Süni intellekt və rəqəmsal yanaşmalar təhsildə keyfiyyətin yeni mərhələsini formalaşdırır - Rektor

15 Fevral, 2026 - 18:55
Süni intellekt və rəqəmsal yanaşmalar təhsildə keyfiyyətin yeni mərhələsini formalaşdırır - Rektor

“Təhsildə keyfiyyət təminatı, innovativ yanaşmalar və rəqəmsal transformasiya bu gün ali təhsil müəssisələrinin inkişaf strategiyasında əsas istiqamətlərdən biridir”.

Bu fikirləri “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” çərçivəsində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.

Rektor qeyd edib ki, forumda 29 ali təhsil müəssisəsi, 36 ümumtəhsil və peşə təhsili müəssisəsi, eləcə də 24-dən çox şirkət və təşkilatın nümayəndəsi iştirak edib. Onun sözlərinə görə, təhsil və sənaye nümayəndələrinin eyni platformada müzakirə aparması keyfiyyət təminatı sisteminin daha effektiv qurulmasına xidmət edir.

Anar Eminov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral tarixli “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na dair müəyyən etdiyi prioritetlərə uyğun olaraq forumun proqramına süni intellekt mövzusunda xüsusi vorkşop daxil edilib. Onun sözlərinə görə, bu çərçivədə AI həllərinin tədris prosesinə inteqrasiyası, akademik dürüstlük, məlumat təhlükəsizliyi və analitika alətlərinin tətbiqi kimi məsələlər müzakirə olunub.

Rektor əlavə edib ki, ali təhsildə keyfiyyət təminatı yalnız qiymətləndirmə mexanizmləri ilə məhdudlaşmır, eyni zamanda strateji planlama, rəqəmsallaşma və əmək bazarının tələblərinə uyğun kadr hazırlığını da əhatə edir. Onun sözlərinə görə, bu istiqamətdə sistemli yanaşma dayanıqlı nəticələrin əldə olunmasına imkan yaradır.