Süni intellektə həddindən artıq güvənən insan zəkasını riskə atır – amerikalı professor
“Düşünmək gücünü getdikcə daha çox süni intellektə həvalə etdikcə, insanlar aciz hala gələcəklər". Bu barədə ABŞ-nin Sent-Cons Universitetinin prezidenti professor Uolter Sterlinq Koreyanın Hallym Universitetində tələbələrlə görüşündə bildirib. Onun sözlərinə görə, "Süni intellektin saniyələr ərzində cavablar təqdim etdiyi dövr artıq başlayıb. Belə bir zamanda hər an nəyin doğru, nəyin yanlış olduğunu, həmçinin öz düşüncələrimizin nə olduğunu qiymətləndirmək və mühakimə etmək bacarığı əvvəlkindən də vacibdir".
Professor qeyd edib ki, rəhbəri olduğu ali təhsil müəssisəsinin tələbələri dörd illik təhsil müddətində ixtisaslara bölünmədən 200-dən çox klassik əsər oxuyur və onları müzakirə edirlər. Məsələn, onlar dil, riyaziyyat, elm və musiqi öyrənsələr də, adi dərsliklərdən deyil, həndəsəni sistemləşdirən qədim yunan riyaziyyatçısı Evklidin və ya ümumdünya cazibə qanununu kəşf etmiş İsaak Nyutonun orijinal əsərlərindən istifadə edirlər. Bu universitetdə müəllimlərə "professor" deyil, "tyutor" deyilir. Bu termin tələbələrə nəzarət edərək onları istiqamətləndirən bələdçi mənasını ifadə edir.
Süni intellekt dövründə savadlılıq, yəni oxumaq, məlumatı müstəqil şəkildə təhlil etmək və düzgün mühakimə yürütmək bacarığı getdikcə daha mühüm əhəmiyyət qazandıqca, bu universitetin tədris proqramı da geniş maraq doğurub. Bu proqram təkcə Çindəki Sun Yat-sen Universitetinin Boya Kolleci və Londondakı Riçmond Universiteti tərəfindən deyil, həmçinin Koreyada İnçon Universiteti və Hallym Universiteti kimi ali təhsil müəssisələri tərəfindən də tətbiq olunur.
Bu yaxınlarda Koreyaya yerli universitetlər və təhsil idarələri ilə əməkdaşlığı müzakirə etmək üçün səfər edən Stirlinq vurğulayıb: "Əgər kitabları xülasə etməyi süni intellektə həvalə etsəniz, məzmunu əldə edə bilərsiniz. Lakin oxumaq, şərh etmək və diqqətlə təhlil etmək prosesində formalaşan bacarıqları qazana bilməyəcəksiniz".
Görüş gedişində Stirlinq tələbələrin aşağıdakı suallarını cavblandırıb:
-Savadlılıq indi niyə bu qədər vacibdir?
-Bu gün biz hər tərəfdən müxtəlif iddiaların təsiri altındayıq. Hansının həqiqət, hansının isə bizi manipulyasiya etmək üçün uydurulduğunu ayırd etmək bacarığı olduqca mühüm əhəmiyyət daşıyır. Süni intellektin inkişafı ilə bu bacarığın əhəmiyyəti daha da artacaq. Artıq əvvəlki səviyyədə qalmaq kifayət etmir. İnsan belə şəraitdə düzgün qərar verə bilmək üçün daha güclü və daha müstəqil düşünən şəxs olmalıdır.
- Klassik əsərlərin oxunması savadlılıqla necə əlaqəlidir?
-Aristotel “Heyvanların hissələri haqqında” (Parts of Animals) əsərində yazırdı: “Təhsilli insan o şəxsdir ki, mütəxəssis olmasa belə, verilən izahın əsaslı olub-olmadığını müəyyən edə bilir”. Bunun mənası odur ki, istər elm, istərsə də siyasət sahəsində hər hansı iddianın hansı əsaslara söykəndiyini və bu əsasların necə dəstəkləndiyini qiymətləndirmək bacarığı çox vacibdir. Bu yalnız saxta xəbərlərə deyil, həm də alimlərin yeni kəşfləri və ya iqtisadçıların yeni proqnozları kimi iddialara da aiddir. Biz hər gün belə iddiaları düzgün qiymətləndirmək sınağı ilə üz-üzə qalırıq
- Təhsildə süni intellektə ehtiyac varmı?
-Tələbələrin yaşayacağı dünya süni intellektin həm gündəlik həyatda, həm də işdə istifadə olunduğu bir dünya olacaq. Ancaq süni intellektdən səmərəli istifadə edən insan olmaq üçün ilk növbədə müstəqil düşünmək və mühakimə yürütmək bacarığını inkişaf etdirmək lazımdır. Bunun üçün isə texnologiyanın təsirindən uzaq bir mühit tələb olunur. Sent Lyus Universitetinin auditoriyalarında yalnız kağız kitablar, yazı lövhələri və əlyazma qeydləri var. Qısa yol kimi görünən texnologiyalar nəticəni asan əldə etməyə kömək edə bilər, lakin onlar tələbələri öz düşünmə və mühakimə qabiliyyətlərini inkişaf etdirmək imkanından məhrum edir.
-Tələbələrin savadlılıq səviyyəsi keçmişlə müqayisədə dəyişibmi?
-Bəli, dəyişib. Universitetimizə yeni qəbul olunan tələbələr də əvvəlkindən daha az kitab oxuyurlar. Smartfon kimi cihazlar insanların diqqətini parçalayaraq uzun müddət cəmləşmək qabiliyyətini zəiflədir. Bu vəziyyət həm böyüklərə, həm də tələbələrə təsir edir. Bu gün bir çox insan yenidən oxucu olmağı öyrənməlidir.
-Valideynlər narahatdırlar: Klassik əsərlərə əsaslanan təhsil alan uşaq iş tapa biləcəkmi?
-Süni intellekt dünyanın iş prinsiplərini dəyişdikcə, insanların peşələrini və hətta fəaliyyət sahələrini dəyişməsi əvvəlkindən daha tez-tez baş verir. Bu gün şirkət rəhbərlərinin axtardıqları insanlar dar ixtisaslı və yalnız müəyyən sahəyə yönəlmiş universitet məzunları deyil. Onlar yaxşı bilirlər ki, belə insanlar qarşıya qoyulan vəzifələri hər zaman yerinə yetirə bilmirlər. CEO-ların istədiyi bacarıqlar proqramlaşdırmadan daha genişdir: ünsiyyət qurmaq, müxtəlif baxış bucaqlarını anlamaq və başqaları ilə səmərəli əməkdaşlıq etmək bacarığı.
-Tələbələrə bir klassik əsər tövsiyə etməli olsaydınız, hansını seçərdiniz?
- "Odisseya”nı. Kristofer Nolanın filmi sayəsində bu əsərə maraq kəskin şəkildə artıb. Odissey sadəcə macəraçı deyil; o, səyahəti boyunca öyrənən bir insandır. Naməlum məkanlara düşdükcə dəfələrlə yeni qərarlar verir və yoluna davam edir. Məhz buna görə o, süni intellekt dövrünün nümunəvi insan obrazıdır.




