“Təhsil hər hansı dinin, ideologiyanın təbliğindən uzaq olmalıdır” – Əfsun Sucayev

12 Oktyabr, 2026 - 16:27
“Təhsil hər hansı dinin, ideologiyanın təbliğindən uzaq olmalıdır”

“Məktəblərdə geyim formalarının tətbiqini parlaq gələcəyimiz olan bugünün şagirdləri — sabahın alimləri, həkimləri, hakimləri, müəllimləri və digər peşə sahibləri, eləcə də onlara dərs deyən təhsilverənlər arasında sosial bərabərliyin qorunması, nizam-intizamın gücləndirilməsi və sağlam təhsil mühitinin formalaşdırılması istiqamətində atılan ən vacib addımlardan biri kimi dəyərləndirmək lazımdır”.

Bu sözləri “Azərbaycan müəllimi”nə açıqlamasında Kimya İnstitutunun direktorunun səlahiyyətlərini icra edən, kimya elmləri doktoru Əfsun Sucayev bildirib.

Onun sözlərinə görə, məktəblərdə vahid geyim qaydalarının tətbiqi haqqında Nazirlər Kabinetinin müvafiq qərarı ilə bağlı düşünərkən və ya danışarkən emosiyalara yer vermək yolverilməzdir: “Təəssüf ki, son günlər baş örtüyü (hicab) məsələsi ilə bağlı bəzi insanlar elə kəskin münasibət sərgiləyirlər, sanki Azərbaycanın adının yanında rəsmi olaraq “İslam Respublikası” kəlməsi qeyd edilib. Belə düşünənlər, ilk növbədə, bir dövlətin hüquqi əsasını, idarə olunma qaydalarını və ali qanunlarını müəyyən edən əsas qanun olaraq qəbul etdiyimiz Konstitutsiyanın əsas müddəalarına nəzər yetirməlidirlər. Hər dəfə xatırlatmaqda fayda var ki, ana qanunumuzun 7-ci maddəsində konkret qeyd olunur: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Burada dünyəvilik məsələsi diqqətdən kənar saxlanılmamalıdır. Çünki bu prinsip açıq qeyd edir ki, dövlət ilə din bir-birindən ayrıdır. Ölkəmizdə heç bir din məcburi din kimi müəyyən edilə bilməz. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Dövlət təhsili və ictimai həyat dini ideologiyadan asılı deyil, dünyəvi prinsiplərə əsaslanır”.

Ə.Sucayev qeyd edib ki, hər gün gözümüzün qarşısında ucalan, dalğalanan üçrəngli bayrağımızın rənglərində təəccəssüm olunan dövlət rəmzlərinə nəzər yetirməkdə də fayda var: “Diqqət edin: İslam sivilizasiyasına mənsubluğu və dini bağlılığı simvolizə edən yaşıl rəng nə türkçülüyü, azadlığı və geniş səmaviliyi əks etdirən mavi rəngdən, nə də müasirliyi, dünyəviliyi tərənnüm edən qırmızı rəngdən üstündür. Dövlətimizdə, ölkəmizdə yuxarıda qeyd olunan bütün dəyərlər, o cümlədən islami dəyərlər o biri dəyərlərlə bərabər səviyyədə tutulur, biri digərinə öncəlik vermir.

Bu qaydalar hər şeydən öncə məktəblilərin maddi vəziyyətindəki fərqlərin geyim vasitəsilə nəzərə çarpmasının qarşısını alır, uşaqlar arasında ayrı-seçkiliyi tam aradan qaldırır. Bu gün biz məktəblini baş örtüyündə sinfə buraxsaq, sabah imkanlı ailələrin övladlarını öz istəklərinə uyğun şəkildə bahalı geyimlər, üzərlərində qızıl-zinət əşyaları ilə sinfə daxil olmasına icazə verməliyik.
Bu yanaşma təkcə şagirdlər arasında sosial bərabərliyi təmin etmir. Yeni tətbiq olunan və əksəriyyətimizin arzuladığı, dəstəklədiyi qaydalar bütün diqqəti məktəbin başlıca vəzifələrinin yerinə yetirilməsinə yönəldə biləcək. Söhbət fərqli geyim tərzləri ilə yol verilə bilən diqqət yayındırıcı amillərin aradan qaldırılması ilə şagirdlərimizin birbaşa təhsilə və dərsə köklənməsinə kömək edəcək. O zaman məktəblilərimizin oxuduğunu anlama – mətni qavrama sahəsindəki ciddi problemləri də həll etmiş olacağıq”.

O vurğulayıb ki, məktəblərdə vahid geyim formasının tələb edilməsi, başqa sözlə, birbaşa və ya dolayısı yolla müəyyən dini rəmzlərin məhdudlaşdırılması məsələsi ən həssas hüquqi və sosial məsələdir: “Bunun iki tərəfi vardır. Bir tərəfdən dövlətin haqlı olaraq məktəblərdə sosial bərabərlik mühiti yaratmaq istəyi var, digər tərəfdən bir qrup insanlarımızın fərdi azadlıqların məhdudlaşdırıldığını iddia edərək, şəxsi maraqlarını, ümummilli maraqlardan üstün tutmaq istəyi var. Çox təəssüf ki, yeni tətbiq olunan qaydalara etiraz edənlər və bunu azadlığın məhdudlaşdırılması kimi qiymətləndirənlər məsələyə öz baxış bucaqlarından yanaşırlar və bunu fundamental insan hüquqları ilə əlaqələndirməyə cəhd edirlər. Müəyyən dini geyim bəzi insanlar üçün sadəcə geyim tərzi deyil, onların hətta inancının və kimliyinin ayrılmaz, məcburi bir hissəsidir. Belə olan halda onlar bu qərarı öz inancını sərbəst yaşamasına müdaxilə hesab edirlər. Onun bu cür düşünməsi şəxsi məsələsi ola bilər, amma ətrafa da bunu öz başa düşdüyü kimi qəbul etdirməyə çalışması yolverilməzdir. Çünki bu cür yanaşma arxasınca dindar ailələrin qız övladlarını təhsildən uzaqlaşdırmasına və ya onların mənəvi basqı altına alınması kimi ciddi sosial problemləri doğurur. Bu da şəxsən məqsədyönlü və uzaqgörən siyasət yürüdən dövlət başçısının məqsəd və məramlarına tam ziddir”.

Alim məsələnin digər tərəfinə də diqqət çəkərək bildirib ki, bu narazılıq daxildən qaynaqlanan məsələ deyil: “Bu zərərli ideologiya ölkə sərhədlərindən kənarda olan ayrı-ayrı mərkəzlər tərəfindən ancaq bir-biri ilə üzvi şəkildə əlaqələndirilmiş formada idarə olunur. Həmin güc mərkəzləri “sapı özümüzdən olan baltaların” əli ilə əvvəlcə “millətçilik”, indi də “dini ayrı-seçkilik” zərərli ideoloji təbliğatını işə salaraq, bununla cəmiyyətdə hakimiyyətə olan etimadı sarsıtmaq istəyirlər. Yaxşı bilirik ki, bir dövləti məhv etmək üçün onun elm və təhsilini zədələmək kifayət edir. Məktəblərimizdə şəxsiyyətin ilk formalaşması prosesi gedir. Onları qabacıl dünyəvi prinsiplər əsasında yetişdirmək gələcəyimizə etibarlı zəmanət vermiş oluruq. Dünyəvilik isə hər yerdə, hər vaxt hər kəsi öz fərqliliyi və inancı ilə birlikdə qəbul etməklə olmur”.

Bəs müasir dövrdə dünyəvi məktəb modeli necə olmalıdır?

Bu suala da aydınlıq gətirən Ə.Sucayev qeyd edib ki, müasir dövrdə dünyəvi məktəb modeli, ilk növbədə, elmi dünyagörüşünə əsaslanmalıdır, sonra dini və ideoloji tərəfsizliyi qoruyan elm-təhsil mərkəzi olmalıdır: “Sözsüz ki, təhsil prosesi hər şeydən öncə hər hansı bir dinin, məzhəbin və ya ideologiyanın təbliğindən tamamilə uzaq olmalıdır. Din məktəbdə yalnız tarixi, sosioloji və mədəni aspektdən, obyektiv bir fənn kimi öyrədilə bilər. Tədris proqramlarının, keçirilən fənlərin dili ağır olmamalıdır, hər biri sübuta yetirilmiş elmi faktlara, müasir kəşflərə və rasionallığa söykənməlidir.

İnandırım ki, belə olanda tətbiq etdiyimiz model təhsilanlara təkcə bilik, bacarıq verməyəcək, həm də fərdi müstəqil düşünmə və düzgün sərbəst qərarverməsində yardım edəcək azad düşüncə və tənqidi təfəkkür qabiliyyətinə malik şəxsiyyət kimi formalaşdıracaq. O zaman gələcəyin “Nobel mükafatçılarını” bizim məktəblərdə də yetişdirmiş olacağıq, daha başqa ölkələrinin bu mükafata layiq görülən alimlərinə həsəd aparmayacağıq”.

Ə.Sucayevin sözlərinə görə, məktəblər qərəzli ideoloji təsirdən qorumaq üçün təhsil sistemini milli dəyərlərə, yüksək rəqəmsal effektivliyə və effektiv psixoloji dəstək mexanizmlərinə əsaslanaraq genişləndirilməlidir: “Təhsil müəssisələrinin neytrallığını təmin etmək və şagirdlərin düşüncəsini dəstəkləmək üçün bütün vasitələrdən istifadə etməliyik. Düzgün təlim vasitəsilə şagirdlərimizə sosial mediada və internetdə rastlaşdıqları məlumatları təhlil etmək, manipulyasiyanı aldatmadan ayırd etmək bacarıqlarını aşılaya bilsək, sonra onlar gecəni gündüzdən, yalanı həqiqətdən, yaxşını pisdən ayırd edə biləcəklər.

Məktəblərdə sinif otaqları, ədəbiyyat və əyani vəsaitlər kənar ideoloji mesajlardan uzaq olmalıdır. Hər bir sahənin qapaqcıl ziyalıları ilə məktəblərdə şagirdlərlə görüşləri təşkil olunmalıdır, məktəblilərə müxtəlif mövzularda öz həyat təcrübələrinə əsaslanan məlumatverici söhbətlər və “ustad dərsləri” təqdim etməliyik. Ancaq məktəblərə kənardan dəvət olunan qonaqlar, ekspertlər və ya keçirilən seminarlar ciddi şəkildə monitorinq edilməli, onların gənclərə ötürəcəyi mesajların təhsil qanunvericiliyinə uyğunluğu yoxlanılmalıdır.

Əgər şagirdlərimizdə tənqidi düşüncə bacarıqlarını formalaşdırmaq istəyiriksə, subyektiv qavrayışlar və obyektiv faktlar arasındakı fərqləri anlamağa yönəlmiş metodologiyanı işləyib hazırlamalıyıq”, – deyə o bildirib.