Təhsil yolları Vətənin müdafiəsində birləşdi - Naxçıvan Müəllimlər İnstitutunun şəhid tələbələri

12 Noyabr, 2025 - 12:35
Təhsil yolları Vətənin müdafiəsində birləşdi

2016-cı ilin sentyabr ayı... Naxçıvan Müəllimlər İnstitutunda “Təhsildə sosial-psixoloji xidmət” və “Psixologiya” ixtisasları üzrə təhsil alan iki gənc... Kim bilərdi ki, illər keçəcək və eyni təhsil ocağının tələbələri olmaları ilə yanaşı, onları müqəddəs bir amal da birləşdirəcək. Və 2020-ci ilin sentyabr ayı.. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsi. Bu müharibədə Vətən üçün canlarından gecən iki cavan və iki şəhid.

“Azərbaycan müəllimi” Naxçıvan Müəllimlər İnstitutunun şəhid tələbələri Kamran Hüseynov və Ruhid İslamlı haqqında yazını təqdim edir. 

Kamran Hüseynov 1996-cı il avqustun 14-də Bakıda anadan olub. Bəhmən bəy və Sevda xanımın ailəsinin qız övladından sonra ikinci və son beşiyi olan Kamran həyatının ilk on ilini Naxçıvanda yaşayıb, ibtidai sinfi Naxçıvan şəhər 5 nömrəli orta məktəbdə oxuyub. Daha sonra Bakı şəhərinə köçdükləri üçün orta təhsilini paytaxtdakı “Zəkalar” liseyində davam etdirib və 2013-cü ildə orta məktəbi bitirib. 2013-2017-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunda “Təhsildə sosial psixoloji xidmət” ixtisası üzrə təhsil alıb. 

8 aylıq oğlunu anasına əmanət edərək döyüşə gedib

Onunla bağlı xatirələrini bizimlə bölüşən qrup yoldaşı Naxçıvan Qarnizon məktəbinin psixoloqu Dilbər Rüstəmova deyir ki, qruplarında 25 nəfər tələbə olub və onlardan kiminsə, bir-birini sevib ailə həyatı quracağı ağlına belə gəlməyib. Bəli, Kamran öz qrup yoldaşı Sənubərlə ailə həyatı qurub. O illəri isə Dilbər çox yaxşı xatırlayır: “Sən demə, Kamranın Sənubərə qarşı sevgisi hələ birinci kursdan başlayıb. Hiss edirdim ki, Sənubərin də Kamrana qarşı hissləri var. Amma hər ikisi utancaq idi. Kamran isə tam fərqli idi, təkcə Elxan adlı qrup yoldaşımızla danışıb gəzərdi. Çox təmkinli, sakit, tərbiyəli uşaq idi. 4-cü kursa artıq söz kəsdilər, əsgərlik vaxtı nişanlandılar. Əsgərlikdən sonra isə toyları oldu”.

Dilbər Kamranı bizə Sənubərin dilindən anladır: “Kamran hələ uşaqlıqdan fərqli  olub. Elə bütün şəhidlərimiz kimi, o da seçilmiş insanlardan idi. Hələ balaca vaxtından yazmağı, oxumağı böyük bacısından öyrənib. 4 yaşında ikən hərfləri oxumağı bacarıb. O deyirdi ki, hazırda cütlüyün yeganə övladı olan Arslanda da bu qabiliyyət var Kamran sakit, həm də tərs uşaq olub, körpəlikdən bu yana hər şey onun istədiyi kimi olmalı idi. Bu onun dəyişməyən və formalaşmayan xarakteri idi. Zahirən ağbəniz, uzun boylu, arıq oğlan idi. Hər zaman üstü-başı tərtəmiz olar, bir sözlə, səliqəli geyinərdi. Kamran həmişə dərsə vaxtında gələr, sinfin ən arxa sıralarında yerini alardı. Ağır təbiətli olduğu üçün çox vaxt uşaqlarla arasına məsafə qoyardı”. 

Dilbər Kamran və Sənubərin sevgisini əbədi yaşatmaq üçün bir kitab yazmağa qərar verib. Nəticədə “Kamran və Sənubər” adlı kitab yazıb: “Bir anlıq düşündüm ki, niyə də şəhid qrup yoldaşım haqqında kitab yazmayım? Kamranın həyat yoldaşı Sənubərlə danışdım və onun icazəsini aldım. Sənubər bu xəbərə çox sevindi. O mənə həyatını danışdı və yazmağa başladım. Kitaba onların dilindən bir-birlərinə şeirlər də əlavə elədim. Kitab çap olunanda heç kimə demədim. Amma paylaşımlarda institutdan gördülər və təqdimat oldu”. 

Kitabın üz qabığında Sənubərlə Kamranın şəkilləri, arxada isə məzarı başında oğlu ilə şəkli var. Kamran 8 aylıq oğlunu anasına əmanət edərək döyüşə gedib. Sanki “ömür bir kitaba bənzəyir” sözlərinin bir daha şahidi olursan. Xoşbəxt günlərdən, Kamransız günlərə. Şəhid yadigarının atasını yaxından tanımaq imkanı olmayıb, amma əminəm ki, onun qəhrəmanlıqlarını və Vətən uğrunda canından keçdiyini öyrəndikcə atası ilə qürur duyur. 

Kamran Hüseynov  1 oktyabr 2020-ci ildə 24 yaşında Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Kamran şəhid olanda ailəsi Naxçıvanda olub. Sənubər onu dəfninə çata bilməyib. Buna görə də hətta, bir neçə il Naxçıvana gəlməyə qorxub. “Sanki Naxçıvana gəlsəm, onu bir daha itirərəm” deyib.  
Bəli, Kamranda Vətənə olan məhəbbət, ailə məhəbbətinin önünə keçib. Bu onu göstərir ki, ona həm ailəsi,  həm də ikinci ailə olan doğma ali təhsil ocağı vətən sevgisini, Vətənin hər şeydən üstün olması fikrini aşılaya bilib.  

Kamranda uşaqlıqdan başlayan, tələbəlikdə böyüyən vətən sevgisi, hərbi xidmətdə olduğu illərdə daha da qabarıb ki, Vətən üçün yenidən döyüşə yollanıb. O illəri isə əsgərlik yoldaşı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli belə xatırlayır: “Bizim Kamranla tanışlığımız 2018-ci ildə hərbi xidmət zamanı olub. Xidmətdə olarkən yaxınlaşıb dostlaşmışdıq. Kamran çox sakit gənc  idi. Hər adamla münasibət qurmazdı. Mənim də diqqətimi də elə o xasiyyəti çəkmişdi. Kamran  komandirlərin verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetiridi. Çox tərbiyəli, mədəni bir insan idi. Sakit-səssiz kimləsə işi olmazdı”.
Kamran şəhid olmaq arzusuna çatsa da, kim bilir bəlkə də onun digər arzularını övladı yerinə yetirəcək. 

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Kamran Hüseynov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medallarə ilə təltif edilib. 

Sadə bir ailədən idi, amma unudulmayan qəhrəmanıq göstərdi
Digər haqqında danışacağımız şəhid Ruhid İslamlı isə 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində dünyaya göz açıb. 2000-ci il ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Evin tək oğlu olan Ruhid Bakıdakı 315 nömrəli tam orta məktəbdə təhsil alıb. 

O cüdo, kikboksinq, şutboksinq, qaydasız döyüş, cuicutsso, güləş, üzgüçülük, teakvondo, muay-tay kimi idman növləri ilə məşğul olub, bu sahədə dərəcələr alıb. Regional və respublika səviyyəli yarışlarda iştirak edərək I və II yerlərin qalibi olub.

Ruhid 2016-2020-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunda  psixologiya üzrə təhsil alıb, fəaliyyətini də bu sahədə davam etdirib. Təhsil aldığı müddət ərzində institutda Tələbə Gənclər Təşkilatının, eyni zamanda YAP Gənclər Birliyinin sədri kimi fəaliyyət göstərib. 

Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev deyir ki, Kamran da, Ruhid də onların sevimli tələbələri olub. Ruhidlə tanışlığını isə belə xatırlayır: “2016-cı ildə psixoloq ixtisasında təhsil alan tələbələrə dərs demək üçün auditoriyaya girdim. Gördüm ki, çəlimsiz, cılız bir tələbə balaca olmağına baxmayaraq ən arxa sırada oturub.  Onu qabaq sıraya çağırdım, axıra qədər də 320-ci otaqda birinci partada oturdu. Bu özü  balaca, ürəyi böyük olan Ruhid istedadlı, ünsiyyətcil gənc idi. Etiraf edək ki, o dövrdə informasiya-kommunikasiya texnologiyalarından tələbələrin çoxu istifadə edə bilmirdi. Ruhid isə bu sahədə həddindən artıq bacarıqlı idi. İnstitutda keçirilən bütün tədbirlərdə fəal iştirak edirdi. Ruhid işləri ilə bağlı çox vaxt dekanlıqda otururdu deyə biz bir yerdə işləyirdik. Özünün səs tonu, tembiri ilə tədbirlərdə aparıcılıq da edirdi”.

Ruhidə bir il də dərs deyən, dekan kimi isə 4 il rəhbərlik edən müəllim onun gələcəkdə yaxşı psixoloq olmaq arzusu ilə yaşadığını da bilirdi: “Burada oxuduğu müddətdə iki dəfə Bakıda psixoloqların kursuna getmişdi. Naxçıvanda da seanslar keçirirdi, insanlara psixoloji proseslərdə köməklik göstərirdi”.  

Rövşən Vəliyev Ruhid ilə sonuncu dəfə 2020-ci ilin iyul ayında danışdığını deyir: “Biz axırıncı dəfə iyulun 27-də danışdıq, mənə dedi ki, “hərbi xidmətə gedirəm. Nömrəm atamda olacaq, nə lazım olsa onunla danışarsan”.  Və 29-u hərbi xidmətə yola düşdü. Hərbi xidmətdə olduğu müddətdə təlimin bitməsini gözləməyərək sentyabr ayının ortalarında könüllü ərizə verərək, rabitəçi kimi döyüş bölgələrinə gedib. Ruhid yaxşı tələbə, ictimai fəal gənc oldu, amma təəssüf ki, diplomunu öz əlləri ilə ala bilmədi”.

Sevimli tələbəsinin şəhid xəbərini isə belə alıb: “Oktyabrın 6-da sinifləri yoxlayarkən o zaman dekan müavini olan Çapay Quliyev mənə dedi ki, zəng ediblər, Ruhid şəhid olub. Əvvəl inanmadıq, sonra tələbələr bir daha zəng elədi ki, doğru xəbərdir. Ruhid öz cəsarətini, gücünü döyüşdə göstərib və şəhidlik zirvəsinə yüksəlib. O sadə bir ailədən çıxan uşaq idi, amma unudulmayan qəhrəmanıq göstərdi”. 

Ruhid İslamlı Talış-Suqovuşan uğrunda döyüşlərdə 6 oktyabr tarixində Goranboyun Gülüstan kəndi yaxınlığında strateji əhəmiyyətli yüksəkliyə malik Çənlibel postunda qəhrəmancasına şəhid olub. Bakıda, Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, şəhid Ruhid Uğur oğlu İslamlı ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşcü" medalları ilə təltif edilib. Ruhidin bircə arzusu olub, bacısı kimi yaxşı psixoloq olmaq. Amma taleyin də öz yazısı var axı. Şəhidlik onun bu arzusunu yarımçıq qoysa da, elə bir zirvəyə yüksəlib ki, illər keçəcək, nəsillər yenə də onun qəhrəmanlığından, şücaətindən danışacaq. Çünki Ruhid Vətən uğrunda əziz canından keçib. Onun həyatı isə bugünkü gəncliyimiz üçün isə ən böyük həyat timsalıdır. 

Hazırda Naxçıvan Müəllimlər İnstitutunun “Təhsildə sоsiаl-psiхоlоji хidmət ixtisası” üzrə 2 kurs tələbəsi Selcan Əliyeva da Ruhidin təhsil aldığı adutoriyada oxuduğu üçün fəxr edir. Şəhid tələbə haqqında fikirlərini bizə belə anladır: “Vətən üçün can verən oğul, xalqın ölməz qəhrəmanıdır şəhid Ruhid İslamlı. O da bizim ixtisasda təhsil alırdı. Müəllimlərimiz bizə danışır ki, o təhsil aldığı müddətdə institutun bütün tədbirlərində və digər ictimai işlərində yüksək dərəcədə fəallıq göstərib. Öz bacarıq, qabiliyyətlərinə və fərdi keyfiyyətlərinə görə müəllimlərin, eyni zamanda tələbələrin dərin hörmət və sevgisini qazanıb. Mən də Ruhid kimi bir qəhrəmanla eyni ixtisasda təhsil aldığım üçün qürur duyuram. Bizim borcumuz təkcə onu yad etmək deyil, həmçinin onun ideallarını davam etdirməkdir. Naxçıvan Müəllimlər İnstitutunun fəxri olan Şəhid Ruhid İslamlının əziz xatirəsini yad edir, ruhu qarşısında baş əyirəm”. 

Bəli, indi onun təhsil aldığı 320-ci otaqda indi başqa tələbələr təhsil alır. Bu otaqdan kimlər gəlib gedib və gəlməyə də davam edəcək.  Onun qəhrəmanlıq yolu və təhsil aldığı müddətdə göstərdiyi fəallıq isə bu tələbələrin yoluna işıq salmağa davam edəcək. Bir zamanlar Ruhidə psixologiya fənnini tədris edən NMİ-nun baş müəllimi Kifayət Əhmədova da onu fəxrlə xatırlayır: “Nədənsə həmişə Ruhid İslamlı dedikdə bağrımda bir qəhər hiss edirəm. Onun şəhid olduğu xəbərini eşidəndə evdə qeyri-ixtiyarsız qışqırdığımı xatırlayıram. Gözlərimə inana bilmirdim, bəlkə yanılıram və səhv anlayıram deyə xəbəri qızıma göstərdim. Ruhid ucaldığı zirvəyə layiq oğullardan idi. Onun əxlaqı, davranışı, vicdanı, düşüncələri yaşına görə çox fərqli idi. Tələbəlik illərində qruplarına dərs dediyim müddətdə onda olan müsbət keyfiyyətləri, fərdi xüsusiyyətləri, özünəməxsusluğunu hiss etdiyim üçün ən sevdiyim tələbələrdən birinə çevrilmişdi. Ruhid müəllimləri, tələbə yoldaşları ilə düzgün davranış qaydalarını yaxşı bilirdi və əməl edirdi. Bu xüsusiyyətləri onu hamının sevimlisinə çevirmişdi. Çünki o bir psixoloq idi. Ruhid institutun ən faəl tələbəsi olduğu üçün mən onu tələbədən çox, həmkar kimi görürdüm. Onunla bağlı xatirələrimi sözlə daha yaxşı ifadə edə bilməsəm də, o, hisslərimdə, qəlbimdə, xatirəmdə sevimli tələbəm, vicdanlı insan, qürur duyduğum qəhrəman kimi qalacaq”.    

Müxtəlif talelər, müxtəlif ailələr və onları birləşdirən eyni zirvə - şəhidlik zirvəsi. Övladının birinci yaş gününü görə bilməyən ata, nakam sevgi və diplomunu özü ala bilməyən, arzusu yarımçıq qalan gənc. Hələ yaşacaqları çox şey vardı. Amma bir ömrə çox insana nəsib olmayan şəhidlik adını sığdıra bildilər. Elə bir ad ki, hər şeydən uca, hər şeydən alidir. Ali Baş Komandanın yumruğu ətrafında birləşən Kamran, Ruhid kimi gənclərimizin sayəsində indi biz qalib ölkənin qalib xalqı olaraq başı dik, alnıaçıq gəzirik. Bir zaman xəyaldan da uzaq olan torpaqlarımızda azad gəzir, doğma yurdun düşməndən təmizlənən təmiz havasını ciyərlərimizə çəkə bilirik.

Kamran, Ruhid və bütün şəhidlərimiz, haqqınızı halal edin, sizin haqqınız ödənməzdir...