“Süni intellektdən istifadə edərkən tənqidi düşüncəmizi qorumalıyıq” - Misirin Təhsil Komitəsinin sədri

10 Aprel, 2026 - 12:48
“Süni intellektdən istifadə edərkən tənqidi düşüncəmizi qorumalıyıq” - Misirin Təhsil Komitəsinin sədri

“Süni intellektin arxasınca düşməməli, onun qarşısında olmalıyıq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Misir Prezident Şurasının Təhsil Komitəsinin sədri Hanan Xalifa Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.

O bildirib ki, ən vacib məqamlardan biri düzgün sualın qoyulmasıdır: “Bu vasitələrdən istifadə etsək belə, istər təqdimatların, istər çıxış mətnlərinin hazırlanmasında tənqidi düşüncəmizi qorumalıyıq. Verilən məlumatları mütləq araşdırmalı, yenidən yoxlamalı və daim əlavə tədqiqatın vacibliyini unutmamalıyıq. Eyni zamanda tələbələrə də bunu öyrətməliyik ki, onlar bu vasitələrdən kor-koranə istifadə etməsinlər”.

H.Xalifa qeyd edib ki, süni intellekt tərəfindən yaradılan nəticələrin valideynlərə və ictimaiyyətə anlaşılan dildə izah edilməsi də xüsusi önəm daşıyır: “İnsanlar bu nəticələri təkcə eşitməməli, həm də onun mahiyyətini anlamalıdırlar. Adətən qiymətləndirmə işi mütəxəssislər tərəfindən aparılır. Yəni istənilən sahədə bu işi həmin sahənin peşəkarları həyata keçirir.

Lakin nəticələri geniş auditoriyanın başa düşəcəyi dildə təqdim etmək vacibdir. Eyni zamanda etik nəticələrə də xüsusi diqqət yetirilməlidir”.