Təhsil möhləti ilə bağlı yeni təkliflər: nələr dəyişə bilər?

1 İyul, 2026 - 12:37
Təhsil möhləti ilə bağlı yeni təkliflər: nələr dəyişə bilər?

Ali təhsil gənclərin peşəkar inkişafı və gələcək karyerası üçün mühüm mərhələ hesab olunur. Bu səbəbdən tələbələrə təhsil müddətində hərbi xidmətdən möhlət hüququnun verilməsi onların təhsil prosesini davam etdirməsinə imkan yaradır. Lakin bəzən bu, təhsilin hərbi xidmətdən yayınma vasitəsinə çevrilməsi ilə bağlı müzakirələrə səbəb olur. 

Bu mövzu ilə bağlı yaxın zamanda müsahibə verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov qeyd edib ki, bu gün təhsil möhlətlərinin əsasında xidmətdən yayınma da korrupsiyaya şərait yaradır:

"Biz bu məsələlərə son qoymalıyıq. Oxuyanlara nə lazımdırsa, dəstək verək. Həqiqətən də, xaricdə magistraturada, doktoranturada oxuyan, əziyyət çəkən, imtahanlar verənlər var ki, təhsil möhləti alır. Digəri isə arayış əsasında sadəcə vaxt və vəsait itirir".

Xidmət rəisi bildirib ki, bu mövzu ilə bağlı təkliflər artıq formalaşıb.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, məsələyə fərdi yanaşmaq lazımdır:

“Xarici universitetlərdə magistratura və doktorantura təhsili alanlara qanunla nəzərdə tutulmuş möhlət verilməli və onların vətənə savadlı kadrlar kimi qayıtmaları üçün şərait yaradılmalıdır”.

Deputat qeyd edib ki, digər tərəfdən kiminsə xaricdə aldığı təhsil şübhə doğurursa, yaxud magistratura və doktorantura müddətindən artıq təhsil alması ilə bağlı arayış gətirirsə, yoxlamalar keçirilməlidir:

“Vaxtında magistratura və doktoranturanı bitirməyənlər hərbi xidmətə çağırılmalıdır. Hesab etmirəm ki, bu məsələ kütləvidir, amma istənilən məsələyə qanun çərçivəsində və hər kəsin vətənə qarşı borcunu yerinə yetirmək öhdəliyi baxımından yanaşmaq lazımdır”.

Komitənin digər üzvü Samir Vəliyev isə “Azərbaycan müəllimi”nə qeyd edib ki, bu məsələ iki mühüm prinsip arasında tarazlığın qorunmasını tələb edir:

“Təhsil hüququnun təmin edilməsi və hərbi xidmət üzrə bərabərlik prinsipinin qorunması. Əgər təhsil möhləti həqiqətən təhsil alan şəxslər üçün nəzərdə tutulubsa, mexanizmdən formal şəkildə xidmətdən yayınmaq üçün istifadə edilmə həm ədalətsizlik yaradır, həm də korrupsiya riskini artırır. Buna görə də sistemin daha şəffaf və rəqəmsal əsasda qurulması daha məqsədəuyğundur”.

Deputatın sözlərinə görə, nəzərdə tutulan islahatlar elə aparılmalıdır ki, həqiqətən təhsil alan tələbələr zərər görməsin:

“Xüsusilə magistratura, doktorantura və beynəlxalq proqramlarda təhsil alan şəxslərin elmi fəaliyyətinin davam etdirilməsi dövlət üçün də faydalıdır. Buna görə də məqsəd təhsil möhlətini məhdudlaşdırmaq deyil, ondan sui-istifadə imkanlarını minimuma endirməkdən ibarət olmalıdır. Kifayət qədər vasitələr, imkanlar var ki, tətbiq olunduqda korrupsiya riskləri azaldıla bilər. Eyni zamanda hərbi xidmət sahəsində daha şəffaf və ədalətli mexanizm formalaşa bilər. Bu baxımdan, zənnimcə, elektron təsdiq sistemi tətbiq oluna, təhsil möhləti elektronlaşdırıla, lazımlı baza yaradıla, dövlət informasiya sistemləri üzərindən avtomatik möhlət hüququ verilə bilər. Eyni zamanda akademik göstəricilər də nəzərdən keçirilə bilər. Həmçinin xaricdə təhsil üzrə vahid monitorinq sistemi formalaşdırıla bilər. Xarici univerisitetlərdə təhsil alan şəxslərin akademik performansı, eləcə də onların həqiqətən də orada təhsil alıb-almaması müəyyən oluna bilər. Bu diplomatik nümayəndəliklər, beynəlxalq təhsil platformaları üzərindən həyata keçirilə bilər”.

S.Vəliyev qeyd edib ki, eyni zamanda müddətin dəqiq tənzimlənməsi üçün də platforma yaradıla bilər:
“Risk əsaslı yoxlamalar aparıla bilər. Kifayət qədər sadə mexanizmlər mövcuddur. Düşünürəm ki, bu istiqamətdə yeniliklər şəffaflığın təmin olunması, eyni zamanda korrupsiya risklərinin minimallaşması baxımından daha rəqəmsal və şəffaf əsaslı platformanın qurulmasına gətirib çıxaracaq”.