“Dayə” ixtisası üzrə peşə bacarıqları qiymətləndirilib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Bərdə rayonunda “Dayə” peşə ixtisası üzrə bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi həyata keçirilib.
TKTA-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, imtahan Bərdə Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilib. TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Fuad Mehdizadə və Bərdə Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfov komissiya üzvü kimi, Məktəbəqədər təhsil üzrə ekspert Xalidə Rzayeva isə sahə üzrə müstəqil ekspert qismində isə iştirak ediblər.
Qiymətləndirmə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024–2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın “1.5. Məskunlaşması nəzərdə tutulan şəxslərin qeyri-formal və informal təhsil vasitəsi ilə əldə edilmiş bacarıqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada tanınması sahəsində işlərin görülməsi” bəndinin icrası çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin maliyyə dəstəyi və təşkilatçılığı ilə həyata keçirilir.
Qeyd edək ki, qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi iki mərhələdən ibarətdir. İlk mərhələdə ərizəçilər biliklərin qiymətləndirilməsi məqsədilə nəzəri imtahanlara cəlb olunurlar. Nəzəri imtahanı uğurla keçən namizədlər ikinci mərhələdə, yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi məqsədilə təşkil edilən praktiki imtahanda iştirak hüququ əldə edirlər. Hər iki mərhələdə uğur qazanan şəxslər yekunda peşə sənədi əldə edirlər.
Bildiririk ki,TKTA tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli, 279 nömrəli Qərarına əsasən sahibinə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir. Eyni zamanda sözügedən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ verir.




