəfə daha çox müşahidə olunur. Lakin müəssisələrin yalnız 16%-i Sİ-ni təşkilati proseslərə tam inteqrasiya etmişdir. Bu isə onu göstərir ki, Sİ-nin səmərəli tətbiqi yalnız yeni texnologiyaların istifadəsi ilə məhdudlaşmır, eyni zamanda təşkilati transformasiyanın həyata keçirilməsini də tələb edir. Hesabatda iş yerlərinin yenidən formalaşdırılması prosesində insan və Sİ arasında vəzifə, rol və ya fəaliyyətin səmərəli bölgüsünün, çevik iş modellərinin və bacarıq əsaslı qiymətləndirmə sistemlərinin əhəmiyyəti vurğulanır. Bu yanaşma "Dropbox" və "Hitachi" şirkətlərinin təcrübəsi ilə əsaslandırılır. 

Hesabatın üçüncü istiqaməti kadr ehtiyatının formalaşdırılmasına (Talent Pipelines) həsr olunub.
PwC-nin 2026-cı il CEO sorğusunun nəticələrinə əsasən, rəhbərlərin 23%-i mövcud təşkilati strukturun fəaliyyətin səmərəliliyini məhdudlaşdırdığını, ən böyük dəyişikliklərin isə erkən karyera mərhələsindəki iş yerlərində baş verəcəyini qeyd edir. Hesabatda qeyd olunur ki, ənənəvi xətti karyera modeli tədricən bacarıqəsaslı karyera inkişafı modeli ilə əvəz olunur. Bununla yanaşı, əmək bazarına yeni daxil olmuş İşçilərin 31%-i vəzifədə irəliləməyi, 31%-i yeni iş yerinə keçməyi, 37%-i isə əməkhaqqının artırılmasını hədəflədiyini bildirmişdir. Bu istiqamətdə "Dentsu Japan", "Indeed", "Allianz" şirkətlərinin təcrübələri Sİ bacarıqlarının inkişafı, bacarıqəsaslı qiymətləndirmə və mentorluq modellərinin tətbiqinə dair uğurlu nümunələr kimi təqdim edilir.

Hesabatın dördüncü istiqaməti təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılmasına (Education System Alignment) həsr olunmuşdur. "Future of Jobs Report 2025" hesabatına əsasən, 2025-2030-cu illərdə peşələr üzrə tələb olunan bacarıqların orta hesabla 39%-i dəyişəcək. Erkən karyera mərhələsinə aid və Sİ-nin təsirinə daha çox məruz qalan peşələrdə isə bu göstəricinin digər peşələrlə müqayisədə təxminən iki dəfə yüksək olacağı proqnozlaşdırılır.

Hesabatda qeyd olunur ki, bacarıqlara olan tələbin sürətlə dəyişməsi təhsil sistemi ilə əmək bazarının ehtiyacları arasında uyğunsuzluğu artırır. PwC-nin 2026-cı il CEO sorğusunun nəticələrinə əsasən, rəhbərlərin 59%-i ixtisaslı kadr çatışmazlığını əsas risklərdən biri, 22%-i isə yüksək səviyyəli risk kimi qiymətləndirir. İƏİT ölkələri üzrə aparılmış tədqiqatların nəticələri göstərir ki, təhsil və bacarıqlar arasında uyğunsuzluğun tənzimlənməsi iqtisadi məhsuldarlığı orta hesabla 3-4% artıra bilər.

Hesabatda qeyd olunur ki, Sİ dövründə işəgötürənlər texniki biliklərlə yanaşı analitik düşünmə, problem həll etmə, qərarvermə, əməkdaşlıq və bu alətlərdən istifadə bacarıqlarına daha çox üstünlük verirlər. Eyni zamanda, ali təhsil müəssisələrinin kurikulumları əmək bazarındakı sürətli dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkir. Bu sahədə Sinqapurun "Skills Future" təşəbbüsü uğurlu nümunə kimi təqdim olunur. Təşəbbüs əmək bazarının davamlı monitorinqini, bacarıq çərçivələrinin hazırlanmasını, rəqəmsal uyğunlaşdırma platformalarının tətbiqini və ömürboyu öyrənmənin dəstəklənməsini əhatə edir.
Hesabatda vurğulanır ki, ali təhsil diplomu artıq əmək bazarına hazırlığın yeganə göstəricisi hesab edilmir. İşəgötürənlər daha çox praktik təcrübəyə, real layihələrdə iştiraka və Sİ alətlərindən istifadə bacarıqlarına üstünlük verirlər. ABŞ-də Sİ-nin təsirinə daha çox məruz qalan erkən karyera mərhələsinə aid peşələrdə 2019-2025-ci illər ərzində tələb olunan yeni bacarıqların sayı digər peşələrlə müqayisədə təxminən 40% daha çox artmışdır. Eyni zamanda, əmək bazarına yeni daxil olan işçilərin 28%-i mövcud bacarıqlarının yarısından az hissəsinin üç il sonra aktuallığını qoruyacağını hesab edir. Hesabatda universitetlərlə işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanaraq "Merck Group" ilə Pekin Universitetinin Quanqua Biznes Məktəbinin əməkdaşlıq modeli uğurlu təcrübə nümunəsi kimi təqdim edilir.

Hesabatın yekununda Sİ-nin erkən karyera mərhələsinə təsiri qəbul ediləcək siyasətlərdən və həyata keçiriləcək tədbirlərdən asılı olacağı xüsusi vurğulanır. Bu məqsədlə hesabatda işəgötürənlərə erkən karyera imkanlarının qorunması, təhsil müəssisələrində çevik kurikulumların və iş əsaslı öyrənmənin genişləndirilməsi, dövlət qurumlarında isə bacarıqların inkişafını dəstəkləyən siyasətlərin gücləndirilməsi tövsiyə olunur. Eyni zamanda əmək bazarına yeni daxil olan şəxslərə Si bacarıqlarını davamlı inkişaf etdirmələri tövsiyə edilir.

Ümumilikdə, hesabatda Sİ-nin erkən karyera mərhələsində məşğulluğa təsiri insan kapitalının inkişafı, təşkilati idarəetmə, karyera inkişafı və təhsil siyasəti kontekstində qiymətləndirilir. Hesabatın nəticələrinə əsasən deyə bilərik ki, Sİ dövründə dayanıqlı əmək bazarının formalaşdırılması erkən karyera imkanlarının qorunması, bacarıqların davamlı inkişafı, təhsil sistemi ilə əmək bazarı arasında əməkdaşlığın gücləndirilməsi kimi amillərdən asılıdır.

Mənbə: World Economic Forum. (2026). Artificial Intelligence and the Future of Entry-Level Work:
A Framework for Safeguarding and Reinventing Early Career Pathways. Insight Report. Geneva: World Economic Forum.