Tahir Budaqov: Rəqəmsal və innovativ təhsil mühitinin təşviqi gələcəyə hesablanmış addımdır
“Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın tərəqqisinə xidmət edən misilsiz işlər görüb və gəncləri ölkənin bu günü, sabahı və ümidi adlandırıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədrinin müavini Tahir Budaqov “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Ulu Öndərin mühüm xidmətlərindən biri də milli dəyərlərə və zamanın çağırışlarına uyğun mütərəqqi gənclər siyasətinin formalaşdırılması olub. Onun sözlərinə görə, həm sovet dövründə, həm də müstəqillik illərində intellektual və vətənpərvər gəncliyin yetişdirilməsi istiqamətində mühüm addımlar atılıb.
YAP sədrinin müavini vurğulayıb ki, ulu öndər elm və təhsilin inkişafına xüsusi diqqət yetirib, azərbaycanlı gənclərin nüfuzlu ali məktəblərdə təhsil alması üçün strateji əhəmiyyətli qərarlar qəbul edib. Müstəqillik illərində isə təhsil sisteminin modernləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub.
O bildirib ki, “Təhsil millətin gələcəyidir” prinsipi bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Prezident İlham Əliyev tərəfindən elm və təhsilin inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilib, insan kapitalının gücləndirilməsi və bilik iqtisadiyyatının inkişafı strategiyası uğurla həyata keçirilir.
T.Budaqov əlavə edib ki, ölkədə müasir məktəb və universitet infrastrukturunun yaradılması, xaricdə təhsil proqramlarının genişləndirilməsi, rəqəmsal transformasiya və innovativ təhsil mühitinin təşviqi gələcəyə hesablanmış mühüm addımlardır.
O, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən həyata keçirilən sosial-humanitar layihələrin, eləcə də Heydər Əliyev Fondunun təhsil sahəsində gördüyü işlərin əhəmiyyətini vurğulayıb.
Çıxışında müasir dövrün çağırışlarına da toxunan T.Budaqov bildirib ki, informasiya texnologiyalarının və süni intellektin sürətli inkişafı yeni imkanlarla yanaşı, müəyyən risklər də yaradır:
“Gənclər yalnız rəqəmsal texnologiyaların istifadəçisi deyil, milli maraqları üstün tutan, yüksək mənəvi dəyərlərə malik vətənpərvər şəxslər kimi formalaşmalıdırlar”.
O qeyd edib ki, qloballaşma şəraitində milli kimliyin, dilin, mədəniyyətin və adət-ənənələrin qorunması xüsusi əhəmiyyət daşıyır. T.Budaqov gənclərə müraciət edərək onların həm müasir texnologiyalara yiyələnməsinin, həm də milli köklərə bağlı qalmasının vacibliyini diqqətə çatdırıb.



