“Əvvəllər peşə təhsilinə maraq indiki səviyyədə deyildi” – Mütəxəssis

18 Sentyabr, 2026 - 16:11
“Əvvəllər peşə təhsilinə maraq indiki səviyyədə deyildi”


Peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, müasir ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi və yüksək texniki peşə təhsilinin yaratdığı yeni imkanlar son illərdə bu təhsil pilləsinin rolunu daha da artırıb. Əmək bazarının sürətlə dəyişən tələbləri fonunda peşə təhsilinin əsas hədəflərindən biri gənclərə praktik bilik və bacarıqlar qazandırmaqla yanaşı, onların məşğulluq imkanlarını genişləndirmək və iqtisadiyyatın müxtəlif sahələri üçün ixtisaslı kadrlar hazırlamaqdır.

Bu baxımdan peşə təhsili müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, yüksək texniki peşə təhsili vasitəsilə subbakalavr səviyyəsinə və ali təhsilə keçid imkanlarının yaradılması, eləcə də işəgötürənlərin təhsil proqramlarının hazırlanmasına cəlb olunması sahənin inkişafında mühüm istiqamətlər kimi önə çıxır.

Mövzu ilə bağlı peşə təhsili üzrə mütəxəssis Rahim Mirzəcan “Azərbaycan müəllimi”nə bildirib ki, son illər Azərbaycanda peşə təhsilinə maraq ciddi şəkildə artıb və bəzi hallarda 30 min plan yeri uğrunda 100 minə qədər müraciətçi müsabiqədə iştirak edir. Bu göstəricilər cəmiyyətdə peşə təhsilinə münasibətin əhəmiyyətli dərəcədə dəyişdiyini göstərir.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu gün peşə təhsilinə maraq xeyli yüksəkdir:

“Əvvəllər peşə təhsilinə maraq indiki səviyyədə deyildi. Hətta peşə təhsili müəssisələri vətəndaşları bu təhsil pilləsinə cəlb etmək üçün müxtəlif təşviqat işləri aparır, insanlara peşə məktəblərində təhsil almağı təklif edirdilər. Bu gün isə artıq belə bir yanaşmaya əvvəlki qədər ehtiyac yoxdur. İnsanlar özləri dərk edirlər ki, konkret peşəyə yiyələnmək əmək bazarına daha sürətli çıxış baxımından mühüm imkan yaradır”.

R.Mirzəcan bildirib ki, peşə təhsilinə marağın artmasında infrastrukturun yenilənməsi də xüsusi rol oynayır:

“Əvvəllər peşə təhsili müəssisələrinin infrastrukturu ali və orta ixtisas təhsili müəssisələri ilə müqayisədə daha zəif idi. Artıq Bakı, Abşeron və regionlarda bir çox peşə təhsili müəssisələrinin infrastrukturu yenilənib, müasir avadanlıqlarla təchiz olunub. Bu da tələbələr üçün daha praktik bilik və bacarıqlar əldə etməyə imkan verən şərait yaradıb”.

Mütəxəssis yüksək texniki peşə təhsilinin tətbiqini də marağın artmasının əsas səbəblərindən biri kimi qiymətləndirib:

“Müraciətçilərin böyük hissəsinin məhz yüksək texniki peşə təhsilinə maraq göstərdiyini müşahidə edirik. Burada gənclər həm praktiki peşə bacarıqları əldə edir, həm də təhsillərini növbəti mərhələdə davam etdirmək imkanı qazanırlar.  Bundan əlavə, texniki peşə təhsili daha aşağı nəticə göstərən məzunlar üçün də konkret peşəyə yiyələnmək imkanı yaradır”.

Mütəxəssis bildirib ki, bu il 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə qəbul aparılıb və bu ixtisasların əksəriyyəti əmək bazarının tələblərinə uyğundur:

“Xüsusilə İKT və kompüter yönümlü ixtisaslara, mühasibatlığa, müxtəlif dizayn istiqamətlərinə, avtomobil təmiri ilə bağlı ixtisaslara maraq yüksəkdir. Hibrid və elektrik avtomobillərinin texniki təmiri, mühərrik yığımı, avtoservis və digər texniki istiqamətlər də əmək bazarı baxımından perspektivli sahələr sırasındadır”.

R.Mirzəcan yüksək texniki peşə təhsilinin əsas üstünlüklərindən birinin məzunlara subbakalavr səviyyəsində təhsil almaq və müəyyən şərtlərlə ali təhsilə davam etmək imkanının verilməsi olduğunu bildirib:

“11 illik təhsil bazasından qəbul olunanlar təhsil müddətini başa vurduqdan sonra subbakalavr dərəcəsi əldə edir və uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində müsabiqədə iştirak edə bilirlər”.

Onun fikrincə, bu model peşə təhsilini gənclər üçün daha cəlbedici edir:

“Çünki burada həm praktiki bilik və bacarıq əldə etmək, həm də təhsili növbəti mərhələdə davam etdirmək imkanı var”.

Mütəxəssis peşə təhsilinin əmək bazarı ilə əlaqəsinin gücləndirilməsində dual təhsil modelinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Dual qruplarda tələbələr işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm nəzəri, həm də praktiki biliklər əldə edirlər. Həftənin müəyyən günlərində nəzəri dərslər keçirilir, digər günlərdə isə müəssisələrdə istehsalat təcrübəsi təşkil olunur. Bu model tələbənin real iş mühitini təhsil aldığı müddətdə tanımasına və əmək bazarına daha hazırlıqlı çıxmasına imkan verir”.

R.Mirzəcan əlavə edib ki, yeni peşə təhsili müəssisələrinin tikilməsi, infrastrukturun genişləndirilməsi, müasir yataqxanaların istifadəyə verilməsi və müəyyən kateqoriyadan olan peşə təhsili tələbələrinə hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi də bu təhsil pilləsinə marağın artmasına təsir göstərir.

Bununla yanaşı, o hesab edir ki, peşə təhsilində görülən işləri son mərhələ kimi qiymətləndirmək olmaz:

“Bu istiqamətdə hələ də inkişaf etdirilməli məqamlar var. Xüsusilə məzunların işlə təmin olunması məsələsi diqqətdə saxlanılmalıdır. Peşə təhsilini bitirən məzunların bir hissəsi əmək bazarına daha rahat daxil olur, digər qisim isə iş tapmaq üçün müəyyən müddət gözləməli olur”.

Mütəxəssisin sözlərinə görə, məzunun şəxsi bacarıqları, dünyagörüşü və seçdiyi peşəni nə dərəcədə mənimsəməsi də işlə təmin olunmada mühüm rol oynayır:

“Amma nəticənin keyfiyyətli olması üçün öyrədən və öyrənən tərəflərin hər ikisinin məsuliyyəti var. Yaxşı kadr hazırlığında həm tədrisin keyfiyyəti, həm də tələbənin öyrənməyə münasibəti paralel şəkildə təmin olunmalıdır”.