Süni intellekt təhsildə fürsətdir, yoxsa risk? – Ekspert rəyi

19 Dekabr, 2025 - 10:08
Süni intellekt təhsildə fürsətdir, yoxsa risk?

Süni intellekt artıq təhsildə kənar texnoloji yenilik kimi deyil, öyrənmə prosesinin məzmununu, metodlarını və idarəetmə yanaşmalarını dəyişdirən əsas amillərdən biri kimi müzakirə olunur. Həmçinin süni intellekt təhsil prosesində müəllimin rolunu əvəz edən deyil, onun təsir imkanlarını genişləndirən və məsuliyyətli idarəetmə tələb edən texnoloji alətdir.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru, təhsilin idarə olunması üzrə ekspert Könül Pirverdiyeva söyləyib.

O qeyd edib ki, bu texnologiyanın ən böyük fürsəti fərdiləşdirilmiş öyrənmə imkanları yaratmasıdır. Süni intellekt şagirdin nəyi bildiyini, hansı mövzuda çətinlik çəkdiyini və necə öyrəndiyini nəzərə alaraq ona uyğun izahlar, əlavə tapşırıqlar və vaxtında geribildirim verməyə kömək edir. Bu yanaşma öyrənmə boşluqları müşahidə olunan şagirdlər üçün erkən və məqsədyönlü dəstəyin təmin edilməsinə imkan verir.

“Tədqiqatlar həmçinin göstərir ki, süni intellekt müəllim üçün köməkçi rol oynadıqda tədrisin keyfiyyəti arta bilər. Müəllimlər dərs planlarının hazırlanması, tapşırıqların diferensiasiyası, mətnlərin səviyyəyə uyğunlaşdırılması və inzibati işlər üçün xeyli vaxt sərf edirlər. Bu proseslərin bir hissəsini süni intellekt yerinə yetirdikdə müəllim inzibati yüklərdən qismən azad olur və əsas işinə – şagirdlə ünsiyyətə, mövzunun izahına və fərdi dəstəyə daha çox vaxt ayıra bilir. Beynəlxalq araşdırmalarda bu təsir müəllimin əsas pedaqoji fəaliyyətinə fokuslanma imkanının artması kimi dəyərləndirilir.

Digər mühüm fürsət süni intellektin analitik imkanları ilə bağlıdır. Bu texnologiya şagirdlərin hansı mövzularda çətinlik yaşadığını erkən mərhələdə müəyyənləşdirərək müəllimə vaxtında müdaxilə etmək imkanı verir. Nəticədə qiymətləndirmə yalnız yekun nəticələri ölçən mexanizm kimi deyil, öyrənmə prosesini izləyən və dəstəkləyən vasitəyə çevrilir. Düzgün və məqsədyönlü tətbiq edildikdə isə bu yanaşma təhsildə bərabərsizliklərin azalmasına və daha ədalətli dəstək sisteminin formalaşmasına töhfə verə bilər”, – deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, risklər də az deyil: “Ən ciddi problemlərdən biri məlumatların məxfiliyi və təhlükəsizliyidir. Şagirdlərin şəxsi məlumatları, yazı nümunələri, səs qeydləri və davranış məlumatları süni intellekt sistemlərində toplanarkən ciddi qoruma mexanizmləri tələb olunur. Araşdırmalar göstərir ki, bu sahədə zəif tənzimləmə məktəb yaşlı uşaqlar üçün uzunmüddətli risklər yarada bilər.

Digər mühüm risk süni intellektin qərəzli nəticələr verə bilməsidir. Bu sistemlər mövcud məlumatlar üzərində qurulduğu üçün, əgər həmin məlumatlarda sosial və ya mədəni qərəz varsa, təqdim olunan nəticələr də ədalətsiz ola bilər. Bu vəziyyət xüsusilə həssas sosial qruplar üçün təhsildə mövcud bərabərsizlikləri gücləndirə biləcək risklər yaradır. Məhz buna görə mütəxəssislər süni intellektə tam neytral texnologiya kimi deyil, insan dəyərlərindən və cəmiyyətin mövcud xüsusiyyətlərindən təsirlənən bir alət kimi yanaşmağın vacibliyini vurğulayırlar”.

Müsahibimiz qeyd edib ki, bu prosesdə diqqət tələb edən əsas risklərdən biri akademik dürüstlük məsələsidir. Ev tapşırıqları və yazı işlərində süni intellektdən istifadə artıq yeni reallıqdır. Problem ondadır ki, mövcud qiymətləndirmə modelləri bu yeni reallığa tam uyğun gəlmir. Çıxış yolu isə qadağalarda yox, qiymətləndirmə yanaşmasının yenidən qurulmasındadır: daha çox prosesə əsaslanan tapşırıqlar, təqdimatlar, real problem üzərində tətbiq, portfoliolar və refleksiya qeydləri kimi formatlar ön plana çıxır. Bu yanaşmalar diqqəti “nəticənin mənşəyi nədir?” sualından daha çox “şagird düşünmə prosesini necə qurub?”, “arqumentlərini necə əsaslandırıb?” və “bilikləri praktik kontekstdə necə tətbiq edib?” suallarına yönəltdiyi üçün daha etibarlı sayılır.

Bundan əlavə, şagirdlərin süni intellektdən həddindən artıq istifadə etməsi tənqidi düşünmə bacarıqlarını zəiflədə bilər. Əgər şagird cavabı araşdırmaq əvəzinə hazır şəkildə əldə edirsə, öyrənmənin dərinliyi azalır. Eyni zamanda, süni intellekt tövsiyələrinin müəllimin peşəkar qərarlarının yerini tutması təhlükəsi də mövcuddur. Bu halda pedaqoji məsuliyyət və qərarvermə balansı pozula bilər.

Beynəlxalq təcrübə və tədqiqatların ortaq nəticəsindən danışan ekspert vurğulayıb ki, süni intellekt təhsildə yalnız insan mərkəzli yanaşma ilə tətbiq olunduqda real dəyər yaradır: “Texnologiya məqsəd deyil, təhsilin keyfiyyətini artıran bir vasitədir. Süni intellekt müəllimin peşəkarlığını və şagirdin düşünmə qabiliyyətini gücləndirdiyi halda fürsətə çevrilir, nəzarətsiz və məqsədsiz tətbiq edildikdə isə yeni problemlər yarada bilər. Bu mərhələdə əsas məsələ süni intellektin təhsildə necə və hansı məqsədlə istifadə olunmasıdır. Bunun üçün müəllimlərin və şagirdlərin süni intellektdən məsuliyyətli istifadə bacarıqları formalaşdırılmalı, AI savadlılığı təhsilin ayrılmaz hissəsinə çevrilməlidir. Paralel olaraq məlumatların qorunması, etik istifadə və akademik dürüstlüklə bağlı aydın və anlaşılan qaydalar müəyyənləşdirilməli, qiymətləndirmə sistemləri isə yalnız nəticəni deyil, düşünmə prosesini, əsaslandırmanı və biliklərin tətbiqini ölçən modellər əsasında yenilənməlidir. Məhz bu çərçivədə tətbiq olunduqda süni intellekt təhsilin keyfiyyətini və ədalətini gücləndirən mühüm vasitəyə çevrilə bilər”.