Süni intellekt əmək bazarını sarsıdır, yoxsa yeniləyir? - ARAŞDIRMA
Generativ süni intellektin, xüsusilə ChatGPT-nin 2022-ci ilin noyabrında istifadəyə verilməsindən sonra onun əmək bazarına təsiri geniş şəkildə araşdırılmağa başlanıb. Əsas sual isə budur: Sİ iş yerlərini əvəz edəcək, yoxsa onları daha məhsuldar edəcək?
Harvard Biznes Məktəbinin professoru Suraj Srinivasan və həmkarlarının apardığı tədqiqat bu suala ilkin cavab verir. Araşdırmaya əsasən, generativ Sİ-nin yayılmasından sonra təkrarlanan və strukturlaşdırılmış tapşırıqlara əsaslanan işlər üzrə vakansiyalar 13% azalıb. Eyni zamanda, analitik, texniki və yaradıcı bacarıqlar tələb edən işlərə tələbat 20% artıb. Bu nəticə göstərir ki, Sİ yalnız işləri aradan qaldırmır, həm də yeni imkanlar yaradır.
Generativ Sİ-nin təsiri sahələr üzrə fərqlidir. Ən böyük azalmalar maliyyə və texnologiya sektorlarında müşahidə olunub. Bununla belə bu sahələrdə Sİ tam əvəzləyici rol oynamır. Məsələn, maliyyə analitikləri Sİ vasitəsilə məlumatları daha sürətli emal etsələr də, qərarvermə prosesi hələ də insanlara məxsusdur.
Digər tədqiqat yanaşmaları isə Sİ-nin təsirini tapşırıq səviyyəsində ölçür. Bu metod göstərir ki, Sİ-nin nəzəri imkanları ilə real istifadəsi arasında hələ böyük fərq var. Məsələn, kompüter və riyaziyyat sahələrində tapşırıqların 94%-i nəzəri olaraq AI tərəfindən sürətləndirilə bilər, lakin faktiki istifadə səviyyəsi təxminən 33%-dir. Bu isə texnologiyanın potensialının hələ tam reallaşmadığını göstərir.
Ümumilikdə tapşırıqların 97%-i Sİ tərəfindən nəzəri olaraq icra edilə bilən kateqoriyalara daxildir (tam və ya qismən). Bununla belə bəzi sahələrdə Sİ-nin təsiri demək olar ki, yoxdur. Məsələn, aşpazlar, mexaniklər və xilasedicilər kimi peşələrdə tapşırıqların böyük hissəsi avtomatlaşdırıla bilmir.
Əmək bazarının ümumi göstəricilərinə baxdıqda isə böyük dəyişikliklər hələ müşahidə olunmur. Sİ-ə daha çox məruz qalan və az məruz qalan peşələr arasında işsizlik səviyyəsində ciddi fərq qeydə alınmayıb. Statistik olaraq bu fərq demək olar ki, sıfıra yaxındır. Bu da göstərir ki, generativ Sİ hələlik genişmiqyaslı işsizliyə səbəb olmayıb.
Xüsusilə diqqətçəkən məqamlardan biri gənclərlə bağlıdır. Araşdırmalar göstərir ki, 22-25 yaşlılar arasında Sİ-ə daha çox məruz qalan sahələrdə məşğulluq 6% - 16% arasında azalıb. Bu azalma əsasən işdən çıxarmalardan deyil, işə qəbul tempinin zəifləməsindən qaynaqlanır.
Mövcud faktlar göstərir ki, generativ süni intellekt əmək bazarında kəskin dağıdıcı təsir yaratmayıb. Əksinə bu texnologiya daha çox transformasiyaedici rol oynayır: bəzi işləri azaldır, lakin yeni bacarıqlar və yeni iş istiqamətləri yaradır. Əsas tendensiya isə insan və Sİ əməkdaşlığının güclənməsidir.
Nərmin Məmmədzadə



