"Təbrikdən əvvəl səhvlərimizi müzakirə etdik” - Eyni mərkəzdə imtahan verən müəllim ailəsi 

24 İyun, 2026 - 15:20
"Təbrikdən əvvəl səhvlərimizi müzakirə etdik”

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin V günündə eyni imtahan mərkəzində sertifikasiya prosesindən keçən müəllim ailəsi yüksək nəticə əldə edib. 

“Azərbaycan müəllimi” hər iki müəllimlə söhbətləşib.  

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Pərviz Quliyev 2022-ci ildə MİQ müsabiqəsindən keçərək dərs deməyə başlayıb. Deyir ki, imtahana hazırlaşmaq üçün çox da imkanı olmayıb: 

“Vaxtım məhdud olduğundan ciddi şəkildə hazırlaşa bilməmişdim. İxtisas üzrə hər hansı çətinlik yaşayacağımı düşünmürdüm, lakin metodika hissəsi ilə bağlı müəyyən narahatlığım var idi. Çünki bu istiqamətdə hazırlıq imkanım məhdud olmuşdu.
İmtahandakı sualları ümumilikdə asan və orta çətinlik səviyyəsində qiymətləndirərdim. Çox çətin hesab etdiyim suallar olmadı. Bununla belə, metodika bölməsində bəzi suallar düşündürücü və bir qədər çaşdırıcı idi. İmtahanı qısa müddətdə başa vurdum. Təxminən bir saat ərzində bütün sualları cavablandırdım. Sonrakı vaxt ərzində isə cavablarımı yenidən nəzərdən keçirdim”.

Sertifikatlaşdırma imtahanında iştirak edəcək müəllimlərə isə tövsiyə edir ki, imtahana ciddi və məsuliyyətli şəkildə hazırlaşsınlar: 
“Sualların çətinlik səviyyəsi fərqli olduğuna görə yüksək nəticə əldə etmək istəyən hər bir müəllim hazırlığa xüsusi diqqət yetirməlidir. Məncə, sertifikatlaşdırma imtahanının əsas əhəmiyyəti müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, pedaqoji bacarıqlarının inkişaf etdirilməsi və özünüqiymətləndirmə imkanlarının genişləndirilməsidir. Bu baxımdan imtahanın keçirilməsini müsbət qarşılayıram. Hətta sertifikatlaşdırma prosesinin başlanmasını səbirsizliklə gözləyirdim və onun keçirilməsini vacib hesab edirdim.
İmtahanda 56 bal topladım. Düşünürəm ki, daha yaxşı hazırlaşsaydım, daha yüksək nəticə əldə edə bilərdim”.

İmtahanda iştirak edən bütün müəllimlərə uğurlar arzulayan Pərviz Quliyev deyir ki,  müşahidələrinə görə, imtahana ciddi hazırlaşan və bu prosesə məsuliyyətlə yanaşan müəllimlər uğurlu nəticə əldə edirlər:

“Bu proses həm müəllimlərin peşəkar inkişafı, həm də sosial rifahının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Mən də sevinirəm ki, sertifikatlaşdırma imtahanından uğurla keçdim. Eyni zamanda əməkhaqqına ediləcək əlavələrin ailəmin rifahına müsbət təsir göstərəcəyini düşünürəm”.

Yoldaşı ilə Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində imtahan verən müəllim deyir ki,  imtahan başa çatdıqdan sonra qarşılaşanda ilk olaraq bir-birlərindən topladıqları  balı soruşublar: 

“Maraqlıdır ki, əvvəlcə bir-birimizi təbrik etməkdən daha çox hansı suallarda səhv etdiyimizi, hansı məqamlarda çətinlik yaşadığımızı müzakirə etdik. Daha sonra isə bir-birimizi təbrik etdik.
Təbii ki, əldə etdiyimiz nəticələri uğurlu hesab etmək olar. Buna görə də sevindik, bir-birimizin sevincinə şərik olduq. Bu proses ərzində bir-birimizə dəstək olmağa çalışmışıq. Açığı, tədris baxımından çox kömək edə bilməmişik. Sadəcə, mənəvi dəstək göstərmişik. Hər zaman bir-birimizə inanmış, “biz bu işi bacaracağıq”, “yaxşı nəticə əldə edəcəyik”,- deyərək motivasiya vermişik. Hər ikimiz tarix müəllimi olduğumuz üçün bu, müəyyən mənada bizim üçün üstünlük sayıla bilərdi”. 

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin tarix müəllimi Turanə Quliyeva isə imtahandan 54 bal toplayıb.  

O, 2023-cü ildə müəllimlərin işə qəbulu imtahanında 58 bal toplayaraq müəllim kimi fəaliyyətə başlayıb. Deyir ki, müəllimlər imtahana ciddi şəkildə hazırlaşsalar, yüksək nəticələr əldə edə bilərlər: 
“İxtisas üzrə təqdim olunan sualları ümumilikdə asan və orta çətinlik səviyyəsində qiymətləndirərdim. Suallar diqqətlə oxunub təhlil edildikdə cavablandırılması mümkün olan tapşırıqlar idi. 
Tövsiyəm odur ki, hər bir müəllim sertifikatlaşdırma prosesinə məsuliyyətlə yanaşsın və hazırlığını planlı şəkildə qursun. Təbii ki, biz müəllim ailəsi olaraq bu müddət ərzində bir-birimizlə fikir mübadiləsi apardıq, müxtəlif mövzular ətrafında müzakirələr etdik və bir-birimizə dəstək olduq. Hesab edirəm ki, bu həmrəyliyin və qarşılıqlı dəstəyin uğur qazanmağımızda mühüm rolu olub.
Sertifikatlaşdırma imtahanında iştirak edən bütün müəllimlərə uğurlar arzulayıram. Mən də əldə etdiyim nəticədən dolayı sevincli və qürurluyam. İnanıram ki, əziyyət çəkən, bu prosesə ciddi yanaşan hər bir müəllim öz əməyinin qarşılığını görəcək”.