“Tarixə marağı müəllimim yaradıb” – Qızıl medalçılar
Respublika fənn olimpiadalarının tarix fənni üzrə elan edilən nəticələrinə əsasən, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin 4 şagirdi qızıl medala layiq görülüb.
Şagirdlər sevinclərini "Azərbaycan müəllimi" ilə bölüşüblər.
"Savadıma güvənərək özümün və məktəbimizin adını qaliblər sırasına yazdırmaq istədim"
Fuad Mustafayev İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin X sinfində təhsil alır və bütün qiymətləri "əla"dır. Sevdiyi fənlər tarix və riyaziyyatdır. Kitab almaq və futbol oynamaq kimi hobbiləri var.
Fuad bir çox müsabiqələrdə iştirak edərək uğurlar qazanıb: "2024-cü ildə RFO-da tarix fənni üzrə finalda iştirak etmişəm. IX sinif buraxılış imtahanında mümkün olan 300 baldan 283 bal toplamışam. 2025-ci ildə "Zəkaların mübarizəsi" intellektual komanda yarışında respublika üzrə 1-ci yeri tutmuşam. İngilis dilindən beynəlxalq sertifikat almışam. Savadıma güvənərək özümün və məktəbimizin adını qaliblər sırasına yazdırmaq istədim və RFO-ya qatıldım".
Məktəbli qeyd edir ki, uşaqlıqdan tarixi filmlərə baxdığından onda tarixə qarşı maraq yaranıb: "Qarşıma qoyduğum məqsədə çatmaq üçün gecələri yuxusuz qalaraq dərslərimə ciddi hazırlaşırdım. 1-ci yerə sahib olmaq, qızıl medala layiq görülmək çox gözəl hissdir. Hər bir şagirdə bu hissi yaşamağı arzu edirəm. Qalib olmağım mənim gələcək təhsilimə çox gözəl motivasiya oldu. Arzum ali təhsil alaraq müstəqil Azərbaycan dövləti üçün savadlı kadr olmaqdır. 3-cü ixtisas qrupu üzrə hazırlaşıram. Hələ ki, ali məktəb və ixtisas üzrə tam dəqiq qərar verməmişəm".
RFO medalçısının yaşıdlarına tövsiyəsi belədir: "Qarşılarına qoyduqları məqsədə çatmaq üçün səbir və əzmlə çalışsınlar. Əmin olsunlar ki, heç bir əziyyət qarşılıqsız qalmır".
"Builki qalibiyyətim möhtəşəm oldu"
Ləman Hacızadə İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Müsabiqələrdə çox iştirak etmədiyini söyləyir. Sevdiyi fənlər tarix, Azərbaycan və ingilis dilləridir. RFO-ya VIII sinifdən hazırlaşır: "Ötən il uğur əldə edə bilməmişdim, lakın builki qalibiyyətim möhtəşəm oldu.Tarix fənninə olan marağım müəllimim sayəsində yaranıb və buna görə ona minnətdaram. RFO-ya müəllimim Şəfəq Şəfaqətova ilə hazırlaşırdım.
RFO-da 1-ci yer tutmağım mənim üçün böyük uğurdur. Bu nəticə zəhmətimin bəhrəsidir və məni daha da ruhlandırır. Gələcəkdə daha böyük nailiyyətlər qazanmaq üçün motivasiya verir. Hədəfim daha çox çalışmaq, özümü inkişaf etdirmək və daha böyük nailiyyətlər əldə etməkdir".
Ləman gələcəkdə təhsil alacağı İxtisası hələ seçməyib. Boş vaxtlarında musiqi dinləməyi, film izləməyi və yeni məlumatlar öyrənməyi sevir: "Şagirdlərə tövsiyələrim budur: əvvəlcə özünüzə inanın, bəzən özünüzə olan inamı itirə bilərsiniz, amma bu uğur qazanmağa mane deyil. Qarşıya qoyduğunuz məqsədlərə çatmaq üçün əlinizdən gələni edin. Uğura gedən yolda çox yorula bilərsiz, lakin heç vaxt durmayın, çalışmağa davam edin. Əmin olun, sonda qazandığınız uğur hamısını unutduracaq. Məğlub olsanız belə çalışın. Mən özüm keçən il final mərhələsinə yüksələ bilmədim. Bu il isə ilk beşliyə daxil olub qızıl medal qazandım.
Bu uğurun arxasında əziyyət çəkənlərdən biri də valideynlərim və müəllimim Şəfəq Şəfaqətovadır. Arxamda belə bir müəllim və valideynlər olduğu üçün çox şanslıyam. Qələbə sizinlə daha mənalıdır. Dəstəyiniz və inamınız üçün çox sağ olun!".
"Mən çox məsuliyyətli və intizamlı şagirdəm"
Şəhrizad Cavadlı Qobustan şəhər Aleksey Çernyayevski adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Bütün fənlərə maraq göstərdiyini deyən məktəbli humanitar fənləri xüsusilə sevir: "Mən altıncı sinifdə oxuduğum zaman Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında sertifikat almaqla böyük nailiyyətlərə doğru addım atmışam. Daha sonra RFM-də iştirak edib biologiya fənni üzrə rayon mərhələsini yüksək nəticə ilə keçmişəm, yarımfinalda 1 suala görə finala keçməmişəm. Amma ümidimi itirməmişdim və daha sonra marağı humanitar fənlərə yönəltdim. VIII sinifdə oxuyan zaman Respublika fənn olimpiadalarında tarix fənni üzrə iştirak etdim, təcrübəsiz olduğuma və 9-cu siniflərlə mübarizə aparmağıma baxmayaraq, bürünc medal mükafatçısı oldum. 2025-2026-cı ildə keçirilən Respublika fənn olimpiadalarında yenidən tarix fənni üzrə iştirak etdim və bu dəfə qızıl medal qazandım".
Şəhrizad həmçinin IX siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında iştirak edib və nəticəsinin 255 baldan yüksək olacağına, fərqlənmə attestatı alacağına ümid edir: "RFO-da iştirak etməyimin səbəbi əvvəlki məktəbim, yəni Qobustan rayonu Göydərə kənd ümumi orta məktəbinin tarix müəllimi Qənirə Abdürrəşidova müəllimin böyük dəstək və səyi nəticəsindədir. Tarix fənninə marağı da elə məndə Qənirə müəllim yaradıb. Mən çox məsuliyyətli və intizamlı bir şagirdəm, günün çox hissəsində dərslərimlə məşğul oluram. 1-ci yerdə olmaq çox qürurvericidir və mən bu qalibiyyətə görə özümlə fəxr edirəm. Qızıl medal alacağıma inanırdım, böyük həvəs və əzmlə çalışır, bu məqsəd uğurunda dayanmadan mübarizə aparırdım. Gələcəkdə beynəlxalq olimpiadalarda iştirak etmək, Kaliforniyada yerləşən Stanford Universitetində təhsil almaq əsas məqsədlərimdir".
Məqsədyönlü şagird rayonda və regionda keçirilən bir çox yarışların qalibi olub. Boş vaxtlarımda bədii kitablar oxumaq, retro musiqiləri dinləmək, voleybol ilə məşğul olmaq kimi hobbiləri var. Şagirdlərə məsləhəti odur ki, üzərlərində dayanmadan, daima mübarizə aparsınlar, uğur əldə edənədək məqsədlərindən əl çəkməsinlər: "Hər bir Azərbaycan gənci öz ölkəsini, rayonunu layiqincə təmsil etməlidir.
Mən də çalışıram ki öz rayonumun, ölkəmin layiqincə təmsil edim. Onu da qeyd edim ki, bu il final mərhələsində Şəfəq Şəfaqətova ilə də hazırlaşıb, onun təcrübələrini də öyrənmişəm. Lakin əsas yardımçım, mənimlə davamlı çalışan Vüsalə müəllim Cəbiyevadır. Mənə dəstək olduqları üçün valideynlərimə, müəllimlərimə minnətdarlığımı bildirirəm. Valideynlərimin hər ikisi müəllimdir. Müəllim ailəsindən olduğum üçün fəxr edirəm. Bir məlumatı da əlavə edim ki, mənə ilk təhsilimi elə anam verib, ibtidai sinif müəllimim anam Vüsalə müəllim olub. Uşaqlıqdan o məni təhsil almağa həvəsləndirib".
Məktəbli onu da əlavə edir ki, RFO-da qızıl medal qazanan şagirdlərə təklif olunan ixtisaslar arasında “Hüquqşünalıq” ixtisasının olması əsas arzularından biridir: "Qızıl medal qazanan şagirdlərin sayı azdır, bu şagirdlər olduqca istedadlı və bacarıqlıdır. Onların əziyyətinin qarşısında "Hüquqşünaslıq" ixtisasının əlavə edilməsini təklif edərdim".
"İsmayıllı rayonunun ilk VIII sinif qızıl medalçısıyam"
Ayla Pənahlı İsmayıllı şəhəri Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin VIII sinfində oxuyur. Biliyinə güvənən şagird müxtəlif intellektual yarışlarda iştirak edib və uğur qazanıb: "Tarix fənni tədris edilməyə başladığı ildən mənə çox maraqlı gəldi və bu fənni həvəslə oxudum".
Aylanın hədəfi növbəti illərdə də RFO-da qızıl medal qazanmaq və hüquqşünas olmaqdır: "Həmişə ən böyük xəyallarımdan biri RFO-da iştirak edib, qızıl medal qazanmaq idi. Və mən bu xəyalıma VIII sinif şagirdi olaraq nail oldum.
Qeyd edim ki, RFO-nun rayon (şəhər) mərhələsini 100%, yarımfinal mərhələsini isə 86.5 balla keçmişəm. Butün dərslərdə aktiv iştirak edirəm, bütün fənlərə marağım var, amma humanitar fənləri daha çox sevirəm. İsmayıllı rayonunun ilk VIII sinif qızıl medalçısıyam".
Uğurlu şagirdin devizi isə belədir: "Məqsədli olmaq, nə qədər yorulsan belə bu yoldan geri çəkilməmək".



