Təhsil tələbə krediti təhsilin keyfiyyətinə müsbət təsir göstərir - Bəhruz Əzimov
“Tələbə kreditləri mexanizmi tələbələrin təhsilə daha məsuliyyətlə yanaşmasına şərait yaradır. Belə ki, hər semestr müəyyən göstəriciləri təmin etməklə tələbələr kreditdən istifadə edə bilirlər ki, bu da onların daha yaxşı oxumasına stimul verir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.
Fondun İdarə Heyətinin sədri qeyd edib ki, kreditlərin gələcəkdə faizsiz olması, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq 25 və 50 faiz bağışlanma mexanizmlərinin mövcudluğu tələbələri daha yaxşı nəticə göstərməyə təşviq edir.
B.Əzimovun sözlərinə görə, bu mexanizm nəticə etibarilə Fondun fəaliyyətinin təhsilin keyfiyyətinə də müsbət təsir göstərməsinə səbəb olur və təhsilin keyfiyyətinin stimullaşdırılmasına xidmət edir. O bildirib ki, Fondun fəaliyyəti çərçivəsində həm qısa, həm də uzunmüddətli perspektivdə müəyyən gözləntilər və hədəflər mövcuddur və artıq qısa müddətdə bu istiqamətdə geri dönüşlər müşahidə olunmaqdadır.
“Artıq vətəndaş cəmiyyətindən və tələbələrdən bu geri dönüşləri almağa başlamışıq. Maddi imkanı olmadığı üçün ödənişli təhsilə qəbul olub təhsilini yarımçıq qoyan yüzlərlə, minlərlə gənc bu gün Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsilini davam etdirir və təhsildən imtina etmir”, – deyə o qeyd edib.
Fondun sədri əlavə edib ki, tələbələrin ixtisas seçiminə də bu mexanizmin müəyyən təsiri var. Belə ki, Dövlət İmtahan Mərkəzində topladıqları bala görə ödənişsiz ixtisasa deyil, sevdikləri ixtisasa ödənişli əsaslarla qəbul olan tələbələr də kredit aləti vasitəsilə seçim edə bilirlər.
Nəticə etibarilə, B.Əzimovun sözlərinə görə, qısa perspektivdə vətəndaş cəmiyyətindən və tələbələrdən dövlətin bu siyasətinə görə təşəkkür və müsbət rəylər artıq alınmaqdadır.


