Süni intellekt müəllimin rəqibi, yoxsa köməkçisidir? - Təlimdə buna aydınlıq gətirilib
Müasir dövrdə süni intellektin təhsil sisteminə sürətlə inteqrasiyası müəllimin fəaliyyətinə yeni imkanlar qazandırmaqla yanaşı, bir sıra sualları da gündəmə gətirir. Süni intellekt müəllimin işini nə dərəcədə asanlaşdıra bilər? Texnologiyalardan istifadə şagirdlərin öyrənmə prosesinə necə təsir göstərir? Ən əsası, rəqəmsal yeniliklər müəllimin ənənəvi rolunu dəyişirmi? Mingəçevirdə keçirilən təlimdə bu suallar ətrafında maraqlı müzakirələr aparılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və qurumun Mingəçevir şəhəri üzrə koordinatoru Dürdanə Kərimovanın təqdimatı ilə “Süni intellektin təhsildə rolu” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimdə süni intellekt alətlərinin tədris prosesinə inteqrasiyası, müəllimlərin rəqəmsal və texnoloji bacarıqlarının inkişafı, interaktiv dərs metodlarının tətbiqi, eləcə də müasir təhsil mühitinin yaratdığı yeni imkanlar müzakirə olunub. Praktik nümunələrlə müşayiət edilən təlim zamanı süni intellektdən istifadə etməklə dərs materiallarının hazırlanması, tədris prosesinin daha çevik təşkili və fərdi öyrənmə imkanlarının genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib, müəllimlərlə fikir mübadiləsi aparılıb.
“Süni intellekt müəllimin vaxtına qənaət etməklə şagirdə daha çox diqqət ayırmaq imkanı yaradır”
Mingəçevir şəhər N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin müəllimi Arzu Həsənova hesab edir ki, müasir müəllim yalnız öz fənnini yaxşı bilməklə kifayətlənməməli, texnologiyanın təqdim etdiyi imkanlardan da yararlanmağı bacarmalıdır: “Bu gün şagirdlər texnologiya ilə iç-içə böyüyürlər. Onların maraqlarına uyğun dərs təşkil etmək üçün müəllim də daim öyrənməli, yeniliklərə açıq olmalıdır. Əvvəllər müəyyən bir dərs materialını hazırlamaq üçün xeyli vaxt sərf edirdiksə, indi süni intellekt vasitəsilə bu prosesi daha çevik təşkil etmək mümkündür. Ancaq burada əsas məsələ hazır məlumatdan olduğu kimi istifadə etmək deyil, onu şagirdlərin yaşına, bilik səviyyəsinə və dərsin məqsədinə uyğunlaşdırmaqdır.
Məncə, texnologiyanın müəllimə verə biləcəyi ən böyük üstünlük vaxt qazandırmasıdır. Müəllim texniki işlərə daha az, şagirdin fərdi inkişafına isə daha çox vaxt ayıra bilər. Bununla belə, heç bir texnologiya müəllimin şagirdlə qurduğu mənəvi bağı, onun fərdi yanaşmasını və pedaqoji həssaslığını əvəz edə bilməz”.
“Müəllim olaraq əsas vəzifəmiz şagirdlərə yalnız məlumat ötürmək deyil...”
Mingəçevir şəhər S.Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü liseyin müəllimi Leyla Ələkbərova isə süni intellektin xüsusilə praktik və vizual öyrənmə imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayır: “Texnologiyalar sürətlə inkişaf edir və bu dəyişikliklər təhsil prosesindən də yan keçmir. Müəllim olaraq əsas vəzifəmiz şagirdlərə yalnız məlumat ötürmək deyil, onlarda məntiqi, yaradıcı və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməkdir. Süni intellekt vasitəsilə mürəkkəb mövzuları daha sadə izah etmək, müxtəlif vizual materiallar hazırlamaq, şagirdlərin fərdi bilik səviyyəsinə uyğun tapşırıqlar tərtib etmək mümkündür. Xüsusilə texniki və təbiət fənlərinin tədrisində bu imkanlar dərsləri daha maraqlı edə bilər.
Amma düşünürəm ki, şagirdlər süni intellektdən istifadə edərkən hər təqdim olunan cavabı doğru qəbul etməməlidirlər. Onlara məlumatı müqayisə etməyi, araşdırmağı və düzgün nəticə çıxarmağı öyrətməliyik. Əgər texnologiya şagirdi düşünməkdən uzaqlaşdırırsa, bu, artıq inkişaf deyil. Biz süni intellektdən şagirdlərin düşünmə qabiliyyətini gücləndirən vasitə kimi istifadə etməliyik”.
“Gələcəyin təhsili texnologiyadan düzgün istifadə etməyi bacaran müəllimlə formalaşacaq”
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Mingəçevir şəhəri üzrə koordinatoru, təlimin təqdimatçısı Dürdanə Kərimova bildirib ki, bu cür görüşlərin keçirilməsində əsas məqsəd müəllimlərin rəqəmsal yeniliklərlə tanışlığını genişləndirmək və onların yeni texnologiyalardan praktik istifadə bacarıqlarını inkişaf etdirməkdir: “Bu gün süni intellekt artıq gələcəyin deyil, müasir dövrün reallığıdır. Təhsil sahəsində çalışan hər bir müəllim bu dəyişiklikləri izləməli və öz peşəkar fəaliyyətində onlardan səmərəli istifadə etməyin yollarını öyrənməlidir.
Təlim zamanı çalışdıq ki, iştirakçılar süni intellekt haqqında yalnız nəzəri məlumat əldə etməsinlər, həm də onun gündəlik pedaqoji fəaliyyətdə tətbiqi imkanlarını praktik nümunələr üzərində görsünlər.
Müəllimlərimizin mövzuya marağı və müzakirələrdə fəallığı göstərir ki, pedaqoqlarımız yenilikləri öyrənməyə və öz üzərlərində işləməyə həvəslidirlər. Əsas məqsədimiz texnologiyanın müəllimi əvəz etməsi deyil, müəllimin texnologiyanın imkanlarından istifadə edərək daha keyfiyyətli təhsil verməsinə dəstək olmaqdır.
İnanıram ki, gələcəyin təhsili yalnız müasir texnologiyalarla deyil, həmin texnologiyalardan düzgün, məsuliyyətli və yaradıcı şəkildə istifadə etməyi bacaran müəllimlərin fəaliyyəti ilə formalaşacaq”.
Təlimdə aparılan müzakirələr bir daha göstərib ki, süni intellektin təhsil mühitinə daxil olması müəllim peşəsinin əhəmiyyətini azaltmır, əksinə, pedaqoqlar qarşısında yeni bilik və bacarıqlara yiyələnmək zərurəti yaradır.
Çünki təhsildə texnologiya nə qədər inkişaf etsə də, şagirdə düşünməyi öyrədən, onun potensialını üzə çıxaran və şəxsiyyət kimi formalaşmasına istiqamət verən əsas qüvvə yenə də müəllimdir. Süni intellekt isə bu yolda müəllimin imkanlarını genişləndirən müasir vasitədir.




