Süni intellektin səmərəli tətbiqi peşəkar kadrlarla mümkündür – Nazir müavini
"Süni intellekt texnologiyalarının səmərəli tətbiqi yalnız müasir infrastrukturla deyil, həm də bu texnologiyaları anlayan və idarə edə bilən peşəkar kadrlarla mümkündür. Bu məqsədlə süni intellekt üzrə təhsil proqramları genişləndirilir, yeni ixtisaslar formalaşdırılır və mövcud kadr potensialının gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Universitet-sənaye əməkdaşlığının inkişafı və praktik yönümlü təlimlərin təşkili də bu prosesin mühüm tərkib hissəsidir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri "APA-Economics"ə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov söyləyib.
Nazir müavininin sözlərinə görə, insan kapitalının inkişafı 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasının əsas prioritetlərindən biridir: "Bu sahədə əsas institusional mexanizmlərdən biri Milli Süni İntellekt Mərkəzidir. Mərkəz tədqiqatların təşviqi, kadr hazırlığı və süni intellekt həllərinin tətbiqi istiqamətində fəaliyyət göstərərək rəqəmsal transformasiya prosesinə dəstək verir.
S.Əsədov qeyd edib ki, həm dövlət, həm də özəl sektorda qərarverici səviyyədə institusional bacarıqların gücləndirilməsi məqsədilə rəhbər heyət üçün nəzərdə tutulmuş “AI for Managers” və “AI Leadership” proqramları həyata keçirilir: "Bu proqramlar vasitəsilə süni intellektin imkanları, riskləri və məsuliyyətli tətbiqi ilə bağlı zəruri bilik və bacarıqlar formalaşdırılır.
Beləliklə, insan kapitalının inkişafı texniki kadrlar, idarəetmə heyəti və akademik mühit üzrə paralel şəkildə həyata keçirilir. Bu isə Strategiyanın uğurlu icrası üçün möhkəm zəmin yaradır".



